Rusiya Türkiyə və Suriya prezidentlərinin görüşünü keçirməyə hazırdır

Rusiya Türkiyə və Suriya prezidentlərinin görüşünü keçirə bilər.

AZƏRTAC xəbər verir ki, bu ehtimalla Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

Onun sözlərinə görə, Rusiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd arasında görüş təşkil edə bilər, lakin məsələ ilə bağlı hələlik konkret qərar yoxdur. D.Peskov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə regionda sabitlik naminə iki prezident arasında görüşün təqdirəlayiq olduğunu vurğulayıb. Kreml Rusiya tərəfinin bu görüşə hərtərəfli dəstək verməyə hazır olduğunu təsdiqləyib.

Bundan əlavə, D.Peskov ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı ilə görüşməyə və Ukrayna münaqişəsinə son qoyulması məsələsini müzakirə etməyə hazır olduğu barədə dediklərinə münasibət bildirib. Onun sözlərinə görə, ABŞ Rusiyaya birləşdirilən yeni əraziləri tanımır və bu, danışıqlar üçün hər hansı əsas tapmaq imkanını çətinləşdirir. D.Peskov əlavə edib ki, ABŞ danışıqlara başlamaq üçün Rusiyanın Ukraynadan çıxmasını şərt kimi irəli sürüb və Kreml bu şərtlərlə danışıqlara getməyə hazır deyil.

Eyni zamanda, Kremlin sözçüsü V.Putinin danışıqlar üçün dialoqa açıq olduğunu da vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşüb - FOTO

SONRAKI XƏBƏR

Uşaqlara baxmaq üçün kredit götürmüşük - 6 qız anası