Xankəndidə “iki hakimiyyətlilik” - Vardanyanla Araik qarşı-qarşıya

Xankəndidə “iki hakimiyyətlilik” - <span class="qirmizi">Vardanyanla Araik qarşı-qarşıya</span>

Şuşadan ayaqyalın qaçsa da, Araik və ona sadiq qalan dəstəsi özlərini hələ də “müharibə qəhrəmanı” hesab edirlər və bu illərdə bir güllə səsi eşitməyən, Rusiyada kef edən Vardanyana qondarma “hakimiyyəti” asanlıqla verməyəcəklər

Rusiyadan Qarabağa köçən erməni milyarder Ruben Vardanyan ötən həftə separatçı rejimin başçısı Araik Arutyunyanın bir neçə “nazirini” öz “idəetməsinə” daxil etdi. Beləliklə, Araik Arutyunyan da açıq etiraf elədi ki, daha hər şey onun əlində cəmləşmir və faktiki “iki hakimiyyətlilik” mövcuddur. Sitat: “Siyasi qüvvələrin belə bir narahatlığı vardı ki, hər şey bir şəxsin - prezidentin əlində cəmləşib.

Yeni hökuməti formalaşdırmaq üçün növbədənkənar seçkilərə getmək lazım idi. Amma bu gün buna ehtiyac yoxdur, çünki daha hər şey mənim əlimdə cəmləşmir. Təbii ki, dövlət nazirinin funksiyalarının ayrılması nəticəsində mövcud narahatlıqlar bu gün öz həllini tapmış kimi görünür”. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Vardanyan da onun nəzarəti altına verilmiş “nazirlərlə” görüşündə “mövcud böhranlı vəziyyət yeni idarəetmə yanaşmaları tələb edir” açıqlaması verdi. Vardanyan onları öz işlərinə “tam məsuliyyətlə yanaşmağa və vəzifələrini tam şəkildə yerinə yetirməyə çağırıb”. Araik isə hələ ki səlahiyyətlərinin “yarısını” verməklə Xankəndidə qalmaq istəyir. Amma belə görünür ki, Vardanyan onu tezliklə “yola salmaqda” israrlıdır.

Noyabrın 28-də Araik separatçı rejimin rəhbəri kimi iclas çağırıb. Müzakirə mövzusu da ermənilər üçün kifayət qədər həssas məsələyə - “artsax” ətrafındakı mövcud vəziyyətin təhlilinə həsr olunub. Qondarma Milli Assambleyanın sədri Artur Tovmasyan, “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan, “Prezident Aparatının” rəhbəri Karen Şahramanyan, “xarici işlər naziri” David Babayan və digərlərinin iştirak etdiyi tədbirdə Ruben Vardanyan gözə dəyməyib. Vardanyan RTVI telekanalına son müsahibəsində özünü Xankəndidə “situasiyanın ağası” kimi təqdim etməyə çalışıb. O, Araiki gözardı edərək bildirib ki, bütün sahələri əhatə edən 15-ə yaxın islahat həyata keçirməyə hazırlaşır - hərbidən tutmuş iqtisadiyyata qədər.

Vardanyan habelə Ermənistanın baş naziri Nikol Paşinyanla münasibətləri barədə danışıb ki, bu da təsadüfi deyil. Çünki bəzi erməni nəşrləri iddia edirdi ki, Vardanyanın Qarabağa gəlməkdə məqsədi Paşinyanın yerinə hazırlıqdır. Vardanyan isə Paşinyanla ilk dəfə 2018-ci ildə, məxməri inqilabdan sonra görüşdüyünü bildirib. “Ona dedim ki, məni narahat edən, həyat tərzimi dəyişməyə hazır olduğum yeganə mövzu "artsax"dır. Mən ona açıq demişəm ki, heç vaxt əvvəlki prezidentlərin siyasi fəaliyyətinə qarışmamışam və indi də qarışmaq fikrində deyiləm, amma “artsax” mənim üçün qırmızı xətdir" sözləri əslində Araikə xəbərdarlıq kimi qəbul edilməlidir. Ruben demək istəyir ki, onun Ermənistanda hakimiyyətə gəlmək kimi iddiası yoxdur, Xankəndidə qalacaq.

Bununla belə, Şuşadan ayaqyalın qaçsa da, Araik və ona sadiq qalan dəstəsi özlərini hələ də “müharibə qəhrəmanı” hesab edirlər və bu illərdə bir güllə səsi eşitməyən, Rusiyada kef edən Vardanyana qondarma “hakimiyyəti” asanlıqla verməyəcəklər. İstisna deyil ki, hələ də Araikin ətrafında qalan başıpozuq silahlı dəstələr ya Qarabağda təxribata əl ata, ya da Vardanyanı qorxuda bilərlər. Amma fakt faktlığında qalır ki, Xankəndidə ermənilərin bir-birilərinə güllə atması uzaqda deyil... Yeri gəlmişkən, Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti iddia edib ki, Rusiya Prezidenti Vladimir Putin noyabrın 23-də İrəvanda Qarabağdakı separatçıların rəhbəri Araiklə görüşüb. Görüş isə “Dvin” hotelində baş tutub. Separatçılar məlumatı təkzib ediblər. Moskva isə suala cavab verməyib. Bölgədə separatizmin hərəkətlənməsi, qol-budaq atması fonunda Bakı nə etməlidir? Araik-Ruben qarşıdurmasından yararlanmaq mümkündürmü? Azərbaycan Vardanyanla danışıqlardan imtina edib, Prezident açıqladı ki, özümüz ermənilərlə danışacağıq. O zaman Vardanyan yuxarı Qarabağda təkhakimiyyətliyə sahiblənərsə, bizim siyasətimiz nədən ibarət olacaq?

