Talehin qisməti xəyanət imiş?

Talehin qisməti xəyanət imiş?<span class="qirmizi"></span>

"Ərşlǝ fǝrşü kafü nun mǝndǝ bulundu cümlǝ çün,

Kǝs sözünü və ǝbsǝm ol, şǝrhi-bǝyanǝ sığmazam"

Taleh Bağırzadənin bu ifadələri təkrarladığı ehtimaldır, bəlkə də gerçəkdir - kim bilir. Onun fikri, əyanı və bəyanı elə sürətlə dəyişərək güzar edir ki, nəinki Nəsimi, hətta Əliyulla Gəncəvi və ya Şəms Təbrizi belə, bu şəxsin çaparaq yarışan açıqlamalarının sürətinə çatmaqda acizdir.

Zavallıdır, yazıqdır, nakamdır.

Taleh Bağırzadə yox, onun açıqlamaları.

Bu gün bəlli olub ki, sən demə, Taleh Bağırzadə yenə aclıq aksiyasına başlayıb. Səbəb əvvəlkilərin sıralamasında olan triviallıqdır - "rəis kobudluq edib".

Taleh Bağırzadə də inciyib, küsüb və qərara gəlib ki, məqsədə çatmayınca yemək yeməsin.

Məqsəd nədir: rəisin üzr istəməsi, onun, yəni Bağırzadənin başqa kameraya köçürülməsi, ümümiyyətlə azadlığa buraxılması - bəlli deyil.

İlahiyyatçı Taleh Bağırzadə bəzi beynəlxalq təşkilatlar tərfindən "vicdan məhbusu" kimi tanınsa da, əsla belə deyil.

4 övlad atası, 38 yaşlı Taleh Bağırzadə 2015-ci ilin noyabrında polisin Nardaran kəndində keçirdiyi əməliyyat zaman tutulmuşdu.

Əməliyyat zamanı Taleh Bağırzadə və daha 16 nəfər həbs olunub. "Nardaran hadisələri" kimi tanınan əməliyyat zamanı ikisi polis olmaqla 7 nəfər həlak olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırzadə və Abbas Hüseynova 20 il həbs cəzası verilib. Digər şəxslər isə 14 ildən -17 ilə kimi həbs olunublar.

Taleh Bağırzadə Azərbaycanda dövlət çevrilişinə və Konstitusiya quruluşunun zorla dəyişdirilməsində cəhddə ittiham edilib. O, həbsini qanunsuz hesab etsə də, faktlar və dəlillər Bağırzadənin iddialarının tam əksini göstərir.

Üstəlik, Taleh Bağırzadə ilk dəfə deyil belə aksiyaya başlayıb.

Belə ki, "Müsəlman Birliyi Hərəkatı" adlı, dinlə pərdələnərək radikal ekstremist fəaliyyətdə olan qanunsuz strukturun rəhbəri 15 gün aclıq etmişdi.

Taleh Bağırzadə aclıq aksiyasına Qobustandakı həbsxanada mayın 26-da başlamışdı. Aksiyaya daha sonra Abbas Hüseynov, Cabbar Cabbarov və daha 8 nəfər də qatılmışdı.

Sonra bəyan edildi ki, T.Bağırzadənin "hərarəti qalxıb, səhhətində problemlər yaranıb" və s.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən bildirilmişdi ki, Taleh Bağırzadə saxlandığı cəzaçəkmə müəssisəsində həkim nəzarəti altındadır və səhhətində ciddi problem yoxdur.

Lakin Taleh Bağırzadə və acliq aksiyasında ona qoşulan 11 nəfər iddia edirdilər ki, yoldaşları polisdə dindirilərkən orada "Allah təhqir olunub". Aclıq aksiyası keçirənlər bunu edənlərin cəzalandırılmasını istəyirlər.

Daxili İşlər Nazirliyi bütün ittihamları rədd edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən isə bildirilib ki, Taleh Bağırzadə saxlandığı cəzaçəkmə müəssisəsində həkim nəzarəti altındadır və səhhətində ciddi problem yoxdur.

Taleh Bağırzadə hesab edirdi ki, artıq "qırmızı xətt" keçilib və dindarların "hissləri təhqir edilib".

Daxili İşlər Nazirliyi polisin dini inancı təhqir etməsi barədə iddiaları təkzib etmiş, həmin iddiaları böhtan adlandırmış və bəyan etmişdi ki, polisin nüfuzdan salınmasına yönələn belə "şayiələr əvvəllər də olub".

Azərbaycan polisi bütün dinlərə, o cümlədən mənsub olduğu müqəddəs dinə hörmətlə yanaşır.

Beləliklə, "Nə baş vermişdi?" sualını cavabladıqdan sonra vədə "Nə və niyə baş verir?" sualını cavablamaqdır.

