İrəvanda KTMT sammiti, Bakıda NATO günləri... - Qalustyan

İrəvanda KTMT sammiti, Bakıda NATO günləri... - Qalustyan<span class="qirmizi"></span>

Avropa Parlamenti Rusiyanın terrorizmin sponsoru olan ölkə kimi tanınmasına dair qətnamə qəbul edib. Daha əvvəl ABŞ Senatında Rusiya Federasiyasının terrorizmin sponsoru kimi tanınması barədə qanun layihəsi təqdim edilmişdi. İrəvan ABŞ-a, bütün Avropaya və Ukraynaya Ermənistanın Rusiyanın hərəkətlərini dəstəkləmədiyini və Kremlin ideyalarını paylaşmadığını çox uzun müddət izah etməli olacaq. Ümumiyyətlə, bunu etmək Ermənistan üçün çox çətindir. Çünki Ermənistan rəsmi olaraq Rusiyanın strateji müttəfiqi statusuna malikdir. Bu ölkənin ərazisində Rusiyanın hərbi bazası var, sərhədini rus sərhədçilər qoruyur.

Axar.az xəbər verir ki, bu fikrləri tanınmış erməni siyasi şərhçi Qraçya Qalustyan bölüşüb.

“Avropa Parlamentinin Rusiyanı terrorizmin sponsoru kimi tanıdığı və Rusiyanın Ukrayna ərazisinə növbəti güclü raket zərbələri endirdiyi gün İrəvanda KTMT-nin sammiti keçirilirdi. Rusiya Prezidenti Vladimir Putin öz ölkəsi üçün bu biabırçı gündə paytaxtımızda oldu. Onun üçün dünyada terror dövləti sayılan Rusiyanın müttəfiqlərinin olduğunu göstərmək vacib idi. Üstəlik, KTMT-nin himayəsi altında növbəti sammitin İrəvanda keçirildiyi gün NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali qərargahının nümayəndələri “NATO günləri” çərçivəsində Azərbaycanda səfərdə idilər.

Yəni Azərbaycan NATO-ya yaxınlığını bütün dünyaya xatırlatdığı bir gündə Ermənistan Rusiyanın zurnası ilə hərəkət edən KTMT-nin tədbirini keçirdi. Bütün bu işlərdən zərbəsiz çıxmaq Ermənistan üçün çox çətin olacaq.

Belə çıxır ki, Bakı növbəti dəfə İrəvanı siyasi masada məğlub etdi. Ermənistan isə zərbənin haradan gələcəyini heç bilmir – Moskvadan və yaxud Qərbdən...” - deyə o bildirib.

Mənbə: axar.az