Meksika Kolumbiya hakimiyyəti ilə üsyançılar arasında danışıqlara qarant olmağa razılıq verib

Meksika Kolumbiya hakimiyyəti ilə üsyançılar arasında danışıqlara qarant olmağa razılıq verib<span class="qirmizi"></span>

Bakı, 26 noyabr, AZƏRTAC

Meksika rəsmi Boqota ilə solçu radikal "Milli Azadlıq Ordusu" (ELN) qruplaşması arasında sülh danışıqları prosesinin qarantı olmaq barədə Kolumbiya hakimiyyətinin təklifini qəbul edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat Meksika hökumətinin saytında dərc olunub.

“Meksika Kolumbiya hökuməti ilə “Milli Azadlıq Ordusu” arasında dialoqun təminatçısı olmaq dəvətini qəbul edib”, - deyə məlumatda bildirilib.

Bundan əvvəl Kolumbiya hökuməti və üsyançılar Braziliya, Meksika və Çilini sülh danışıqlarında qarant olmağa dəvət etmək barədə razılığa gəlib. Hazırda qarant ölkələr qismində Venesuela, Kuba və Norveç iştirak edir. Vasitəçilər, həmçinin Almaniya, İspaniya, İsveçrə və İsveçi “dialoqu müşayiət edən ölkələr” kimi sülh prosesində iştiraka dəvət edib. Bundan başqa, Kolumbiya hakimiyyəti danışıqlara ABŞ-dan xüsusi nümayəndənin göndərilməsi imkanını diplomatik kanallar vasitəsilə müzakirə edir.

Oktyabrın əvvəlində Kolumbiya Prezidenti Qustavo Petro hökumətlə ELN qruplaşması arasında sülh dialoqunu bərpa etmək barədə razılıq əldə olunduğunu elan edib. Danışıqların birinci raundu noyabrın 21-də Venesuelanın paytaxtı Karakasda baş tutub.

2016-cı ilin noyabr ayında hökumətlə “Kolumbiya İnqilabçı Silahlı Qüvvələri” arasında sülh müqaviləsi imzalandıqdan sonra təxminən 1,5 min üzvü olan “Milli Azadlıq Ordusu” ölkədə fəaliyyət göstərən yeganə üsyançı qrupa çevrilib.

Mənbə: azertag.az