Rusiya KTMT sammitinin nəticələrinə görə Ermənistandan qisas almağa hazırlaşır

Rusiya KTMT sammitinin nəticələrinə görə Ermənistandan qisas almağa hazırlaşır<span class="qirmizi"></span>

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvan sammitinin nəticələri Ermənistan üçün ciddi qorxu mənbəyi olaraq qalmaqda davam edir. Burada hesab edilir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina etməsinin ağır nəticələrini İrəvan tezliklə görəcək. Geosiyasi məsələlər üzrə erməni analitik Arbak Xaçatryan da bu fikirdədir.

O hesab edir ki, Paşinyanın addımları anlaşılmazdır: “Sənəd imzalanmayacaqdısa, onda niyə Ermənistan sammitin keçrilməsinə razılıq verirdi? Mən düşünmürəm ki, dövlətlərin rəhbərlərinin nəyisə razılaşdırması və bunu etməməsi kimi bir vəziyyət mümkündür. Paşinyanın hərəkəti daha çox daxili auditoriyaya yönəlmiş bir hərəkət idi. Amma burada təhlükələr görürəm. Bu vəziyyətdə belə bir addımın atılmasının effektli olacağını düşünmürəm, risqlər hesablanmır. Xarici işlər nazirləri və müdafiə nazirləri əvvəlcədən nə barədə razılığa gəliblər? Mən KTMT-nin addımlarına heç cür haqq qazandırmıram, amma anlamaq istəyirəm ki, belə bir əməlin faydalı təsir əmsalı nədir, xalqımız hansı yeni sınaqlarla üzləşəcək? Təhlükəsizlik sistemi tamamilə dağılıb, nə gözləmək olar? KTMT ölkələrinin prezidentlərini toplayın və onlara deyin ki, mən imzalamıram. Bunun əvvəlcədən düşünülmüş addım olduğuna şübhə edirəm və gələcəkdə hansı təhlükələrin yaranacağı məlum deyil. Diplomatiyamız, təhlükəsizliyimiz yoxdur, həqiqətən də əndişələrim var”. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin də məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: “Nikol Paşinyan bizimlə ikibaşlı oyun oynayır”. Zatulin bunu Paşinyanın KTMT bəyannaməsinin layihəsini imzalamaqdan imtina etməsi ilə izah edib: “Bir tərəfdən o başa düşməlidir ki, bir çox ermənilər Rusiya-Ermənistan dostluğu ideyası ilə tərbiyə olunublar. Digər tərəfdən, səhərdən axşama kimi Paşinyanın bütün tərəfdarları Rusiyaya xəyanəti və Ermənistanı Azərbaycandan qoruya bilməyən KTMT-nin dəyərsizliyini təbliğ edirlər”. Zatulin əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin KTMT sammitinə Ermənistana hörmət və onu müdafiə etməyə hazır olduğunu nümayiş etdirmək üçün gəlib: “Lakin Paşinyan Azərbaycanla sərhədə KTMT-nin monitorinq missiyasının göndərilməsini təsdiq edən sənədi imzalamaqdan imtina etməklə bu vəzifəni çətinləşdirib”. Rusiyalı politoloq, tarixçi, Yaxın Şərq və Qafqaz üzrə ekspert Stanislav Tarasov Ermənistanın “Qraparak” nəşrinə açıqlamasında bildirib ki, Paşinyan çox ağıllı adamlarla nərd oynamağa çalışır, amma oyunu uduzur: “Baxın, KTMT-yə müraciət etməklə Ermənistan “işğalçılıq aktı”nın törədildiyini deyir, bunu Qazaxıstanla müqayisə edir, amma orada dövlət çevrilişinə cəhd olub, borşu omletlə qarışdırmaq olmaz. Sərhədin demarkasiyası aparılmadığı üçün “təcavüz faktı” hüquqi cəhətdən müəyyən edilməyib. Azərbaycan “A” dağını özününkü hesab edir, Ermənistan isə özününkü hesab edir, ona görə də KTMT-nin burada heç bir əlaqəsi yoxdur. Amma nəticədə gördük ki, Paşinyan prosesi Qərb platformasına daşıdı, Brüssel də buna razı oldu. Ruslardan nə istəyirdi? KTMT heç bir əsas olmadan Ermənistanla Azərbaycan sərhədində dayanacaqdı? O, KTMT-ni münaqişəyə cəlb etmək istəyirdi? İlham Əliyev isə Paşinyanın oyununu oynamaqla bütün diplomatik kombinasiyaları, bütün dramları üzə çıxarmağa imkan verdi. Mişustin Bakıya getdi, Putin Əliyevə zəng etdi və bundan sonra KTMT-nin iştirakı ilə Paşinyan ssenarilərinin baş tutmayacağı artıq bəlli olanda Paşinyan sənədləri imzalamaqdan imtina etdi”.

