Azərbaycan xarici siyasətində yeni istiqamət - İrredentizm

Azərbaycan xarici siyasətində yeni istiqamət - İrredentizm<span class="qirmizi"></span>


2020-ci ilin payızında baş verən və Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi ilə yekunlaşan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-İran dövlətlərarası münasibətlərində yaranan problem daha da dərinləşib. Müharibənin nəticələri Azərbaycan Respublikasının müstəqilliyi dövründə ikitərəfli əlaqələrdə formalaşmış və zaman-zaman ortaya çıxan anlaşılmazlıqlara baxmayaraq, tərəflərin riayət etdiyi oyun qaydalarının pozulmasına səbəb olub. Azərbaycanın 30 illik müasir istiqlaliyyət tarixində onun İran İslam Respublikası ilə əməkdaşlığı rəvan cərəyan etməyib; son hadisələr tarixi, mədəni, dini yaxınlığa malik iki qonşu arasında daha dərin etimadsızlığın və antaqonizmin yarandığını göstərir, həmçinin bunun ikitərəfli münasibətlərə uzunmüddətli təsirləri olacaq. İndi, bir il sonra, bu qənaətin özünü doğrultduğunu, iki ölkə arasında qarşılıqlı diplomatik demarşlarla, rəsmi medialarda sərt tənqid və ittihamlarla müşayiət olunan, əvvəlkindən daha ciddi problemin yarandığını görürük. Bu yazıda Azərbaycan-İran münasibətlərində yaranmış cari gərginliyin səbəblərindən, bunun ikitərəfli və regional əməkdaşlığa mümkün təsirlərindən, eləcə də Bakının ritorika və siyasi xəttində müşahidə etdiyimiz yeni, fərqli istiqamətdən bəhs olunur.

İran niyə və nədən ehtiyatlanır?

Azərbaycan və İran dövlətləri arasında son gərginləşmənin mənbəyini sentyabr-oktyabr (2022) aylarında regionda baş verən hadisələrdə axtarmaq gərəkdir. Sentyabrın 13-14-də Azərbaycan-Ermənistan sərhədində hər iki tərəfdən çoxlu sayda əsgərin ölümü və yaralanması ilə nəticələnən böyük hərbi toqquşma baş verdi. Ermənistanın baş naziri Nikol Paşinyan döyüşlər nəticəsində Azərbaycan ordusunun bu ölkənin daha 10 kv. km ərazisini işğal etdiyini bildirdi. (Paşinyan 2021-ci ilin mayında Ermənistanın 40 kv. km ərazisinin Azərbaycan tərəfindən işğal olunduğunu iddia edir.) Bu hadisə İranda Azərbaycanın Zəngəzur dəhlizi ideyasını güc yolu ilə gerçəkləşdirməyə çalışması kimi qəbul olunaraq ciddi narahatlıqla qarşılandı.

Məlumdur ki, İran dövləti 44 günlük Qarabağ müharibəsindən sonra regional siyasətində yeni qırmızı xətt müəyyən edib: sərhədlərin toxunulmazlığı və bölgədə İranın maraqlarına uyğun olmayan geosiyasi dəyişikliklərin yolverilməzliyi. Bununla belə, Azərbaycan-Türkiyə müttəfiqliyinin və Azərbaycan-İsrail strateji tərəfdaşlığının yüksələn trendi, Bakının Tel-Avivdə səfirlik açmağa qərar verməsi regional geosiyasətin İran İslam Respublikasının əleyhinə dəyişməsindən xəbər verir. Zəngəzurdan – Ermənistanın Sünik vilayətinin cənub hissəsindən keçəcək nəqliyyat kommunikasiyasının eksterritorial statusda gerçəkləşməsi ehtimalı isə Tehran tərəfindən sərhədlərin dəyişməsi kimi qiymətləndirilir. Çünki belə olan halda onun Ermənistanla quru əlaqəsi kəsiləcək, nəticədə İranın Azərbaycan və Türkiyədən yan keçməklə Gürcüstanın dəniz limanlarına, oradan isə Avropaya çıxış yolu, yəni Fars Körfəzi-Qara dəniz dəhlizi də bağlanacaq. Azərbaycan ordusunun 13-14 sentyabr əməliyyatları zamanı Ermənistanın içərisinə doğru irəlilədiyi barədə xəbərlər bu səbəbdən Tehranda kəskin reaksiyalara səbəb oldu. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri bəyan etdi ki, onun ölkəsi regionda sərhədlərin dəyişdirilməsinə dözüm göstərməyəcək. Eyni mövqe İran XİN-in rəsmi nümayəndəsi Nasir Kənani və parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Vahid Cəlalzadə tərəfindən də ifadə edildi.