Taleh Bağırzadə müstəqil illahiyyatçı, ictimai xadim və siyasətçi kimi görünməyə çalışsa da, belə deyil.

Daha doğrusu, heç belə deyil.

Azərbaycandan başlayaraq postsovet məkanının müsəlman dövlətləri, sonra isə Şərqə doğru radikal şiəlik ideologiyasının yayılması və şəriət qanunlarının tətbiqi "Müsəlman Birliyi Hərəkatı"nin fəaliyyətinin başlıca istiqaməti olub.

Bu məqsədin həyata keçirilməsi üçün geniş təbliğat qurulması, təbliğatın aparılması çətin olduğu və ya mümkün olmadığı yerlərdə isə zorakı metodlardan istifadə məqbul hesab edilib.

Noyabrın 26-da təşkilatın silahlı üzvlərinin iki polis əməkdaşını qətlə yetirməsi "Müsəlman Birliyi Hərəkatı"nin terror metodlarından yararlandığının bariz nümunəsidir. "Müsəlman Birliyi Hərəkatı" Azərbaycanda dərin kök salmağı, öz əhatəsini genişləndirməyi, Nardarandan başlayaraq Bakı kəndlərində, paytaxtda, sonra isə ölkənin digər ərazilərində öz idarəçiliyini qurmağı, Azərbaycanda hakimiyyət çevrilişi həyata keçirmək və ölkədə şəriət qanunlarının tətbiq etmək niyyəti güdürdü.

Azərbaycanda və bütün dünyada yəhudilərə qarşı mübarizə aparılması, onların məhv edilməsini missiyası "Müsəlman Birliyi Hərəkatı"nin başlıca məqsədlərindən biri hesab olunub.

"Müsəlman Birliyi Hərəkatı" (MBH) bəzi xarici dini mərkəzlərlə sıx əlaqədə olub, xaricdəki terrorçu qruplarla təmas qurulması istiqamətində əməli tədbirlər həyata keçirməyə çalışıb. Hərəkatın məqsədləri, fəaliyyəti onun radikal ekstremist və terrorçu təşkilat olduğunu göstərir.

Taleh Bağırzadə də artıq anlayır ki, İranın "vilayəti-fəqih" idefiksinin təbliğatı və İranla qonşu ölkələrdə, xüsusilə də Azərbaycanda Tehran teokratiyasının "yumşaq güc" strategiyasına uyğun olaraq "təsir hücrələri" yaratmaq siyasəti davam edir.

Azərbaycanın müxtəlif bölgələrində "dayaq qrup"ları formalaşdıran İranın xüsuüsi xidmət strukturları, o cümlədən "İslam İnqilabı Keşikçiləri"(SEPAH) korpusunun "Nuriyeyi Qüds" birləşməsi ilə İranın Kəşfiyyat və İnformasiya Nazirliyi ("Vəzarete Keşvər") bu qruplaşmaları ən müxtəlif yollarla, vasitələrlə maliyyələşdirməkdədir.

Həmin maliyyələşmə formalarından biri də "Nuriyeyi Qüds"lə "Vəzarəte Keşvər"in Rusiyanın müxtəlif şəhərlərindəki agentura şəbəkəsi vasitəsilə Azərbaycandakı "qardaş"lara bank kartları köçürmələrinin edilməsidir.

İranın ölkəmizdəki təsiri agentləri bu köçürmələri "Rusiyadakı qohumların, dostların yardımı" kimi qələmə verirlər.

Köçürmələr təbii ki, MBH-dən yan keçir.

Bundan başqa, İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi "Müzakirələr", "Elanlar" və digər adlar altında WhatsApp tətbiqində yaradılmış qapalı qruplar var.

Bu qruplar İrana qaçaraq oradakı klerikal mollakratiyanın kəşfiyyat strukturlarının himayəsinə sığınmış T.İbrahimbəyli və onun kimilərinin "təsis" etdikləri "Hüseyniyyun hərəkatı" adlı terror qruplaşmasının mənsubları arasında kommunikasiya vasitələrindən, sadəcə, biridir.

"Hüseyniyyun" rəhbərləri vətən xainləridir. Onları başqa cür adlandırmaq mümkün deyil. Onlar Azərbaycanda demokratiya istəmirlər, demokrat deyillər. Onlar siyasi fəaliyyətlərinə görə təqiblərə məruz qalan şəxslər deyillər, sırf cinayətkar fəaliyyətlə məşğuldurlar deyə İranda məskunlaşıblar. Oradakı fəaliyyətləri İranın kompleks fəaliyyətlərindən biridir, İranın maraqları çərçivəsində fəaliyyət göstərirlər.

Taleh Bağırzadə "müstəqil siyasətçi, illahiyyatçı" olduğunu israrla vurğulayır və buna da kimlərisə inandırmağa çalışır.

