Qazanılan uğurların əsasında YAP-ın siyasi kursu dayanır

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Partiya Sədri, Prezident cənab İlham Əliyev Partiyanın yaranma səbəbləri və keçdiyi tarixi yoldan bəhs etdi. Ölkə başçısı qeyd etdi ki, müstəqilliyin ilk illərində ölkənin və xalqın çətin günlər yaşadığı bir vaxtda Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Partiyanın banisi, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev Azərbaycanı qısa zaman ərzində o dövrdə yaranan bütün problemlərdən xilas etmiş və ölkədə sabitliyi təmin etmişdir. Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi düşünülmüş siyasəti ilə müstəqil Azərbaycanı davamlı inkişaf edən ölkəyə çevirmişdir. Həyat və fəaliyyəti bir fədakarlıq nümunəsi olan Ulu Öndərin əsas amalı, siyasi vəsiyyəti Qarabağ probleminin həlli olmuşdur. Ümummilli liderimizin layiqli davamçısı, Partiyamızın Sədri cənab İlham Əliyev ölkə başçısı olaraq Qarabağ probleminin həllini siyasi fəaliyyətinin əsası kimi müəyyənləşdirmiş və bu hədəfə doğru irəliləmişdir. Nəhayət, 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan torpaqlarımızın azad edilməsi üçün əmr verdi və Azərbaycan Ordusu öz müqəddəs missiyasına başladı. Xalq-iqtidar-ordu bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. 8 noyabr 2020-ci il tarixdə qazandığımız möhtəşəm Zəfərin nəticəsi olaraq bu gün həm Azərbaycan vətəndaşları, həm də bütün dünya azərbaycanlıları başını dik tuta bilir. Artıq yeni dövr yaşayan müstəqil Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Prezident cənab İlham Əliyevin nitqində əsas istiqamətlərdən biri də müstəqil Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasət kursu və onun ölkəmizə bəxş etdiyi nəticələr haqqında idi. Partiya Sədri, ölkə başçısı cənab İlham Əliyev öz çıxışında bildirdi ki, Azərbaycanın beynəlxalq mövqeləri böyük dərəcədə möhkəmlənib. Ölkəmiz yüksək nüfuza malik beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Belə ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü, Qoşulmama Hərəkatının sədridir. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti vardır. Hətta Azərbaycanın üzv olmadığı təşkilatlarda da dostlarının sayı az deyil. Ölkəmizin xarici siyasət kursundan bəhs edərkən ölkə başçısı qeyd etdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında ölkəmizin dostları Ermənistanınkından daha çoxdur. Ermənistan böyük təxribata əl ataraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatın xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq və faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəsə də onun məkrli niyyəti baş tutmadı. Çünki təşkilatın üzvləri bu təxribata getmədilər.Prezident cənab İlham Əliyev bu mövzuda daha bir fakta diqqət çəkdi. Belə ki, ölkəmizin üzv olmadığı, amma Ermənistanın üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Fransa tərəfindən Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılıbmış. Lakin həmin təşkilatda ölkəmizə dost olan ölkələrin səyi nəticəsində anti-Azərbaycan fəaliyyətin qarşısı alınmış və Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Təbii ki, bütün bu qazanılan uğurların əsasında Yeni Azərbaycan Partiyasının siyasi kursu dayanır.

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

 

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Fərhad Əhmədovun şirkəti məhkəməyə verildi

SONRAKI XƏBƏR

Azərbaycanlı alim Əlcəzairdə keçirilən beynəlxalq konfransda çıxış edib