Molla rejimi üçün son başladı – İrana "Ərəb baharı" mesajı

Molla rejimi üçün son başladı – İrana "Ərəb baharı" mesajı<span class="qirmizi"></span>

 

“İranda baş verənlərə baxın, görün nə edirlər, təsəvvür edin ki, heç kim onlara diqqət etmir”.

Teleqraf.com xəbər verir ki, bunu iranlı musiqiçi Fərnaz Ohadi “The Media Line”a açıqlamasında deyib.

Ohadi İranda baş verənlərə diqqət yetirilməyəcəyi təqdirdə molla rejiminin daha qroxunc əməllər törədəciyini bildirir: “Bizə lazım olan şey bu hökumətin indi etdiyindən daha pis şey etməsinin qarşısını almaq üçün İrana daim diqqət yetirməkdir”.

Ohadi qeyd edir ki, İran xalqı 1979-cu ildə molla rejimi hakimiyyəti ələ keçirəndən bəri - 43 ildir etiraz edir. Bununla belə, o vurğulayır ki, indiki etiraz dalğası öz miqyası və tələblərinə görə əvvəlkilərdən fərqlənir. Musiqçi İran xalqının ölkədə dəyişiklik tələb etdiyini söyləyir.

Ohadi molla rejiminin xalqı yorduğunu və bezdirdiyini deyir: “Etiraz edən kifayət qədər insan var. Çünki bununla başa düşürlər ki, artıq itirəcəkləri heç bir şey, gedəcəkləri heç bir yer yoxdur”.

Ohadi söyləyir ki, son 43 ildə kortəbii nümayişlər tez-tez baş verir və buna cavab olaraq rejim daha da aqressivləşir: “Onlar üçün insanları öldürmək, yox etmək və ya həbs etmək çox asan olub. Addımlarını hər dəfə daha da kəskinləşdirir”.

Buna baxmayaraq, Ohadinin sözlərinə görə, İran xalqı ilk dəfədir ki, dini rejimi dəyişməyə çağırır. O deyir ki, xalqın əsaslı dəyişiklik tələb etmək və bunun üçün etirazı davam etdirməkdən başqa çarəsi yoxdur: “Əgər təslim olsalar, rejim onları biçəcək. Yəni həyatlarından məhrum ola bilərlər”.

Ohadi deyir ki, molla rejiminin fərqli fikirlərə görə insanlara qarşı tətbiq etdiyi təzyiq və repressiyalar xalqı daha da qəzəbləndirib.

Geosiyasət və beynəlxalq təhlükəsizlik üzrə analitik Ramon Flores isə qeyd edir ki, xalq səkkiz həftədir molla rejiminə qarşı etirazını davam etdirir və bu, kifayət qədər böyük zamandır.

“İran hökuməti baş verənlərdən narahat olmalıdır. Çünki bu etiraz dalğası 2011-ci ildə başlayan “Ərəb baharı”na çox bənzəyir. Bu proses o zaman Tunisdə özünü yandıran Məhəmməd Buazizinin ölümü ilə başlamışdı. Bu etirazlar bir neçə Yaxın Şərq diktatorunu devirən qiyamlara çevrildi”, - ekspert deyir.

Flores hesab edir ki, İranda “Qadınlar, həyat, azadlıq” şüarı altında davam edən etirazlar təkcə məcburi hicabla bağlı deyil: “Bu etirazlar həm də İrandakı yoxsulluq, insan hüquqlarına hörmət edilməməsi və pis iqtisadi duruma görə artan sosial narazılığı əks etdirir”.

Floresin fikrincə, bu etirazlar hələlik rejimi dəyişməsə də, iranlıların həyatında müəyyən irəliləyişlərə səbəb olub: “İnternetdə və ya sosial şəbəkələrdə paylaşılan videolarda qadınların viral şəkildə hicablarını çıxardıqlarını görürük. Artıq İran hökuməti hicab taxmayan hər bir qadını həbs edə, cərimələyə və öldürə bilmir”.

Analitik kütləvi etirazların İrana qarşı qlobal narazılığı artırdığını da vurğulayır. O, bu kontekstdə dayanmış nüvə danışıqlarının İrana ağır təsirlərinə, eləcə də Ukraynaya qarşı müharibədə Rusiyaya verdiyi hücum dronlarına da diqqət çəkir.

“Bütün bunlar İran rejiminə qarşı üst-üstə yığılır və bu, qadın inqilabına güc verir”, - Flores söyləyir.

Mənbə: teleqraf.com