Laçın dəhlizində nə baş verir? – İlqar Vəlizadə AÇIQLADI

Laçın dəhlizində nə baş verir? – İlqar Vəlizadə AÇIQLADI<span class="qirmizi"></span>

“Laçın dəhlizində heç bir dəyişiklik və buraxılış prinsipində yenilik yoxdur. Hərçənd Azərbaycan tərəfi dəfələrlə sülhməramlılara bildirib ki, dəhlizə nəzarət gücləndirilməlidir, hərbi mahiyyət daşıyan yüklər keçməməlidir, yalnız humanitar məsələlərlə bağlı istifadə olunmalıdır. Ancaq biz görürük ki, xarici vətəndaşlar dəhlizi keçirlər. Bundan əlavə müxtəlif təyinatlı hərbi yüklər Laçın dəhlizindən aparılır. Azərbaycan tərəfi haqlı olaraq deyir ki, bu, yolverilməzdir”.

Moderator.az bildirir ki, bunu News24.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O qeyd edib ki, bir sıra hallarda sülhməramlılar müəyyən tədbirlər görürlər: “Ötən aylarda Azərbaycanın təkidindən sonra Ermənistandan olan bəzi siyasətçilər Laçın dəhlizindən Qarabağa buraxılmadılar. Amma bəzi məqamlarda müraciətlərimizi ciddiyə almırlar. Əslində orada bir sistem və müəyyən çərçivələr olmalıdır. Bu çərçivələri də Azərbaycan təyin etməlidir. Çünki söhbət bizim ərazimizdən gedir və Azərbaycan haqlıdır. Çox güman ki, 2025-ci ildən heç sonra buna da ehtiyac qalmayacaq. Çünki rus sülhməramlıları regionu tərk etməli olacaq”.

Ekspert bildirib ki, yaxın müddətdə vəziyyət müəyyən qədər dəyişməlidir: “Azərbaycan tərəfinin təzyiqi nəticəsində orada Nəzarət-Keçid Məntəqəsi quraşdırılmalıdır. Üçtərəfli Bəyanatı nəzərə alsaq, hələ ki, Laçın dəhlizində heç bir post quraşdıra bilmərik. Oraya rus sülhməramlıları nəzarət edir. Ancaq sərhəddə bunu edə bilərik. Çünki bəyanatda sərhədlə bağlı heç bir müddəa yoxdur. Azərbaycan öz sərhədində post qursa, bu, dəhlizə aid məsələ olmayacaq, sırf sərhədə aiddir. Biz hələ də çalışırıq ki, rus sülhməramlıları öz öhdəliyinə düşən vəzifələrini yerinə yetirsin və bu addıma ehtiyac olmasın. Amma ümumən iki-üç ildən sonra orada Nəzarət-Keçid Məntəqəsi fəaliyyət göstərməlidir. Çünki dövlət sərhədidir və başqa variant yoxdur. Rus sülhməralıları, Ermənistan tərəfi və onların havadarları yaxşı bilməlidir ki, beynəlxalq qanunlar qüvvədədir”.

Mənbə: moderator.az