İşxan Verdyan: “Nə qədər ki sülhməramlılar Qarabağdadırlar, sülh olmayacaq” - MÜSAHİBƏ

 

Dekabrda Brüsseldə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində görüş nəzərdə tutulmuşdu. Lakin gözlənilmədən Ermənistanın baş naziri Nikol Paşinyan qəribə ilkin şərt irəli sürdü – bu danışıqlarda Fransa Prezidenti Emmanuel Makron da iştirak etməlidir.

Eyni zamanda, Fransa lideri oktyabrda baş tutmuş Praqadakı kifayət qədər müsbət danışıqlardan sonra Azərbaycana qarşı son dərəcə sərt bəyanatları ilə diqqət mərkəzinə gəldi.

Əvvəllər də Fransanı vicdanlı və obyektiv vasitəçi hesab etmək çətin idi, Praqadan sonra isə bu, ümumiyyətlə mümkün deyil.

Niyə Paşinyan Makronun danışıqlarda iştirakında israr edir və bununla da sülh prosesini pozur?

Yeri gəlmişkən, Azərbaycan tərəfi də, məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın danışıqlarda iştirakında israr edə bilərdi, amma bunu etmir.

Tanınmış erməni fəal və bloqer, sülhməramlı təşəbbüsləri ilə tanınan İşxan Verdyan Oxu.Az-a müsahibəsində sözügedən məqamlara öz münasibətini bildirib.

- Bunun iki səbəbi ola bilər. Ya baş nazir Paşinyanın xarici siyasətə cavabdeh olan xidməti nasaz işləyir, ona məruzə etmir, beləliklə o, gündəmdən qopur və Azərbaycan ətrafındakı konyunktura ona qaranlıq qalır. Və mən bunu mümkün hesab edirəm, çünki Ermənistan Xarici İşlər Nazirliyi dəfələrlə Paşinyanın başlamaq istədiyi işi sabotaj edib. Yaxud bu, Paşinyanın özünün sülh danışıqlarını sabotaj etməsi idi ki, bu da dəfələrlə olub. Mahiyyət etibarı ilə Ermənistan baş nazirinin sülh prosesi çərçivəsində hərəkətləri təxribatdan ibarətdir. Bunu zəncirə düzsək, əvvəl Paşinyanın özünün məqbul adlandırdığı, sonra imtina etdiyi məlum beş bənd üzrə danışıqlardan tutmuş, son baş verən hadisələrə qədər qeyd etmək olar.

Onun belə davranışının səbəbi nədir, bilmirəm. Təklif olunan iki variantdan hər hansı birini seçə bilərsiniz. İstisna etmirəm ki, Paşinyan güclü təzyiq altındadır və ondan asılı olmayan qüvvələrə tabe olmağa məcburdur, amma tutduğu post həm də onu konkret addımlar atmağa məcbur edir. Səbəb nə olursa-olsun, bir şeyi qeydə almaq mümkündür - baş nazir Paşinyan ölkəni idarə etməkdə səriştəsizlik nümayiş etdirir.

- Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl söylədi ki, İrəvan Bakıya sülhlə bağlı çərçivə sazişi imzalamağı təklif edir, lakin o bu təklifin təfərrüatına varmadı. Bu, çox qəribədir. Təfərrüatda ən azından ərazi bütövlüyünün qarşılıqlı tanınması öz əksini tapmalıdır. Bundan əlavə, Paşinyan hər zaman Azərbaycan qoşunlarının Azərbaycan ərazisi olan Qarabağdan çıxarılmasında təkid edir. Bakı isə İrəvana erməni hərbi birləşmələrinin Ermənistanın daxilində harada yerləşdirilməsinə dair göstəriş vermir...

- Kiçik bir dəqiqləşdirmə - Paşinyan qoşunların qarşılıqlı çıxarılmasından danışır və mən bu təklifi alqışlamaya bilmərəm, çünki qoşunlar yoxdursa, demək, heç kim atəş açmayacaq, yəni ölənlər də olmayacaq. Ancaq belə bir hərəkət ayrı-ayrılıqda həyata keçirilə, vakuumdan asılı qala bilməz. Bundan əvvəl və ya ondan sonra digər eyni dərəcədə vacib addımlar atılmalıdır, hansı ki, Paşinyan onlar barədə susur. Məsələn, Azərbaycan torpaqlarına iddialardan imtina etmək. Axı Paşinyan ictimaiyyətə nə bəyan edirsə-etsin, hansı sənədlərə istinad edirsə-etsin, onun hökuməti Qarabağı (separatçı rejimin qalıqlarını - red.) maliyyələşdirməkdə davam edir. Bu, özlüyündə Azərbaycanın suverenliyinin kobud şəkildə pozulmasıdır və bu vəsaitin əsas hissəsinin Qarabağdakı (erməni - red.) hərbi birləşmələrinin təminatına getdiyini nəzərə alsaq, Azərbaycan qoşunların hərəkəti ilə bağlı irəli sürülən hər hansı təklifi niyə ciddi qəbul etməlidir ki?

Bəli, Nikol Paşinyan dəfələrlə bu və ya digər şəkildə Azərbaycana müəyyən təkliflər göndərdiyini desə də, bu təkliflərin məzmununu heç vaxt açıqlamayıb. Azərbaycanın sıfır reaksiyası onu göstərir ki, bu təkliflərdə onun üçün qəbuledilməz olan məqamlar var. Bu təəccüblü deyil, çünki Paşinyanın indiyədək Azərbaycana verdiyi bütün təkliflər bu və ya digər şəkildə Azərbaycanın özünün daxili işlərinə aid məqamlardır. Yəqin ki, yenə də məsləhətçilərinin bərbad işi ucbatından Nikol Paşinyan Ermənistanın yurisdiksiyasının harada bitdiyini və Azərbaycanın yurisdiksiyasının harada başladığına dair zəif təsəvvürə malikdir.

