Qarabağda bərpa-quruculuq işləri çox sürətlə davam edir - Ferhat Pirinçci

Qarabağda bərpa-quruculuq işləri çox sürətlə davam edir - <span class="qirmizi">Ferhat Pirinçci</span>

Dünən ADA Universitetində Prezident İlham Əliyevin bizi qəbul etməsi çox mühüm idi. İki saatdan çox davam edən görüşdə sadəcə Azərbaycanla əlaqəli yox, region və dünya ilə bağlı çox dəqiq mesajlar verildi.

Bunu bu gün Ağdama səfər çərçivəsində Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun böyük tədqiqatçısı Ferhat Pirinçci Trend-ə açıqlamasında deyib.

"Bu mesajlara baxdığımız zaman ən mühümü postmünaqişə dövründəki fəaliyyətlə bağlı idi. Prezident İlham Əliyevin Türkiyə və Azərbaycan münasibətləri barəsində də açıqlamaları iki dövlətin əlaqələrinin nə dərəcədə sıx olduğunu göstərir", - deyə o bildirib.

Qarabağda aparılan işlərdən bəhs edən F.Pirinçci bu ərazilərin çox sürətlə inkişaf etdiyini vurğulayıb.

"Ötən il Şuşaya səfər etmişdim. Bu gün isə Ağdamdaydıq. Qarabağda bərpa-quruculuq işləri çox sürətlə davam edir. Zəngilan və Füzuli hava limanlarının qısa müddətdə açılması da bunun göstəricisidir. Başqa bir məqam isə mina problemidir. Bu problemin qısa müddətdə həll edilməsi, təhlükəsizliyin təmin edilməsi və insanların öz doğma torpaqlarına qayıtması üçün Qarabağda sürətli işlər aparılır", - deyə o vurğulayıb.

Qeyd edək ki, Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfrans iştirakçılarının Ağdama səfər edib.

Xatırladaq ki, ötən gün Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Mənbə: news.milli.az