RUSİYANIN DONDURULAN 300 MİLYARDI NECƏ OLACAQ? – “Avropa Birliyi yeni cinayət qanunu çıxarmağa çalışır”

RUSİYANIN DONDURULAN 300 MİLYARDI NECƏ OLACAQ? – “Avropa Birliyi yeni cinayət qanunu çıxarmağa çalışır”<span class="qirmizi"></span>

“Brüssel Rusiya aktivlərinin müsadirəsi uğrunda ağır döyüşlərə başlamaq ərəfəsindədir”

Rusiya Ukraynaya hücum edəndən sonra bu ölkənin Mərkəzi Bankının Avropadakı 300 milyard dollara yaxın valyuta ehtiyatı Avropa Birliyi tərəfindən dərhal donduruldu. Bundan sonra həmin pulların Ukraynanın müharibə nəticəsində dağıdılmış infrastrukturunun bərpasına yönəldiməsi təklifləri səslənməyə başladı. Hazırda Avropa Komissiyası Rusiyaya məxsus mülklərin və Mərkəzi Bankın valyuta ehtiyatının müsadirə olunmasının hüquqi yollarını axtarır. Hesab edilir ki, Avropa Birliyi öz məqsədinə nail olmaqdan ötrü yeni qanunlar çıxarmağı planlaşdırır.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “Politico” internet portalı “Brüssel Rusiya aktivlərinin müsadirəsi uğrunda ağır döyüşlərə başlamaq ərəfəsindədir” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. Həmin məqaləni təqdim edirik: “”Politico”nun əldə etdiyi məlumatlara görə, Avropa Komissiyası Ukraynanın dağılmış infrastukturunun bərpasına çəkilən xərclərin ödənilməsi üçün Rusiyanın dövlət və özəl maliyyə aktivlərinin müsadirə edilməsinin mümükün hüquqi variantlarını öyrənir.

Rusiya Mərkəzi Bankının dondurulmuş 300 milyardlıq aktivləri və həmçinin Avropa Birliyinin sanksiya siyahısına salınmış rusiyalı fiziki və hüququ şəxslərin gəlirləri potensial “mükafat” təşkil edə bilər. Belə bir ideya hələ may ayında irəli sürülmüşdü və bu, Ukrayna, Polşa, Slovakiya və Baltik ölkələri tərəfindən dəstəklənmişdi.

Oktyabr ayında Avropa Birliyi liderləri Avropa Komissiyasına sanksiyalar üzündən dondurulmuş Rusiya aktivlərinin həbs edilməsinin hüquqi yollarının mümkünlüyünü araşdırmağı tapşırıb. Amma məsələ ondadır ki, hal-hazırda Rusiya aktivlərinin müsadirə edilməsi üçün qanuni mexanizm yoxdur və bunu hələ may ayında ABŞ Maliyyə naziri Canet Yelen söyləmişdi.

“Hughes Hubbard & Read” beynəlxalq hüquq -konsaltinq şirkətinin hüquqşünası Yan Dunin Vasoviç deyib: ”Ola bilər ki, beynəlxalq hüquqa görə, Avropa Birliyində dondurulumuş aktivlərin qanuni müsadirəsi üçün hansısa üsul var, ancaq bu, hədsiz çətin, uzun və naməlum yoldur”.

Yəni, ümumiyyətlə, Avropa Komissiyasının bu məsələyə baxmasına nəsə mane ola bilməz. O ki qaldı sanksiyaya məruz qalmış şəxslərin və təşkilatların aktivlərinə, Brüssel müsadirəni asanlaşdırmaq üçün Avropa Birliyi cinayət hüququnda istisnaya yol verilməsi təklifini hazırlayır və yalnız bu, həmin şəxslər və ya təşkilatların hər hansı cinayət işində ittiham edilməsi təqdirində keçərli sayıla bilər.

Hətta, əgər bu cür istisnaların tətbiqinə başlansa belə, onda hər belə bir işə məhkəmədə ayrı-ayrı baxmaq lazımdır. Bu isə illərlə vaxt tələb edir.

Rusiyanın Avropadakı aktivlərinin əksəriyyəti xarici investisiya hesab edilir və onlar kompensasiya edilməyən ekspropriyasiyadan müdafiə olunurlar.

Aktivləri müsadirə edən orqan mülkiyyət sahibləri ilə Ukraynada gedən müharibə arasında əlaqə tapmalıdır, ortada kəsərli dəlil sübut olmalıdır.

“Amsterdam Universiteti”nin beynəlxalq iqtisadi hüquq və dövlət idarəetməsi üzrə professoru Stefan Şill deyib: ”Proporsional qərarın təmin edilməsi üçün məhkəmə həmin şəxslərin gerçək sahibkar olduğunu, eləcə də onların müharibə ilə hər hansı əlaqəsinin olub-olmadığını diqqətlə araşdırmalıdır. O ki qaldı Rusiyanın ən böyük kredit maliyyə müəssisəsi olan Mərkəzi Bankın dondurulmuş valyuta ehtiyatlarına, Avropa Birliyinin yüksək vəzifəli məmurları həmin sənəddə yazırlar ki, “belə müəssisələr immunitetə malikdirlər”.

Onlar bunu deməklə, BMT-nin xarici dövlətlərin hüquqi immuniteti və mülkiyyəti barədə 2004-cü ildə qəbul etdiyi, lakin hələ də qüvvəyə minməyən konvensiyasına söykənirlər.

Burada söhbət Rusiya Fedrasiyasının da 01.12.2006-cı il tarixində imzaladığı BMT Baş Assambleyasının 2 dekabr 2004-cü il tarixli 59/38 №- qətnaməsinin qəbulundan gedir. Bu qətnaməni aparıcı Avropa dövlətləri də daxil olmaqla 28 dövlət imzalayıb. Qətnamənin işə düşməsi üçün isə onun 30 iştirakçı tərəfindən imzalanması lazımdır.

Stefan Şill bununla bağlı bildirib: “Beynəlxalq hüquq baxımından tamamilə aydındır ki, Rusiyanın razılığı olmadan kimsə onun Mərkəzi Bankının aktivlərindən istifadə edə bilməz”.

Avropa Birliyi həmçinin sanksiya altındakı şəxslərin öz aktivlərini və gəlirlərini Avropadan kənara çıxarmaq cəhdlərinə qarşı vergi tətbiq etmək barədə düşünür. Amma bu ideya ağır problemlərlə üzləşəcək. Çünki bu, öz növbəsində özəl mülkiyyət və insan haqları ilə bağlı olan məsələdir.

Hollandiyalı professor Stefan Şillin əlavə olaraq deyib: ”Keçmişdəki və ya indiki presedentlərdə bu cür variant mövcud olmayıb. Sadəcə olaraq, Avropa Birliyi yeni cinayət qanunu çıxarmağa çalışır”.

V. Nəsibov

“AzPolitika.info”

Mənbə: azpolitika.info