Fransada yaşayan azərbaycanlı tədqiqatçılar Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olublar FOTO

Fransada yaşayan azərbaycanlı tədqiqatçılar Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olublar FOTO<span class="qirmizi"></span>

 

Ağdam, 28 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Fransada yaşayan Təbriz əsilli azərbaycanlı tədqiqatçılar Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi nümayəndələrin Ermənistan silahlı qüvvələrinin işğal zamanı Ağdam şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə, həmçinin Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən aparılan tikinti-quruculuq işləri ilə tanış etmək olub. Fransada yaşayan azərbaycanlı tədqiqatçılar əvvəlcə Sarıcalı kəndi yaxınlığında minalanmış əraziyə gəliblər. Onlara Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib.

Sonra Ağdamkənd kəndinə gələn qonaqlar Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən ermənilərin işğal zamanı törətdikləri vəhşiliklər barədə məlumatlandırılıblar. Bildirilib ki, erməni vandalları 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Vaxtilə kənddə mövcud olmuş yaşayış evləri və sosial binalardan əsər-əlamət qalmayıb. Təkcə Ağdamkənd kəndi deyil, digər yaşayış məntəqələri də erməni barbarlığına məruz qalıb. Ermənilər işğal etdikləri ərazilərdə həm də ekoloji terror törədiblər. Ərazidəki bütün yaşıllıqlar məhv edilib.

Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının binasının qalıqlarına və yerlə-yeksan edilmiş Şəhidlər xiyabanına baxış keçirilib. Qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi-mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Qonaqlar, həmçinin Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumatlandırılıblar.

Mənbə: azertag.az