Aclıq aksiyalarına əl atır, nə yolla olursa-olsun özünü haqqlı, onu "qanunsuz yerə həbs edərək həbsxanaya atmış" dövləti isə haqqsız göstərməyə çalışır.

Haqq və ya Həqq mücərrəd məhfum deyil, interpretasiyası, yəni təfsiri dəqiq, konkretdir.

Haqq, Həqq və ədalət mənsub olduğun xalqın maraqlarını düşünmək, yaşadığınq dövlətə zidd işlər görməməkdir.

Dövləti "taqut", hakimiyyəti "Yezid əməli" adlandıran, insanları silahlı qiyama və çevrilişə çağıran, Azərbaycanda orta əsrlər qanunları ilə idarə olunan "Şəriət dövləti" qurmaq və sonra da onu İrana tabe etdirmək arzusunda olan Taleh Bağırzadə siyasi yönünü gizlətməyib.

AXCP sədri və həm də bloqer Əli Kərimli MBH ilə əlaqələr qurmaq, hətta müttəfiq olmağa çalışanda Taleh Barığzadə demişdi: "Bizim liderimiz ayətullah Xamneyidir. Bunu demokratik müxalifət də bilir. Müxalifət anlayır ki, bizim liderimiz heç vaxt keçməyəcəyimiz qırmızı xəttdir. Biz isə onlara açıq şəkildə dedik ki, bizim liderimiz Xamneyidir".

... Nardaran hadisələri zamanı misli görünməmiş bir olay yaşanmışdı. Əli Kərimlinin simasında ölkədəki "liberal dünyəvi müxalifət"in Hacı Taleh və islamçılarla əlbir olması üzə çıxmışdı.

Bu hadisələrə qədər Ə.Kərimli qərbyönlü siyasətçi kimi çıxış edirdi. İlk baxışdan paradoks idi. Axı nə baş vermişdi ki, NATO, Avropa İttifaqı və bütün Avro-Atlantika məkanı ilə inteqrasiyanın israrlı, hətta isterik tərəfdarı olan Kərimli birdən-birə 180 dərəcə yön dəyişərək ifrata doğru tələsir, onun dəstəklədiyi ruhani qüvvə ilə ittifaqa gedir.

Kollektiv Qərbin özünə və Qərb sivilizasiyasına təhlükə hesab etdiyi "Qüds Korpusu", SEPAH, Qum mədrəsələri, Tehran teokratiyasının tərəfdarı və xidmətçisi olan Taleh Bağırzadə ilə Əli Kərimlini nə birləşdirirdi?

Üstəlik, Ə.Kərimlinin yaxın ətrafı sosial şəbəkələrdə konstitusiya quruluşunu dəyişdirmək üçün silahlı qardaş qırğınına çağırılan şiə puritanlarının obrazının bədii tərənnüm edilməsindən kifayət qədər heyrətlənərək Nardaran hərəkatını açıq şəkildə dəstəkləyirdi. Əli Kərimlinin bəlkə T.Bağırzadə və onu himayə edən qüvvələrin, güc mərkəzlərinin məqsədlərindən xəbəri yox idi?

Cəbhəçilərin lideri bu dəfə çox həyasız, çirkin, xəyanətkar davranır, siyasi oriyentasiyasına və ideoloji dəyərlərinə görə antaqonist, lakin yalnız əsas siyasi vəzifəni - siyasi vəzifəni həyata keçirmək naminə fəal səfərbərlik qüvvəsi ilə konsolidasiya edilmiş ittifaqa hazır idi əslində.

Və bu adamları qanuni hakimiyyətin devrilməsinə uzanan yolun aşkar göründüyü də narahat etmirdi.

Cəbhəçilərin lideri hər gün xalqı və cəmiyyəti vətəndaş itaətsizliyinə, sosial etirazlara və hakimiyyəti devirməyə çağırır. Kərimli Azərbaycanı Yəmənə, İraqa, Suriyaya, Venesuelaya çevirməyə çağırır.

Kərimli hər gün şəbəkə yayımı ilə cəmiyyəti bu ideya ilə ruhlandırır. Üstəlik, bu məqsəddə o, daha çox islamçılara, onların geniş elektoratına, ümumiyyətlə, əhalinin dindar hissəsinə arxalanaraq mübarizə vasitələrindən qaçmır.

Belədirsə, gündəmdə qalmağa çalışan Taleh Bağırzadə niyə mütəmadi olaraq "aclıq aksiyası" keçirməməlidir ki...

Siyasi açıqlamaları nədənsə əbsəmlik kimi qəbul olunan Taleh Bağırzadə indiki qəlibinə sığmadığını deyir, buna işarə vurur.

Bəlkə də ağaların yeni göstərişi belədir - kim bilir...

Orxan Hun
Milli.Az

Mənbə: news.milli.az