Sərhəd toqquşmalarının ardınca oktyabrın 3-də İsrailin Müdafiə naziri Benyamin Qansın Azərbaycana rəsmi səfərinin İranda ciddi qıcıq doğurduğu şübhəsizdir. Rəsmi informasiya agentliyi İRNA-da Azərbaycandakı keçmiş səfir Mohsen Pakayinin imzası ilə dərc olunan yazıya istinadən qeyd edə bilərik ki, Tehran bu səfərə də bölgədə geosiyasi və sərhəd dəyişikliyi kontekstindən yanaşıb və İranın maraqlarına təhdid kimi qiymətləndirib. İsrail nümayəndə heyəti Bakıya gələn gün İran tərəfinin təşəbbüsü ilə bu ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Baqeri ilə Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında telefon danışığının baş tutması da maraqlı faktdır.

İranı narahat edən növbəti olay oktyabrın 20-də Türkiyə prezidentinin iştirakı ilə Zəngilan hava limanının rəsmi açılış mərasiminin keçirilməsi oldu. İşğaldan azad edilmiş Zəngilan rayonu cənubdan İran, qərbdən isə Ermənistanla (Sünik regionu) həmsərhəddir. Hələ müharibədən sonra burada İsrail şirkətləri tərəfindən fermer təsərrüfatının yaradılacağı barədə xəbərlər və rəsmi açıqlamalar İranı ciddi narahat etmişdi, Tehranda bəyanatlar səslənmişdi ki, İran öz sərhədlərində İsrailin mövcudluğuna dözməyəcək. İranın İsrail tərəfindən Zəngilanda hansısa hərbi və ya kəşfiyyat məqsədli işlər aparılmasından şübhələndiyi ortadadır, hava limanı isə bu məqsədlər üçün də istifadəsi mümkün olan mühüm infrastruktur obyektidir.

Bu baxımdan 2021-ci ilin payızında İran ordusunun Azərbaycan sərhədlərində keçirdiyi hərbi təlimlər də, bir il sonra eyni coğrafiyada təşkil olunan növbəti hərbi təlimlər də Azərbaycana, İsrailə və digər maraqlı tərəflərə xəbərdarlıq siqnalı idi. Oktyabrın 17-də başlayan və 3 gün davam edən builki təlimlərdə Araz çayı üzərindən ponton körpü salınması, yolların və yüksəkliklərin nəzarətə götürülərək hücum əməliyyatının imitasiya edilməsi Azərbaycanda rəsmi və ictimai səviyyədə ciddi narazılıq yaratdı və qeyri-dost münasibət kimi qəbul olundu. Zəngilan hava limanının açılışından bir gün sonra isə İran İslam Respublikasının Ermənistanın Qafan şəhərində Baş Konsulluğu açıldı. Qafan Sünik vilayətinin, yəni Zəngəzurun inzibati mərkəzidir və məhz burada Konsulluq açmaq təsadüfi deyil, məqsəd bölgədəki hadisələri bilavasitə ərazidə müşahidə etmək və daimi nəzarətdə saxlamaqla İran dövlətinin bu regiondakı maraqlarını qorumaqdan ibarətdir. Açılışa qatılmaq üçün Ermənistana səfərə gələn İranın xarici işlər naziri Əmir Abdollahiyan bölgədə sərhədlərin dəyişdirilməsini qəbul etməyəcəklərini, bu cür cəhdlərə müqavimət göstərəcəklərini, Ermənistanın təhlükəsizliyini vacib saydıqlarını təkrarlayaraq ölkəsinin qırmızı xəttini bir daha nəzərə çatdırmaq ehtiyacı hiss etdi. Konsulluq binasının zahiri görünüşü binanın hələ tam hazır olmadığını və açılış tarixinin bölgədəki proseslərlə əlaqədar cavab addımı kimi önə keçirildiyini söyləməyə əsas verir. Sonrakı günlərdə Tehranda və Bakıda rəsmi səviyyədə verilən qərarlar və açıqlamalar gərginliyin spiralvari yüksəlməsinə səbəb oldu.

Qısa xronika: Noyabrın 1-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmənin ifşa edildiyi barədə açıqlama yaydı. Bir gün sonra Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin ölkənin cənubunda – İran sərhədləri yaxınlığında hərbi təlimi başladı. Belə bir əlverişsiz atmosferdə İran parlamentinin sədrinin Azərbaycana gözlənilən səfəri təxirə salındı. Noyabrın 7-də İran Kəşfiyyat Nazirliyi açıqlama yayaraq oktyabrın 26-da Şiraz məscidində törədilmiş terror aktı ilə əlaqədar, İŞİD-lə əlaqəli Azərbaycan vətəndaşının rəhbərlik etdiyi 26 terrorçunun yaxalandığını bildirdi. Noyabrın 10-da Azərbaycanın Tehrandakı səfiri İran XİN-ə, ertəsi gün isə İranın Bakıdakı səfiri Azərbaycan XİN-ə çağırıldı. İran tərəfi Azərbaycan rəsmi şəxslərinin İran əleyhinə bəyanatlarından və Azərbaycan mediasında ölkəyə qarşı aparılan təbliğatdan, Azərbaycan tərəfi isə əksinə, İrandakı analoji hallardan narazılığını ifadə etdi. Noyabrın 14-də Azərbaycan səfiri yenidən İran XİN-ə dəvət edilərək ona “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim olundu. Eyni gün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsinin ifşa edildiyi barədə məlumat yaydı. Prezident İlham Əliyev isə İranın son addımlarına 8 noyabr – Zəfər Günü Şuşadakı çıxışında Ermənistana və erməni xalqına müraciəti kontekstində münasibət bildirdi: “Onlar anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilə bilərlər. Biz burada əsas söz sahibiyik, əsas güc sahibiyik. Bizim ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz.”

Bütöv Azərbaycan ideyası rəsmi səviyyədə

İran-Azərbaycan münasibətlərində bənzər problemlər AR-nin öz müstəqilliyini elan etməsindən bu yana periodik olaraq baş qaldırıb. Lakin indiki gərginlikdə yeni məqam ondan ibarətdir ki, AR rəhbərliyinin çıxışlarında, dövlət mediasının yayımlarında İrana qarşı sərt tənqid və xəbərdarlıqlarla bərabər, irredentist ritorika və təbliğat da yer almağa başlayıb. Azərbaycan dövlət televiziyasının efirində Cənubi Azərbaycan, tarixi torpaqlar mövzusu və İran rejiminə qarşı ittihamlar indiyədək görünməmiş tərzdə və üslubda əksini tapır, uzun illərdir AR ərazisinə girişinə qadağa qoyulmuş tanınmış iranlı mühacir, ABŞ-da yaşayan Mahmudəli Çöhrəqanlı ilə müsahibə yayımlanır. AzTV-nin yayım siyasətinin (xüsusən vacib siyasi məsələlərlə bağlı) Prezident Administrasiyasında müəyyənləşdirildiyi ölkədə az qala hər kəsə məlum olan gerçəklikdir. Digər dövlət mediası – İctimai Televiziya (İTV) bu sahədə AzTV-dən geri qalmır, hətta mövzuya ayrılan efir vaxtına görə İTV-nin dövlət televiziyasını bu baxımdan üstələdiyini söyləmək olar.