- Bəli, Paşinyan qoşunların şərti olaraq Ermənistan-Azərbaycan sərhədindən qarşılıqlı çıxarılmasından, həmçinin Azərbaycan qoşunlarının Qarabağdan çıxarılması haqqında danışıb...

- Təəccüblü olan odur ki, Azərbaycanın Ermənistanı uğratdığı sarsıdıcı hərbi-siyasi məğlubiyyətdən sonra Paşinyan hələ də hesab edir ki, Azərbaycanın özünün daxili işləri ilə bağlı heç bir subyektivliyi yoxdur və Azərbaycan Prezidenti İlham Əliyev onun təkliflərini, tövsiyələrini nəzərə alacaq. Bu, Nikol Paşinyanın rəhbərlik etdiyi ölkənin xarici siyasəti məsələlərində dəhşətli səriştəsizliyinin növbəti təzahürüdür. Və nəzərə alsaq ki, Ermənistan özü Qarabağdakı qoşunların aktiv şəkildə maliyyələşdirilməsində iştirak edir, onda bu təklif tamamilə gülünc görünür.

- Sizcə, hansı danışıqlar platforması daha perspektivlidir - Moskva, Brüssel, Vaşinqton?

- ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun (keçmiş - red.) 30 illik işinin acınacaqlı təcrübəsi mənə deyir ki, bunlar sülh danışıqları üçün pis platformadır. Bəli, Brüssel bu siyahıda yoxdur, amma bir ildən artıqdır ki, Brüsseldə Ermənistan və Azərbaycan başçılarının görüşləri keçirilir və vəziyyət nəinki yaxşılaşmır, əksinə, hər ay pisləşir. Mənə Gürcüstan variantı çox cəlbedici gəlir: Tbilisi danışıqlar platforması və limonad təqdim edir, İlham Əliyev və Nikol Paşinyan isə bu platformada vasitəçi olmadan birbaşa danışırlar.

- Dekabrın 7-də keçirilməsi gözlənilən görüşün pozulduğunu nəzərə alsaq, ilin sonuna qədər sülh sazişinin bağlanmasının mümkünlüyündən danışmaq olarmı?

- Bəlkə də, mən səhv edirəm, amma mənə elə gəlir ki, sülh müqaviləsinin imzalanması hansısa yolla 2025-ci ilə qədər, yəni Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddəti bitənə qədər uzadılacaq. Söhbət ondan gedir ki, sülh sazişi və Rusiyanın sülhməramlı kontingenti bir-biri ilə orqanik bağlıdır və onların bu əlaqəsi bir-birini inkar edir. Nə qədər gülünc səslənsə də, burada yalnız bir variant mümkündür - ya sülh, ya da sülhməramlılar. Söhbət ondan gedir ki, sülhməramlı kontingentin mövcudluğu Ermənistanın gözündə qondarma “Qarabağ hakimiyyəti”nə subyektivlik qatır və hələlik Ermənistan bu xəyali subyektlə hesablaşmaya bilməz. Hesab edirəm ki, Rusiyanın regiondakı maraqları həlledici əhəmiyyət kəsb etməkdə davam edir və Rusiya özü də müxtəlif natiqlər vasitəsilə öz qoşunlarının Qarabağda olmasında maraqlı olduğunu bəyan edib. Buna görə də Rusiya sülhməramlı kontingentini yan keçən sülh sazişinin konfiqurasiyasını təsəvvür etmək mənim üçün çətindir.

- İndi isə Türkiyə haqqında danışaq. Bu yaxınlarda Ermənistanın parlament mandatından imtina etmək istədiyini açıqlayan deputat, daşnakların nümayəndəsi İşxan Saqatelyan maraqlı açıqlama verib. Onun sözlərinə görə, “Ermənistan türkləşməyəcək”. Saqatelyan “türkə çevrilmək” barədə danışarkən nəyi nəzərdə tutur?

- Sizi inandırıram, Ermənistanın özündə də Saqatelyan gülüş obyektidir, məzəli memlər mənbəyidir və bir dənə də olsun ağlı başında olan adam onu ​​siyasi fiqur kimi ciddi qəbul etmir. Bununla belə, o, özü “Daşnaksütun”un əbədi missiyasına - türklərlə ermənilər arasında düşmənçiliyin saxlanmasına xidmət edir. Onun sözləri yeni deyil, bu, daşnakların əbədi ritorikasıdır; ehtirasların səngiməsinə imkan verməmək, nifrətin dərəcəsini həmişəlik saxlamaq. “Daşnaksütun”un bütün fəaliyyəti həmişə bundan qaynaqlanır.

“Ermənistanın türkləşdirilməsinə” gəlincə, nəzərdə tutulan odur ki, Türkiyə ilə sərhəd açılan kimi türklər bütün Ermənistanı basacaq və oranı öz vilayətlərinə çevirəcəklər. Mən bu tezisin absurdluğunu dəfələrlə sübut etmişəm, lakin mən bu sübutu təqdim etməyin mənasını görmürəm, çünki azərbaycanlılar özləri də onun bütün absurdluğunu yaxşı başa düşürlər. Amma bəli, bu, daşnakların tezislərindən biridir, onların öz gündəmlərini həyata keçirmək üçün istifadə etdikləri bir çox tezislərdən biridir.

Nair Əliyev

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Bülənt Ərsoyla bağlı növbəti iddia

SONRAKI XƏBƏR

Ekspert: “Azərbaycan, Türkiyə və Pakistan strateji tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir”