Onlar Türkiyəni belə cəzalandırmaq istəyir -10-15 gün içərisində... - Generaldan ŞOK

Onlar Türkiyəni belə cəzalandırmaq istəyir -10-15 gün içərisində... - <span class="qirmizi">Generaldan ŞOK</span>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalında həyata keçirilən "Pence-Kilit"lə bağlı bildirib ki, təyyarələrlə, PUA-larla aparılan əməliyyatlar sadəcə başlanğıcdır. O əlavə edib ki, ən uyğun vaxtda quru əməliyyatları da başlayacaq.

Bəs hava əməliyyatı nə vaxt bitə bilər?

Ehtiyatda olan general-mayor, Türkiyə səfirliyinin Azərbaycandakı keçmiş hərbi attaşesi Yücel Karauz Musavat.com-a bildirib ki, "Pençe-Kilit" əməliyyatı sayəsində 385 kilometrlik İraq-Türkiyə sərhədinin 30 km dərinlikdə təhlükəsizliyi təmin olunur:

"Zap bölgəsi əməliyyatın aparıldığı yerdir. Bu günə qədər orada 600 mağara, 2 minə yaxın kustar üsulla hazırlanmış partlayıcı maddə, 1200 növdə silah və 600 minə yaxın silah-sursat müəyyən edilib. Dolayısı ilə, Zap bölgəsi əməliyyatın ən mürəkkəb nöqtəsidir. Oradakı mağaraların çoxu bir-birinə sıx bağlıdır. Hava şəraitini də nəzərə alsaq, "Pençe-Kilit" əməliyyatının 10-15 gün içərisində tamamlanacağını zənn edirəm. Türkiyə əlbəttə ki, istədiyi nəticəni alır. Artıq İraqdan Türkiyəyə terror sızması yoxdur. İraq dərinliklərində əməliyyatlar davam edir. Hegemon dövlətlər həmişə olduğu kimi, bu dəfə də "Pençe-Kilit" əməliyyatına qarşı çıxdılar. Lakin əməliyyatlar bitmək üzrədir, artıq onların mövqelərinin bir mənası yoxdur. Türkiyə 3 ildir ki, İraq mərkəzi hökumətinə və İraq kürd administrasiyasına bu əməliyyatı birgə həyata keçirməyi təklif edib, əks halda terrorçuları təkbaşına məhv edəcəyini dəfələrlə deyib. Onlar addım atmadıqları üçün Türkiyə BMT-nin 51-ci maddəsinə uyğun olaraq müdafiə haqqını istifadə edir. Hazırda Suriyadan (Ayn Əl-Ərəb, Münbiç və Tel-Rıfat) terror fəaliyyətləri həyata keçirilir. Türkiyə 911 kilometrlik Suriya sərhədinin 450 kilometrində 4 əməliyyatla təhlükəsiz zona yarada bilib. Təhlükəli zonalardan isə zaman-zaman sızmalar ola, Türkiyədə terror aktları törədilə bilər. 100 faizlik təhlükəsizlik yoxdur. Türkiyə ordusunun apardığı "Pençe-Kilit" əməliyyatı dünya tarixində bir ilkdir. 1200 kilometr endə, 200 kilometr dərinlikdə 88 hədəf məhv edilib. Quru əməliyyatları da olmazsa, olmazdır. Türkiyə Silahlı Qüvvələri bu əməliyyatları uyğun zaman və uyğun yerdə başladacaq. Türkiyə tökülən qanlarının hesabını soruşacaq. Son terrorçu məhv edilənə qədər mübarizə davam edəcək".

Mənbə: musavat.com