İran Rusiyanın Avropadakı müttəfiqini “ələ alır”: Daha bir region münaqişəyə sürüklənir - ŞƏRH

İran Rusiyanın Avropadakı müttəfiqini “ələ alır”: Daha bir region münaqişəyə sürüklənir - ŞƏRH<span class="qirmizi"></span>

Ukraynadakı müharibə İran üçün düşərli oldu, onun Moskvanı zərbə dronları ilə təmin etməsi regional dinamikaya təsir göstərir.

İran dronlarını almaq üçün bir neçə ölkənin müraciəti Tehranı müdafiə sənayesini təkmilləşdirməyə sövq edir.

İran indi “Şahed-136” və “Əbabil-2” modellərinin “izdivac”ından doğan hibrid model yaratmaq seçimlərinə malikdir.

Avropa ölkələrindən də İran dronlarını inventarına daxil etməyə çalışanlar var, bu, qoca qitədə keçmişdən qalan münaqişələrə can vermək iqtidarında olan Serbiyadır.

İranla Serbiyanın yaxşı diplomatik-siyasi əlaqələri var, Tehranın Kosovanın müstəqilliyini tanımaması iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb.

Münasibətləri tənzimləyən oktavalar Serbiyanın İran dronlarını idxal etməsi üçün əsaslar yaradır və Belqradın arzularının arxasında daha geniş siyasi və strateji kontekstlər dayanır.

Rusiyanın Ukraynada istifadəsi ilə məşhurlaşan İran dronlarına maraq Serbiyanın Kosova, Bosniya və Herseqovina üzrə iddiaları fonunda Balkan yarımadasını hərbiləşdirəcək.

İrana isə münaqişələrin çoxluğu sərf edir, çünki Balkan regionunda suların qaynadılması Tehranı burada ən böyük pilotsuz uçuş aparatlarının operatoruna çevirə bilər.

Serbiyanın silahlanmasında Rusiya maraqlıdır, çünki Ukrayna müharibəsindəki taktiki məğlubiyyətlər Moskvanın strateji cəhətdən uduzması üçün qapıları aralayır. Belə olan təqdirdə Moskva NATO-nun siyasi iradəsini qırmaq üçün Serbiya ilə müttəfiqlikdən istifadə edərək Balkan regionunda öz ambisiyalarını qurdalayıb ortaya fəsadlar çıxara bilər.

Maraqlıdır ki, Serbiya Rusiya ilə yaxşı münasibətlərdə olan Çindən də dronlar alır və bu, o anlam verir ki, regionda Moskva-Pekin ikilisi Tehran vasitəsilə üçbucaq yaratmağı hədəfləyir.

Serbiyanın Rusiya və Çinlə əməkdaşlığı, Ukraynadakı müharibənin uzanması fonunda Kosova, Bosniya və Herseqovina ilə münasibətlərini təhlükəli dərəcədə gərginləşdirməsi İranın regionda sabitliyi pozan başqa amil olmasına gətirib çıxaracaq.

İranın Mərkəzi Asiya və Avropanın dərinliklərinə nüfuz edən dron sənayesi Türkiyəni də narahat edir, hərçənd ki, Ankaranın müdafiə sənayesindəki dronların effektivliyi, dəqiqliyi, uçuş məsafəsi, zərbə gücü və müasirliyi Tehrandakından qat-qat üstündür.

İran dronlarının Balkan bölgəsinə yön almaq ehtimalları Türkiyəni ona görə qayğılandırır ki, bu, regional təhlükəsizlik mühitinə və Ankaranın maraqlarına siyasi problemlər yaradacaq.

Türkiyə ilə İranın bu region üzərində də rəqabəti rüşeym halındadır və gələcək üçün bu, Avropaya başağrıları gətirəcək.

Ankara, yəqin ki, Serbiyanın və İranın önünü əngəlləmək üçün NATO və İsraillə danışıqları gücləndirib vahid baryer proqramının icra edilməsinə çalışacaq.

Aqşin Kərimov

Mənbə: www.oxu.az