Əliyevin noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı isə sensasion idi və bu, dövlət siyasətində prinsipial yenilik kimi qiymətləndirilə bilər. Əliyev həmin çıxışında İranın adını çəkmədən bu ölkədə yaşayan milyonlarla azərbaycanlının təhsil hüquqlarının pozulmasına diqqəti yönəltdi: “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır.”

Bu nitq, təbii ki, Tehranda diqqətdən kənarda qala bilməzdi. İran tərəfinin məlumatına görə, xarici işlər naziri Əmir Abdollahiyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbətində Əliyevin sözlərini “gerçəkçi olmayan açıqlamalar” adlandırdı. İran parlamentarları isə narazılıqlarını daha açıq dilə gətirərək Azərbaycanın İran torpağı olduğunu və onun Gülüstan müqaviləsi nəticəsində İrandan ayrı düşdüyünü vurğuladılar.

Əliyev dövlət başçısı kimi fəaliyyəti dövründə dünyadakı bütün azərbaycanlıların prezidenti olduğunu bir neçə dəfə söyləyib, lakin o, ilk dəfədir ki, İrandakı azərbaycanlıların (türklərin) problemlərini rəsmi səviyyədə, regional təşkilatın toplantısında gündəmə gətirir, bunu bütün türk dünyasının problemi kimi qeyd edir və türk dövlətlərini bu istiqamətdə lazımi addımlar atmağa çağırır. Əliyev noyabrın 25-də Bakıda – ADA Universitetində keçirilən beynəlxalq konfransda yenidən mövzuya qayıdaraq bu dəfə açıq şəkildə “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik,” – dedi.

Əliyev tərəfindən ifadə edilən bu mövqe, davam edib-etməyəcəyi hələ ki aydın olmasa da, Azərbaycanın xarici siyasətində yeni xəttin ortaya çıxması deməkdir. Bütöv Azərbaycan ideyası, Güney mövzusu 1988-1991-ci illər xalq hərəkatının və onun lideri Əbülfəz Elçibəyin ideoloji mirası olaraq indiyədək yalnız millətçi müxalifətin gündəmində idi və onlar tərəfindən sahiblənib, istifadə olunurdu. Azərbaycanın müasir tarixində bu ideyanın siyasiləşdirilməsi və milli vəzifə kimi müəyyənləşdirilərək populyarlaşdırılmasında əsas rol məhz Elçibəyə məxsusdur. Hətta Əliyevlər hakimiyyəti və onların tərəfdarlarının 1 illik (1992-1993) Elçibəy hökumətinə son illərə qədər yönəltdiyi əsas tənqidlərdən biri bu idi ki, həmin hökumət həm daxili, həm xarici siyasətdə səriştəsiz olub və Azərbaycanı İran, Rusiya kimi böyük qonşularla düşmən edib. Lakin işğal olunmuş ərazilərin böyük qisminin 44 günlük müharibədə geri qaytarılması nəticəsində (Rusiya sülhməramlılarının nəzarətindəki ərazi ilə bağlı suallar qalsa da) Əliyev əvvəlcə Qarabağ mövzusunu daxili siyasi mübarizədə istifadə olunan, kütlələri səfərbər edən və birləşdirən ən vacib mövzu kimi müxalifətin əlindən aldı, daha sonra isə Güney tematikasını da sahiblənərək millətçi müxaliflərin bir qismini öz ətrafına topladı, bu birliyə qatılmaq istəməyənləri isə ideoloji boşluğa salmış oldu. Əliyev artıq dünyadakı bütün azərbaycanlıların himayəçisi, onların lideri kimi çıxış edərək özünü daxili siyasi mübarizənin və rəqabətin fövqünə qaldırmağa çalışır. O, faktiki olaraq milli liderliyə iddia edir. Lakin rəsmi təbliğatda İlham Əiyev bu cür təqdim olunmur: güman ki, həmin ünvan atasına verildiyi və bu səbəbdən onun adını kölgədə qoymaq istəmədiyi üçün.