Ekspert xatırladır ki, Paşinyan 15 sənəddən yalnız ikisinə imza atmayıb: “Heç nə, dəhşətli bir şey olmayıb. Amma Ermənistanda bəzi qüvvələrin qışqırmasına şərait yaratdı ki, ruslar bizi tək qoyub, bizi qorumur. Diplomatiyanız daha çox əyalət xarakteri daşıyır. Əsas çatışmazlıq budur. Siz əminsiniz ki, Rusiya Ermənistanı özünə əyalət etmək istəyir? Belə deyil. Rusiya Federasiyası Ermənistanı hətta birləşmiş dövlətin tərkibinə daxil etmək istəmir. Həm Azərbaycanı, həm də Gürcüstanı öz tərkibinə daxil etmək istəmir. Rusiyanın yeganə problemi cənubda vəziyyətin sabit olması, təhlükəsizlik baxımından risqli olmaması, Yaxın Şərqdən gələn sunamini cilovlamaqdır. Rusiyanın bu regiondakı siyasətini düzgün başa düşmək lazımdır. Bizim İran və Türkiyə ilə yaxşı münasibətlərimiz var və münasibətlər qururuq, İrəvan bizim onun maraqlarının girovuna çevrilməyimizi istəyir. Ermənistan KTMT-dən çıxmaq istəyirsə, lütfən çıxsın, o zaman İlham Əliyevin İrəvanın Azərbaycan torpağı olması arzusu gerçəkləşəcək”. Baş verənlərlə bağlı “armenianreport” portalı da mühüm nüanslara diqqət edir. Portal xatırladır ki, KTMT sammitindən sonra Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Yevgeni Fyodorov çox hədələyici bəyanatla çıxış edib. Fyodorov deyib: “Ermənistan geosiyasi baxımdan dalana dirənmiş ölkədir. Onun yaşaması Rusiyadan asılıdır. Ermənistan qanunla SSRİ-dən çıxmayıb. Yəni bu, qeyri-qanuni ictimai qurumdur. Bununla bağlı hərəkətə keçməliyik”. Portal yazır: “Rusiya prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenkonun ölkəmizə səfəri ilə bağlı İrəvanda keçirilən etiraz aksiyalarına Fyodorov belə münasibət bildirib. Bu etirazlar zamanı bütün dünya Avropa İttifaqının və Ukraynanın çoxlu sayda bayraqlarını gördü. Yəni Ermənistanın kimin tərəfində olduğu göstərildi. Təbii ki, Kreml dərhal Fyodorova və digər tənqidçilərinə “vur” əmrini verdi. Daha sonra hamı Nikol Paşinyanın addımını gördü. O, açıq şəkildə KTMT sammitinin yekun bəyannaməsini, eləcə də təşkilatın Ermənistana kollektiv yardım göstərilməsi haqda qətnaməsini imzalamadı. Bununla da Putin və Lukaşenkonun planlarını açıq şəkildə alt-üst etdi. Putin və Lukaşenkonun reaksiyasını hamımız gördük. Rusiya prezidentinin reaksiyasını xatırlamaq xüsusilə vacibdir. Lukaşenko İrəvanda Putinin ona tapşırdığı rolu oynadı. Nəticədə fiziki olaraq sağ qaldı. Amma Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Vladimir Makeyin “qəfil ölümü” haqda tam fərqli nüanslar mövcuddur. Makeyi Lukaşenkonun mümkün varisi adlandırırdılar. O, Rusiyanın birbaşa və sərt təsiri altında olmayan bir neçə nəfərdən biri idi. Britaniyanın “The Daily Mirror” nəşrinin məlumatına görə, Vladimir Makey Ukrayna münaqişəsi ilə bağlı “gizli danışıqlardan” sonra dünyasını dəyişib. Britaniyalılar vurğulayırlar ki, Makey “rəsmi Minsklə Qərb arasında yeganə kommunikasiya kanalı” olub. Vladimir Makeyin müəmmalı ölümü Papanın elçisi Ante Yoziçlə Ukraynada müharibəyə son qoymaq üçün gizli sülh planını müzakirə etməsindən bir gün sonra baş verib. Deməli, onlar açıq şəkildə etiraf edirlər ki, Putin Rusiyasının ölümcül qucağından hansısa yolla xilas olmaq cəhdləri siyasətçilərin fiziki məhvi ilə nəticələnir. Və mən inanıram ki, Putin bununla Lukaşenkoya aydın siqnal göndərdi – Ukraynada hər şeyi mənim dediyim kimi etməsəniz, növbəti qurban siz olacaqsınız. Tamamilə aydındır ki, Putin Nikol Paşinyanın fiziki cəhətdən məhv edilməsi planını hazırlayır. Kremlin bütün təbliğatçıları, demək olar ki, açıq şəkildə buna çağırışlar edirlər. Deputat Fyodorov kimi şəxslər bütövlükdə Ermənistanı təhdid edir. Deməli, Qərb erməni dövlətçiliyini, erməni demokratiyasını qorumağa borcludur. Çünki onlar ölümcül təhlükədədir”.

Nahid SALAYEV

Mənbə: www.baki-xeber.com