Afrikada Fransa əleyhinə aksiyalar səngimir

Afrikada Fransa əleyhinə aksiyalar səngimir<span class="qirmizi"></span>

Fransanın keçmiş müstəmləkə ölkələri Nigeriya, Burkina Faso və Malidə anti-Fransa müxalifəti güclənir və bu şəkildə təşkil edilən küçə nümayişləri sürətini azaltmadan davam edir.

Bizimyol.info xəbər verir ki, Fransa uzun illər Qərbi Afrikada müstəmləkə dövləti kimi hökm sürsə də, 1960-cı illərdə qitə ölkələrinin müstəqillik qazanması ilə bölgədəki hökmranlığı azalıb. Fransa prezidenti Emmanuel Makron Fransanın qitədə getdikcə zədələnmiş imicinə görə məsuliyyət daşıyan Rusiya, Çin və Türkiyəni göstərsə də, Afrikada fransız əleyhinə əhval-ruhiyyənin tarixi 1980-ci illərə gedib çıxır.

Şübhəsiz ki, Qərbi Afrikada "anti-fransız" ideyasının ən konkret əsasları 1980-ci illərdə Burkina Fasonun əfsanəvi lideri Tomas Sankara tərəfindən qoyulmuşdur. Antiimperialist çıxışları ilə tanınan Sankaranın 1986-cı ildə paytaxt Vaqaduquya səfər edən Fransanın o vaxtkı prezidenti Fransua Mitterana müstəmləkə dövrü ilə bağlı tənqidlər səsləndirməsi və Mitteranın Sankaraya reaksiyası Afrika ilə Fransa arasında ilk ciddi “soyuqluq” olub.

2021-ci ildə bölgənin ən sabit ölkəsində gözlənilmədən Fransa əleyhinə olan insanlar küçələrə çıxıb. 2021-ci ilin martında Seneqalda müxalifət lideri Ousmane Sonkonun həbsi ilə başlayan küçə hadisələri, qəzəb birdən-birə Fransız iş yerlərinə keçib.

Əlavə edək ki, Sonko təcavüz ittihamı ilə saxlanılsa da, tərəfdarları onun "anti-fransız" fikirlərinə görə həbs edildiyini bildirirlər.

Eyni dövrdə Fransanın Saheldəki uğursuz hərbi əməliyyatları, 2020-ci ildən etibarən Mali və Burkina Fasoda ardıcıl çevrilişlər Fransanın onsuz da pis olan imicinə daha da xələl gətirib.

2021-ci ildə çevrilişlə hakimiyyətə gələn prezident Assimi Goita tərəfindən Malidəki Fransız hərbi varlığının sorğulanması da oxları yenidən Fransaya yönəldib. Mali terrorla mübarizədə Rusiya ilə yaxınlaşarkən, xalq Fransanın Malidən çıxması üçün aksiyalar təşkil etməyə başlayıb.

Bu hərəkətlər təkcə Maliyə deyil, Fransanın hərbi bazalarının olduğu Niger və Burkina Fasoya da sirayət edib. Saheldə vaxtaşırı "Fransanın bölgədən əlini çəkməsi üçün" təşkil edilən aksiyalar Malidəki çevrilişdən sonra daha geniş kütlələrə çatıb.

Maraqlıdır ki, hər üç ölkədə keçirilən etiraz aksiyalarında oxşar pankart və diskurslardan istifadə olunub. Fəallar öz ölkələrinin bayraqları ilə yanaşı, Rusiya bayraqları və fransızca “France degage” yazısı olan plakatlar da gəzdirirlər.

Leyla Mirzə, Bizimyol.info

Mənbə: www.bizimyol.info