Azad MƏSİYEV - TEZADLAR

 Azad Məsiyev

“Xankəndidə yaşayan ermənilərə 44 günlük müharibədə məğlubiyyət böyük təsir etməkdədir. Onlar baş verənlərdən ayıla bilməyiblər. Sadəcə, Ermənistanda siyasi hakimiyyətlər həmişə Qarabağdakı proseslərin fonunda iqtidara gəliblər. Paşinyanı isə amerikalılar hakimiyyətə gətiriblər. Ona görə Rubenin Qarabağda yetişdirilib İrəvanda hakimiyyətə gətirilməsi planı qurulmaqdadır. Yəni bu gün Vardanyanın bölgədə fəallığı Xankəndi yox, İrəvanla bağlı hesablanıb”. Bu fikirləri siyasi ekspert Azad Məsiyev “Yeni Müsavat”a şərhində qeyd etdi. Onun sözlərinə görə, bir növ Xankəndi siyasi laboratoriyadır, siyasi fiqurları yetişdirib Ermənistanda hakimiyyətə gətirirlər. “Rusiyanın planı Vardanyan üzərindən həyata keçirilir”, - deyə ekspert düşünür. Siyasi şərhçinin fikrincə, Paşinyan hakimiyyətinin addımları Rusiyanı qane etmir: “Onu Soros iqtidara gətirdi və ABŞ-ın mövqeyi güclənməkdədir. Həmçinin antirus siyasəti yürüdülməkdədir. İlk vaxtlardan Rusiya şirkətlərini sıxışdırmağa başladılar. Bu səbəbdən Kreml İrəvanda iqtidar dəyişikliyini planlaşdırır. Azərbaycanın belə vəziyyətdə Xankəndi siyasəti isə Qarabağdakı ermənilərin Bakıya tabe etdirilməsi olacaq. Qarabağ erməniləri vətəndaşlığı qəbul etməklə bizimlə eyni hüquqlara malik olacaqlar. Amma 30 il ərzində yığılan problemi qısa müddətdə həll etmək, inteqrasiyaya sürətlə nail olmaq mümkün deyil. Ona görə növbəti mərhələdə erməni silahlı dəstələrinin çıxarılması ilə bu proses irəliləyəcək”.

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən  terrorçu görünmür” – MÜSAHİBƏ | DEFAKTO.AZ

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova isə bildirir ki, Araik estafeti Rubenə ötürməkdədir: “Moskva Qarabağ ermənilərini milyarderin pulları ilə ümidləndirir. Onlar düşünürlər ki, rus hərbçiləri onları Azərbaycan əsgərlərindən "qoruyur", milyarder Vardanyan da sosial-iqtisadi çətinliklərini həll edəcək. Bununla hesab edirlər ki, 44 gündə yaşadıqları məğlubiyyəti kompensasiya edə biləcəklər. Rusiya bu ərazilərə öz protektoratı kimi baxmaqdadır. Ruslar Abxaziya variantını gerçəkləşdirmək üçün bütün addımları atıblar, indi top bizdədir, bu ssenarini alt-üst etmək üçün konkret tədbirlər görməliyik. Əks halda, Vardanyan Arutyunyandan hakimiyyəti almaqla Kremldən daha böyük dəstəyi qoparıb Qarabağın dağlıq bölgəsində fəaliyyətini gücləndirməyə çalışacaq. Araik bilir ki, Moskvanın adamına bata bilməyəcək, kənara çəkilir. Görünür ki, Nikol da onu başa salıb".

Ekspertin fikrincə, əgər Vardanyan İrəvanda iqtidara gəlmək planları üzrə addımlar atmağa başlasa, bax o zaman Paşinyan Araiki yenidən fəallaşdıracaq ki, Rubeni Xankəndidə neytrallaşdırsın, təhlükə Ermənistana doğru gəlməsin: “Mən proseslərin gedişini belə görürəm. Hər halda, Araiklə Ruben üz-üzədirlər, biri Putinin, biri Paşinyanın adamıdır. Bizə isə hər ikisini bölgədən rədd edib çıxarmaq lazımdır, üçüncü variant qalmayıb... Azərbaycan Ordusu bu işi görməlidir. Erməni ekspertləri də artıq həyəcan təbili çalırlar ki, Laçın keçidi bağlana bilər. Amma keçidi bağlamaq yox, nəzarətə götürmək lazımdır. Hörmətli Tofiq Zülfüqarov da bu təklifi səsləndirdi ki, yolu bağlasaq, ermənilər həşir qoparacaq, əleyhimizə işləyəcək, nəzarət etsək, onda gediş-gəliş kontrolumuzda olmaqla Qarabağda nələr baş verdiyini biləcəyik”.

Mənbə: musavat.com