Bakı bu dəfə Ərdoğan - Əsəd görüşünə səhnə ola bilər – gözlənilməz gəlişmə...

Bakı bu dəfə Ərdoğan - Əsəd görüşünə səhnə ola bilər – <span class="qirmizi">gözlənilməz gəlişmə...</span>

Türkiyə və Suriya liderləri arasında birbaşa təmasların yaradılması imkanları yenidən müzakirə olunur. Ötən günlərdə Prezident Rəcəb Tayyib Ərdoğanın Qətərdə Misirin dövlət başçısı ilə 9 ildən sonra ilk dəfə görüşü, ardınca  Bəşər Əsədlə danışıqları istisna etməməsi münasibətlərin bərpa olunması ehtimallarını artırır.  Son günlər Türkiyə hökumətinə yaxın mətbuat orqanları da Suriya məsələsinə həssaslıqla yanaşaraq, Ərdoğanın Əsədlə görüşünün mümkün olacağını yazırlar. Mətbuatda yer alan xəbərlərə əsasən, Türkiyə və Suriyanın nümayəndələri iki ölkənin prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında şəxsi görüş təşkil etmək üçün pərdəarxası diplomatiya həyata keçirirlər.  2011-ci ildən bəri görüşməyən liderlərin nə vaxt və harada bir araya gələcəyi hələlik sual altındadır.

Beynəlxalq Jurnalistlər Şurasının (Küresel Gazeteciler Konseyi) Suriya üzrə nümayəndəsi, analitik Deniz Bustani şərhində görüşün hansı ölkədə keçirilmə ehtimalından da danışıb. O hesab edir ki, indiki durumda Ərdoğan-Əsəd görüşü Azərbaycanda təşkil oluna bilər: “Türkiyə və Suriya arasında diplomatik münasibətlər ən gec gələn ilin iyul, avqust ayına qədər normallaşa bilər. Cənab Ərdoğan və Bəşər Əsəd arasında ilk görüş bu iki ölkədən birində deyil, hər hansı üçüncü ölkədə ola bilər. Hətta iki ölkənin ortaq çıxarları baxımından, həm də tarixi əlaqələri nəzərə alaraq bu görüş Azərbaycanda ola bilər”. Bilirsiniz ki, Bakı son illərdə aralarında gərginliklər yaşanan NATO, ABŞ və Rusiya hərbi rəhbərlikləri arasında bir neçə dəfə görüş yeri kimi seçilib. Bu təcrübə də onu deməyə əsas verirmi Ərdoğanla Əsədin Bakıda görüşünün keçirilməsi mümkün ola bilər? Bakı belə bir görüşə necə yanaşar?

Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a bildirdi ki, Türkiyə Prezidenti Ərdoğanın müəyyənləşdirdiyi xarici siyasət kursu öz çevikliyi və dinamizmi ilə diqqəti cəlb edir. Türkiyə yeni geosiyasi reallıqlar fonunda münasibətləri pozulmuş dövlətlərlə də əlaqələrinə yenidən baxmaq kursunu seçib: “Bu baxımdan da hesab edirəm ki, Misir, Suriya, İsrail dövlətlərinin adını xüsusilə qeyd etmək olar. Cənab Ərdoğanın bir neçə gün öncə Qətərdə Misir Prezidenti ilə görüşməsi və onunla ikitərəfli münasibətlərin geniş spektrinə dair məsələləri müzakirə etməsi dediklərimizi bir daha təsdiq edir. Nəzərə alsaq ki, son 9 il ərzində iki ölkənin siyasi liderləri arasında bu cür təmaslar olmamışdı. Eyni yanaşma tərzi Türkiyə-Suriya münasibətlərinə də xarakterikdir. Artıq KİV-də yayılan məlumata görə, Ərdoğan hökuməti Suriya ilə də münasibətlərinə yenidən baxmaq siyasətini müəyyən edib. Məsələyə bu kontekstdə yanaşılsa istisna deyil ki, yaxın perspektivdə, növbəti ilin iyul-avqust aylarında Ərdoğan və Bəşər Əsədin görüşü keçirilə bilər. Bu artıq ikitərəfli münasibətlərin tarixində doğrudan da tarixi bir dövr olar. Artıq 11 ildir rəsmi Ankara və Dəməşq arasında heç bir birbaşa təmas yox idi, tərəflər bir-birini ittiham edir və bir-birinə düşmən gözü ilə baxırdılar. Bu da onu göstərir ki, sözün həqiqi mənasında müasir Türkiyə, dünyanın güc mərkəzlərindən birinə çevrilmiş Türkiyə qlobal beynəlxalq səviyyədə də hücum diplomatiyasına söykənən diplomatiyaya üstünlük verir. Bu diplomatiya sayəsində milli maraqlarını təmin edə bilir”.

Deputat qeyd etdi ki, Ərdoğanla Əsədin görüşünün harada keçiriləcəyi artıq daha çox müzakirə edilməyə başlanır. Ən diqqətçəkən məqam odur ki, bir çox tanınmış siyasi ekspertlər Türkiyə və Suriya liderlərinin tarixi görüşünün keçirilməsi üçün məkan qismində Azərbaycanın olacağını istisna etmirlər. Bunun da ciddi əsasları var: “Çünki Azərbaycanın bu sahədə böyük və yaxşı təcrübəsi var. Ən başlıcası Azərbaycan Prezidenti İlham Əliyev müstəqil, milli maraqlara söykənən siyasət həyata keçirir, güc mərkəzləri ilə bərabər məsafədə dayanmağı bacarır. Nəzərə alsaq ki, ABŞ-NATO və Rusiyanın hərbi rəhbərliyi arasında 7 dəfə Bakıda görüş keçirilib. Bu faktın özü bir ciddi göstəricidir. Dünyanı narahat eləyən ən mürəkkəb məsələlərin Bakıda müzakirə edilməsi və çıxış yollarının tapılması ənənəsi formalaşıb. Bunu Azərbaycan dövləti və onun rəhbəri yeritdiyi müstəqil siyasət nəticəsində qazanıb. Bu, Azərbaycanın dünyada nüfuzunun artmasında ciddi amil rolunu oynayır. Bakı bu cür görüşlərə ev sahibliyini uğurla həyata keçirir. Ona görə də hesab edirəm ki, Ərdoğan və Əsəd arasında görüşün Bakıda keçirilməsində də bir qanununauyğunluq var”.  

Mənbə: musavat.com