Dünyanın tanınmış şərqşünasları Bakıda bir araya gələcəklər

Dünyanın tanınmış şərqşünasları Bakıda bir araya gələcəklər<span class="qirmizi"></span>

 

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 14-dən 15-dək Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 100 illiyi ilə əlaqədar “Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanda XX əsrin əvvəllərində şərqşünas kadrlara ehtiyac yarandığından BDU-nun təsisi zamanı yaradılan fakültələrin tərkibində Şərq şöbəsi nəzərdə tutulur. 1922-ci ildən isə şöbə Şərqşünaslıq fakültəsi kimi fəaliyyətə başlayır.

Fəaliyyət göstərdiyi yüz il ərzində böyük tədris və təhsil ənənəsinə malik Şərqşünaslıq fakültəsi Azərbaycan elmi, diplomatiyası, təhsili üçün çoxsaylı şərqşünas-mütəxəssislər və tərcüməçi-filoloqlar yetişdirib.

Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Pakistan, İraq, Polşa və s. ölkələrdən tanınmış alim və şərqşünasların qatılacağı konfransda “Azərbaycanla Şərq ölkələri arasında mədəni əlaqələr”, “Şərq xalqlarının yazılı abidələri”, “Orta əsr şərq ədəbiyyatı”, “Müasir Şərq ədəbiyyatı”, “Türkologiyanın aktual problemləri”, “Türk dünyasının elmi-mədəni əlaqələri”, “Şərq dillərinin öyrənilməsi və tədrisinin aktual problemləri”, “Şərq ölkələrinin mədəniyyətləri, dil və üslub problemləri”, “Tərcümənin nəzəri və praktiki problemləri”, “Multikultural siyasət və mədəni dəyərlər”, “Müharibədən sonrakı dövrdə Azərbaycanın Qarabağ bölgəsində mədəni irsin bərpası”, “Şərq-Qərb: tarixilik və müasirlik”, “Heydər Əliyev və Yaxın Şərqin ərəb ölkələri” kimi mövzular üzrə elmi tezislər əsasında çıxışlar dinləniləcək.

 

Mənbə: azertag.az