Bakı-Ankara müttəfiqliyi nəinki İrana, digər məkrli dövlətlərə də gözdağıdır - RƏY

Bakı-Ankara müttəfiqliyi nəinki İrana, digər məkrli dövlətlərə də gözdağıdır - RƏY<span class="qirmizi"></span>

Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bir sıra regional proseslərə toxundu. Xüsusilə qeyd etmək lazımdır ki, Vətən müharibəsindən sonra regionda yeni konfiqurasiya formalaşdırılıb. Bu konfiqurasiyada qardaş Türkiyəni rolu bir qədər də artıb.

Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

O qeyd edib ki, bu da təsadüfi deyil. Çünki Vətən müharibəsində Türkiyə Azərbaycana siyasi və əmənəvi dəstək göstərirdi və işğal faktı aradan qalxandan sonra – 15 iyun 2021-ci tarixində mədəniyyət paytaxtımızda Şuşa Bəyannaməsi imzalandı: “Bu bəyannamə Azərbaycanla Türkiyə arasında olan münasibətləri keyfiyyətcə yeni müstəviyə qaldırdı və bizim hazırkı münasibətlərimiz həm də hərbi xarakter daşıyır. Bu, bir sıra regional təhdidlərdən qorunmaq üçün əlverişli baza formalaşdırıb. Türkiyə bütün gücü, bütün qüdrəti ilə Azərbaycanın yanındadır. Eyni zamanda nəzərə almalıyıq ki, Türkiyə NATO-da ikinci böyük orduya malikdir və Türkiyənin beynəlxalq nüfuzu, hərbi qüdrəti, iqtisadi potensialı həm də Azərbaycana güc qatır. Eyniylə Azərbaycan da Türkiyənin ən ağır günündə də onun yanındadır. Biz bunun dəfələrlə şahidi olmuşuq”.

İlyas Hüseynov qeyd edib ki, bu, təbii müttəfiqlikdir: “Yəni biz heç kimin diqtəsi altında bu qardaşlıq tellərini qurmuruq. Digər tərəfdən Türkiyə ilə Azərbaycanın hərbi-strateji tərəfdaşlıq münasibətlərinin qurulması digər dövlətlər üçün də bir nəticəyə hesablanmış bir mənzərəni formalaşdırır. Bundan əlavə, Azərbaycanın cənub sərhədlərində hərbi təlimlər keçən İran tərəfi anlamalıdır ki, biz bu gün hərbi müttəfiqik və Şuşa Bəyannaməsi də buna bir nümunədir. Yada salmaq istərdim ki, Xəzər dənizində Azərbaycanla İran arasında bir sıra fikir ayrı-seçkilikləri olanda, İran Azərbaycanın neft-qaz yataqlarına iddialarla çıxış edəndə də biz Bakı səmasında “Türk ulduzları”nı gördük. Türkiyə F-16-larının Bakıdakı uçuşları da elə İrana mesaj xarakteri daşıyırdı”.

Politoloq bildirib ki, biz bun gün də oxşar prosesləri müşahidə edirik: “Çünki İran regionda qeyri-konstruktiv mövqedən çıxış edir. Ermənistanla münasibətlərin daha da inkişaf etdirilməsinin tərəfdarı kimi mövqe ortaya qoyur. Qafanda İranın Baş konsulluğu açılır, Təbrizdə Ermənistanın Baş konsulluğunun açılması ilə bağlı ortaq qənaət vardır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycana qarşı məkrli plan həyata keçirmək istəyən İran və Ermənistan qarşılarında güclü Azərbaycan-Türkiyə tandemini görəcəklər”.

Müsahibimiz bildirib ki, Güney Azərbaycanda yaşayan azərbaycanlıların fundamental hüquq və azalıqları pozulur, tapdalanır və İran bu hüquqları onlara tanımır: “Ona görə də biz güneydə olan soydaşlarımızın öz ana dilində oxumaq, yazmaq, kütləvi informasiya vastitələrinə sahib olmaqla bağlı çağırış edirik. Bu da çox önəmli məsələdir. Eyni zamanda onların dünyəvi dövlətə çevrilmək üçün geosiyasi vektorlarını da dəstəkləyirik”.

 

İlyas Hüseynov bildirib ki, bu, təbii bir inteqrasiya prosesidir. Belə ki, güneydəki soydaşlarımız bu gün öz təhlükəsizliklərini, hüquqlarını Azərbaycandan istəyə bilərlər, Azərbaycanı öz arxalarında görə bilərlər: “Biz həm də 50 milyonluq azərbaycanlının hüquqlarını qoruyan bir dövlət kimi hər zaman onların da mənafelərinin keşiyində durmağa hazırıq. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Türkiyə ilə Azərbaycan arasında olan strateji və hərbi xarakter daşıyan müttəfiqlik nəinki İrana, eyni zamanda ölkəmizdə və regionumuzda məkrli və qərəzli planlar quran bəzi digər dövlətlərə bir gözdağı olmalıdır. Çünki biz Fransa qismində regionla bağlı destruktiv fikirləri ilə yadda qalan bir dövləti görürük”.

Politoloq qeyd edib ki, dünya ictimaiyyəti bütün dünya üçün nümunəvi sayılan bir qardaşlıq münasibətlərinə şahidlik edir: “Digər bir neqativ nümunəyə də diqqət çəkmək istəyirəm ki, dili, dini, irqi, soykökü bir olan dövlətlər bu gün müharibə şəraitindədir. Mənə elə gəlir ki, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı hamı üçün bir nümunə olmalıdır və böyük bir regionda sülhü, sabitliyi, təhlükəsizliyi, iqtisadi rifahı, əməkdaşlığı nə cür ali səviyyədə qurmaq olar dedikdə göz önünə ilk növbədə Türkiyə-Azərbaycan qardaşlığı gəlir”.

Səxavət Həmid

 

Mənbə: publika.az