Prezidentin ADA-dakı çıxışının şifrələri: Azərbaycanın gələcək geostrateji hədəfləri bəllidir - TƏHLİL

Prezidentin ADA-dakı çıxışının şifrələri:  Azərbaycanın gələcək geostrateji hədəfləri bəllidir - TƏHLİL<span class="qirmizi"></span>

 

“Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Dövlətimizin başçısı bildirib: “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

Ölkə başçısının bu açıqlamalarını şərh edən politoloq Elxan Şahinoğlu söylədi ki, Prezident İlham Əliyev bugünkü çıxışında İran və bu ölkədə yaşayan azərbaycanlılarla bağlı mövqeyini daha konkret şəkildə izah etdi.

Elxan Şahinoğlu

“Birincisi, İranın bundan əvvəlki üç prezidenti ilə normal işlədiyini və heç zaman münasibətlərin indiki kimi gərginləşmədiyini deyən İlham Əliyev Tehranın hədələrinə adekvat cavab veriləcəyini, sərhəddə hərbi təlimlərə hərbi təlimlərlə cavab verəcəyini bildirdi. Bununla İlham Əliyev İranın hazırki prezidenti İbrahim Rəisinin siyasətindən narazı qaldığını və onun normal münasibətlərin üstündən xətt çəkdiyini anlatdı. İkincisi, “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir” deyən İlham Əliyev Tehranla münasibətlərin gələcək istiqamətini göstərdi. Yəni Tehranın Azərbaycanla münasibətlərinin normallaşdırması az olacaq, İranda yaşayan azərbaycanlıların hüquq və azadlıqları, ana dilində tədrisi təmin etməlidir. Bunu etmədən İran-Azərbaycan münasibətlərinin normallaşmasını gözləmək mümkün deyil. İndiki Tehran rejimisi isə bunların heç birini etməyəcək”.

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə Metbuat.az-a açıqlamasında vurğuladı ki, konfransda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın gələcək geostrateji hədəflərini aydın şəkildə ifadə etdi.

Elnur Kəlbizadə

“Cənab Prezidentin çıxışından xüsusən üç məqam diqqəti cəlb edirdi. Birincisi, Azərbaycanın dövlət başçısı bizimlə təhdid dili ilə danışmağın mümkünsüz olduğunu aydın ifadə etdi və buna cəhd edən Fransaya yerini göstərdi. Azərbaycanın ədalətli mövqeyi ilə razılaşmayanların Cənubi Qafqazın qapısında belə yeri olmayacağını göstərdi. İlham Əliyev müharibə dövründə Azərbaycana qarşı istifadə olunan silahların, Azərbaycan ərazilərinə atılan raketlərin adlarını qeyd etdi, onlardan bəzilərinin istehsalçı ölkələr tərəfindən ixrac üçün nəzərdə tutulmadığını dedi. Beləliklə, Azərbaycanın proseslərdən kifayət qədər xəbərdar olduğunu göstərdi. İran və bu ölkədəki azərbaycanlılar məsələsi diqqəti cəlb edən ikinci məsələ idi. Azərbaycan Prezidenti öncəki İran prezidentləri ilə hazırkı prezidentin fəaliyyət dövrləri arasında fərqi qeyd etdi. Əslində bu İran dövlətinin hazırda düşdüyü böhrandan çıxış üçün düstur da hesab edilə bilər”.

Elnur Kəlbizadə qeyd etdi ki, qatı mühafizəkar mövqe, yenilikləri qəbul edə bilməmək İran üçün həm daxili, həm də xarici siyasətdə böyük uğursuzluqlar vəd edir.

“Üçüncü məqam isə gürcüstanlı tədqiqatçının sualına cavabda əksini tapmışdı. Dövlət başcısı Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq planlarını, regional inteqrasiyanı pozan tərəfin Ermənistan olduğunu faktlarla göstərdi. Eyni zamanda Ermənistan olmadan da Azərbaycan və Gürcüstanın çox yaxşı əməkdaşlıq platforması formalaşdırdığını dedi”.

Gülbəniz Hüseynli / Metbuat.az

 

 

Mənbə: metbuat.az