Nəticə

Azərbaycan-İran münasibətlərində müşahidə olunan bu tendensiyanın haraya qədər gedəcəyi, harada dayanacağı, ikitərəfli və regional əməkdaşlığa necə təsir edəcəyi cavabını gözləyən suallardır. İkitərəfli əlaqələr, bütün problemlərə baxmayaraq, ötən 30 ildə inkişaf edib və bu inkişaf zəngin müqavilə-hüquq bazasına əsaslanır. Tehran və Bakı hər zaman praqmatik yanaşma nümayiş etdirərək mübahisəli məqamların konfrontasiyaya çevrilməsinə və qarşılıqlı iqtisadi-ticarət əlaqələrinə mənfi təsir göstərməsinə yol verməyiblər. Xatırlatmaq yerinə düşər ki, ötən ilin payızındakı gərginlikdən qısa müddət sonra – 2022-ci ilin martında Bakıda “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” imzalandı. Bu, kifayət qədər əhəmiyyətli anlaşmadır. Memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında İrandan keçməklə yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, rabitə və enerji xətlərinin yaradılmasından ibarətdir. Bunun üçün Araz çayı üzərində 2 avtomobil yolu və 2 dəmir yolu olmaqla 4 körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Bu o deməkdir ki, Zəngəzur nəqliyyat kommunikasiyasını Ermənistan ərazisindən reallaşdırmaq mümkün olsa da, olmasa da, Azərbaycanın əlində alternativ variant mövcuddur.

Azərbaycan və İran Hindistandan Rusiyaya, Şimali və Qərbi Avropaya yüklərin çatdırılma müddətini azaltmağa yönəlmiş Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində də əməkdaşlıq edir. Bu məqsədlə Azərbaycan və İran dəmir yolları şəbəkəsinin birləşdirilməsi nəzərdə tutulur ki, bu da əməkdaşlığın strateji xarakter daşıdığını göstərir. 2018-ci ilin martında Astara (Azərbaycan) – Astara (İran) dəmir yolunun birləşdirilməsi layihəsinin ilk mərhələsinin açılışı keçirilib.

İki ölkənin iştirakı ilə həyata keçirilən daha bir əməkdaşlıq platforması 3+3 formatıdır (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan, Gürcüstan) və bu format ikinci Qarabağ müharibəsindən sonra gündəmə gəlib. Gürcüstan qatılmasa da, adı hələ ki dəyişdirilməyən bu format çərçivəsində ilk görüş 2021-ci ilin dekabr ayında Moskvada keçirilib. İkinci görüş isə Tehranda planlaşdırılır və Ə.Abdollahiyan prezident Əliyevin Səmərqənd nitqindən narazılığını ifadə etdiyi telefon danışığında azərbaycanlı həmkarı Ceyhun Bayramovu həmin toplantıya dəvət edib. Bu faktı, eləcə də İran Ali Dini Rəhbərinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin məqaləsini və Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məqalədə əks olunmuş fikirləri müsbət qiymətləndirərək təqdir etməsini tərəflərin yükləsən hərarəti aşağı salmaq niyyəti, praqmatizmə sadiq qalması kimi şərh etmək olar.

Lakin unutmaq lazım deyil ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı ziddiyyətlər hansısa konkret hadisələrdən irəli gələn müvəqqəti hal deyil və fundamental xarakter daşıyır. Hər iki tərəfin eyni tarixi və mədəni mirasa iddia etməsi, İranın Azərbaycanı öz tarixi ərazisi hesab etməsi, Azərbaycan ictimai fikrində isə şimal və cənubun birləşməsi ideyasının möhkəmlənməsi və bu fikrin rəsmi səviyyədə də qəbul olunmağa başlaması ziddiyyətlərin uzunmüddətli, maraqların uzlaşmaz olduğunu, münasibətlərdə qarşılıqlı etimad mühitinin bərqərar olmasının qeyri-mümkünlüyünü göstərir.

Şahin Cəfərli, Bakuresearchinstitute.org

Mənbə: www.yeniavaz.com