Hər ötən gün bizim ziyanımızadır - “Bədməramlılar” nəyə hazırlaşır? - ŞƏRH

Hər ötən gün bizim ziyanımızadır - “Bədməramlılar” nəyə hazırlaşır? - ŞƏRH<span class="qirmizi"></span>

“Düşmənin silahları işə düşərsə, yaxşı olmayacaq. Hesab edirəm ki, ölkə başçısı qəti qərarlar verməlidir. Hər ötən gün bizim ziyanımızadır”

Xəbər verdiyimiz kimi, Ermənistan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə silah-sursat və hərbi texnika daşıyır.

Bu məlumatı DTX rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski də təsdiqləyib. Bundan əlavə, noyabrın 22-si erməni silahlı dəstəsinin üzvləri Şuşa və Tərtəri də atəşə tutub. Bütün bunlar Ermənistanın regionda sülh tərəfdaşı olmadığının göstəriciləridir.

Bu fəaliyyətlər müharibə ilə nəticələnə bilərmi? Ermənistan yeni təxribatlara əl atacağı gözləniləndirmi?

Məsələ ilə bağlı

ehtiyatda olan zabit, hərbi jurnalist Üzeyir Cəfərov Bakupost.az -a danışıb.

O, Ermənistanın hazırlıqlarına cavab reaksiyası olaraq qəti addımlar atılmalı olduğunu qeyd edib:

“Ermənilərin təxribatı 2021-ci ildən bu günə qədər davam edir. Artıq anti-terror əməliyyatının vaxtı çoxdan yetişib. Biz gecikməməliyik. DTX rəisinin birinci müavini Ceyhun Şadlinskinin səsləndirdiyi fikirlər o anlama gəlir ki, artıq Azərbaycanın səbri tükənib. Əvvəl avtomat silahlar, minalar daşıyırdılar. İndi isə ağır texnika daşıyırlar. O texnika ora muzey, yaxud parad üçün daşınmır. Şuşa, Laçın və yaxın ərazilərə zərbə endirmək üçün daşınır. Ona görə Azərbaycan, Rusiya, Fransa və Amerikaya baxmadan addımlar atmalıdır. Əks təqdirdə şəhid və itkilərimiz qaçılmazdır. Buna yol vermək olmaz. Dünən axşam saatlarında Dövlət Müdafiə Nazirliyi Rusiya “bədməramlılarına” xəbərdarlıq etdi ki, Azərbaycan toponimlərindən düzgün istifadə edin. Onlara sülhməramlı yox, bədməramlı deyirəm, çünki əməlləri bəddir. Neçə aydır ki, Azərbaycan MN, XİN bəyanat verir. Amma onlar özlərini qanmazlığa qoyub “Stepanakert”, “Dağlıq Qarabağ” yazırlar. Biz özümüzü son dərəcədə humanist aparırıq. Amma görün Azərbaycan üçün nələr hazırlanır. Şuşaya atəş açmaq birbaşa bizim qeyrətimizə, namusumuza sataşmaq cəhdidir”.

Ü.Cəfərov hesab edir ki, proseslər dərinləşmədən rəsmi Bakı sərt addımlar atmalıdır:

“Rusiya Xankəndidə referendum keçirməyə hazırlaşır. Vardanyan kimi yaramazı göndərirlər, hoqqabazlıqla məşğuldurlar. Bir naziri çıxarıb, o birini qoyurlar. Dünyanı da belə bir qondarma qurumun mövcudluğuna öyrəşdirirlər. Moskva heç vaxt Azərbaycana qarşı səmimi olmur. Belə olsaydı, 2020-ci ildə imzalanan sənədin müddəalarına hörmətlə yanaşardı. Ermənistanla nə planı varsa, özü bilər. Əsas xətası bizdən uzaq olsun. Moskva dünyanı zəiflətmək istəyir. Bu gün Ukraynanın 70 faizi elektrik enerjisiz qalıb. Dünya Rusiyanın hegemonluq cəhdlərinin qarşısında acizlik nümayiş etdirir. Biz öz dövlətimizin maraqları çərçivəsində addım atmalıyıq. DTX deyirsə, ağır texnika daşınır, bu artıq təhlükəli bir məsələdir. Ermənistan heç bir halda regionda sülhə maraqlı deyil. Məsələ kökündən həll olunmalıdır. Ərazilərimizdə quruculuq işləri gedir. Düşmənin silahları işə düşərsə, yaxşı olmayacaq. Hesab edirəm ki, ölkə başçısı qəti qərarlar verməlidir. Hər ötən gün bizim ziyanımızadır”.

 

Aynur

BakuPost

Mənbə: www.bakupost.az