Güneyli soydaşlarımızın hüquqlarının müdafiəsi ölkəmizdə ictimai və dövlət maraqlarının yeni mühüm istiqamətidir

Güneyli soydaşlarımızın hüquqlarının müdafiəsi ölkəmizdə ictimai və dövlət maraqlarının yeni mühüm istiqamətidir<span class="qirmizi"></span>

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda ictimai və dövlət maraqlarının artıq yeni məzmun kəsb etməsi özünü daha qabarıq şəkildə büruzə verir. İlk növbədə o baxımdan ki, bu maraqların miqyası genişlənib. İndi ictimai və dövlət maraqlarının müdafiəsi təkcə ölkəmizin sərhədləri ilə məhdudlaşmır.

Belə ki, dünya azərbaycanlılarının, o cümlədən İrandakı soydaşlarımızın hüquqlarının müdafiəsi ön plana gəlib. Əslində bu, həm də Azərbaycanda ictimai və dövlət maraqlarının artıq mühüm tərkib hissəsi kimi də çıxış edir. Belə vəziyyət İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqların təzahürüdür və ölkəmiz bu məsələdə qətiyyətlidir.

İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra İran hakimiyyəti Azərbaycana münasibətdə çoxsaylı yanlışlıqlara yol verdi. Bu ən müxtəlif məqamlar üzrə özünü qabarıq şəkildə büruzə verdi. Məsələn, İran Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında birdən-birə hərbi təlimlərə başladı. Halbuki, Ermənistanın işğal siyasətini həyata keçirdiyi dövrdə İran hərbi qüvvələri Azərbaycanın zəbt olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməmişdi. İkinci Qarabağ müharibəsindən sonra İran Azərbaycan sərhədləri yaxınlığında üç hərbi təlim keçirib.

Bundan başqa, İran Ermənistanla birlikdə Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı prezident İlham Əliyev başqa bir maraqlı məqama da diqqət çəkib: “İran rəsmiləri, o cümlədən çox yüksəkvəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr. Bunlar Azərbaycan xalqının verdiyi suallardır. Bu sualı təkcə mən vermirəm. Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir”. İranla münasibətdə tamamilə haqlı mövqedə olan Azərbaycan başqa bir mühüm nüansa da diqqət edir. Söhbət İrandakı soydaşlarımızdan gedir. Onların hüquqlarının müdafiəsi bu gün Azərbaycanda ictimai və dövlət maraqlarının əhatə dairəsində daxildir. Ölkəmiz bunun üçün artıq hər şeyi etməyə hazırdır. Elə prezident İlham Əliyev də bu xüsusda konkret mesajlar verib: “Biz öz həyat tərzimizi, dünyəvi inkişafımızı, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır… İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir”. Həqiqətən də İranda soydaşlarımız ən elementar hüquqlarından belə məhrumdurlar. İranda yaşayan etnik azərbaycanlılar hökumətdən Azərbaycan dilinin məktəblərdə tədris edilməsini uzun illər istəsələr də bu xüsusda heç bir addım atılmayıb. Ana dilində təhsil istəyənlər tələblərinin konstitusion hüquqları və öz dilində danışmağın insanların təbii haqqı olması arqumentləriylə müdafiə edir, İranda savadsız kütlənin əksəriyyətinin etniklərdən ibarət olduğu və bunun fars dilində təhsil alma məcburiyyətindən yarandığı fikriylə əsaslandırırlar. Lakin İran rejimləri indiyə kimi bunu görməzlikdən gəliblər. Amma artıq vəziyyət dəyişib.

Soydaşlarımızın hüquqlarının müdafiəsində Azərbaycan dövləti indi daha aktiv mövqe sərgiləyir

Hazırda İran etiraz aksiyaları davam edir və bu, çox güman ki, ölkədə rejim dəyişikliyinə gətirib çıxaracaq. Son məlumatlara əsasən, İranın 156 şəhərində hökumət əleyhinə mitinqlər və nümayişlər davam edir ki, onların fəal iştirakçıları ölkənin 14 universitetinin tələbələridir. İranda fəal narazılığın ifadəsi ilə yanaşı, passiv etiraz da baş verir: hər gün daha çox hicabsız qadın ölkənin küçə və meydanlarında görünür.

Bu halalr bəzi məmurları hiddətləndirir. Belə ki, parlamentin Məhkəmə-Hüquq Komissiyasının rəhbəri Musa Qəzənfərəbadi təhlükəsizlik qüvvələrini etirazlar başlayandan bəri məcburi hicab taxmaq qanununu pozan bütün qadınların kimliyini müəyyən etməyə və onları həbs etməyə çağırıb. Amma bu fonda elə qadınların iştirakı ilə “Xamneyiyə ölüm”, “Diktatora ölüm”, “Qadın, həyat, Azadlıq” və sair şüarlarla İsfahan, Qəzvin, Buşehr, Rəşt, İlham, Məşhəd və digər şəhərlərdə kütləvi etiraz aksiyaları davam edir. Müxtəlif müəssisələrin iştirakı ilə iqtisadi tətillər genişlənir. “Bəhman Motor” konserni, “Cənubi Pars” neft emalı zavodu, Həştgert şəhərindəki Zərnam zavodu və Buşehr ticarət şəbəkəsinin işçiləri də ümumi tətillərə qoşulublar. Qeyd edək ki, İsfahan, Senandej, Mahabad, Bənai, Saqqız, Piranşehr, Kamiyaran, Bukan, Mərvan, İcaqd və Urmiya şəhərlərində sənaye müəssisələrinin işçiləri bir neçə gündür tətil edirlər. İran şəhərlərinin küçələrində gənclər mollaların başındakı əmammələri yerə atmaqda, hicabları yandırmaqda davam edirlər. İranlı politoloq Nağı Mahmudi bildirir ki, ölkədə ruhani təbəqəni cəmiyyətdən tamamilə təcrid etmək prosesi gedir: “Mollaları sadəcə olaraq cəmiyyətdən sıxışdırıblar. İza şəhərində nümayişdə öldürülən 10 yaşlı Kiyan Pirfelekin anasının oğlanın məzarı başında Quran oxunmasını qadağan etməsi bununla bağlı daha bir faktdır. Belə görünür ki, bundan sonra İslam Respublikasında dəfn mərasimində nə mollalar olacaq, nə də Quran oxunacaq”. Politoloqun sözlərinə görə, aksiyalar əsasən gecə saatlarında keçirilir: “Gənclər od yandırır, küçələri bağlayır, hökumət əleyhinə şüarlar səsləndirirlər. Cavanrud, Dehgyulan, Piranşehr və Muşaviye kimi vilayətlərin şəhərlərində təhlükəsizlik qüvvələri ilə şiddətli toqquşmalar baş verib. SEPAH bu şəhərlərə zirehli maşınlar və əlavə hərbi dəstələr göndərib. Amma bu da aksiyaalrı dayandırmır və artıq İrandakı soydaşlarımız bu prosesdə daha fəal iştirak edirlər. Onların hüquqlarının müdafisəsində isə Azərbaycan dövləti indi daha aktiv mövqe sərgiləyir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Mənbə: www.baki-xeber.com