Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşüb - FOTO

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşüb - FOTO<span class="qirmizi"></span>

2 dekabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb. 

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Söhbət zamanı Azərbaycan-Vatikan münasibətlərinin yüksək səviyyəsi, ikitərəfli görüşlərin müntəzəmliyi razılıqla qeyd olunub.

Ceyhun Bayramov Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini və bu xüsusda Azərbaycanın Vatikanda ayrıca səfirliyinin fəaliyyətə başlayacağını qeyd edərək, bunun əməkdaşlığın daha da inkişafına xidmət göstərəcəyinə əminliyini ifadə edib.

Nazir həmçinin qarşı tərəfə 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə təbiətə qarşı törədilmiş cinayətlər, vandalizm və dağıdılmış mədəni və dini irs barədə ətraflı məlumat verib. Azərbaycanın azad edilmiş ərazilərimizdə infrastrukturun, nəqliyyat-kommunikasiya xətlərinin bərpasını həyata keçirdiyi qeyd edilib. Bununla yanaşı, Ermənistanın törətdiyi və davam edən mina təhdidləri və digər təxribatları barədə müfəssəl məlumat verilib. 1990-cı illərin əvvəllərindən 3800-dən yuxarı itkin düşmüş azərbaycanlı barədə hələ də məlumat olmadığı diqqətə çatdırılıb.

Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi Pol Riçard Qallager Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması və sülhün bərpa olunacağına ümid etdiyini bildirib. O, Azərbaycanın Vatikanda səfirliyinin açılmasının vacib addım olduğu, əlaqələrin daha da genişlənməsi üçün səylərin artırılmasının zəruriliyini vurğulayıb. 

Görüşdə, həmçinin Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakı məmnunluqla qeyd edilib və bunun mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirildiyi diqqətə çatdırılıb.

15:19

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində İsveçin xarici işlər naziri Tobias Billström ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda və dünyada baş verən hadisələr müzakirə olunub.

Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edib. İsveçin 2023-cü ildə Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi çərçivəsində Azərbaycanla Aİ arasında əməkdaşlığın, əldə olunmuş razılıqlar üzrə birgə işlərin uğurla həyata keçiriləcəyinə əminlik ifadə olunub.

C.Bayramov həmçinin 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, post-münaqişə mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində fəaliyyəti və bölgədə apardığı bərpa-quruculuq işləri haqqında həmkarını ətraflı məlumatlandırıb. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesi çərçivəsində yaratdığı maneələr, əldə olunmuş razılıqlar üzrə öhdəliklərini pozması və mina təhdidləri daxil bir sıra istiqamətlərdə törətdiyi təxribatlar barədə qarşı tərəfə məlumat verilib.

T.Billström Azərbaycan və İsveç arasında müxtəlif sahələrdə mövcud münasibətlərin inkişafı üçün potensialın olduğunu ifadə edib. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş birgə tədbirlərin keçirilməsinin əməkdaşlığa töhfə verdiyi məmnunluqla bildirilib. Siyasi səviyyədə dialoqun davam etdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bundan başqa, Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu ilə görüşüb.

Görüşdə Azərbaycan və İsveçrə arasında ikitərəfli münasibətlərin gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələlərinə dair müzakirə aparılıb. 

Ceyhun Bayramov həmkarına Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar və bundan irəli gələn məsələlər, kommunikasiyaların açılması və delimitasiya prosesi üzrə cari vəziyyət, habelə azad edilmiş ərazilərdə Azərbaycan hökuməti tərəfindən görülən işlər, o cümlədən ərazilərimizdə mina təhlükəsi barədə ətraflı məlumat verib. 

Öz növbəsində dövlət katibi Livia Leu sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, İsveçrənin Azərbaycanla Ermənistan arasında sülh prosesinə bundan sonra da töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı, həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

14:56

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü baş tutub.

Bu barədə məlumat Ceyhun Bayramovun “Twitter” səhifəsində dərc edilib.

Nazirlər çoxtərəfli əməkdaşlıq platformalarından, ikitərəfli strateji əlaqələrdən, dialoqdan danışıblar. Ceyhun Bayramov Macarıstanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan münaqişəsindən sonra bölgədə yaranmış vəziyyət barədə məlumat verib.

Mənbə: www.oxu.az