Bakıdan İrana SƏRT XƏBƏRDARLIQ - Arazın o tayına çox rahatlıqla keçə bilərik

Bakıdan İrana SƏRT XƏBƏRDARLIQ - Arazın o tayına çox rahatlıqla keçə bilərik<span class="qirmizi"></span>

İki ay əvvəl İran ordusunun Araz çayı sahillərində hərbi təlimə başlaması əslində Azərbaycanı narahat etmirdi. Çünki eyni təlimləri İran molla-fars rejimi tərəfindən 44 günlük müharibədəki tarixi Zəfərimizin birinci il dönümü ərəfəsində də cənub qonşumuz tərəfindən müşahidə etmişdik. Bu təlimlər zamanı başqa məqam üzə çıxdı, molla rejiminin Azərbaycanla bağlı məkirli planı, niyyəti daha qabarıq şəkildə hər kəsə aydın oldu.

Belə ki, Azərbaycan torpaqları 30 illik işğal altında olduğu zaman biz rəsmi Tehrandan bir dəfə də olsun eyni addımı Ermənistanla sərhəddə icra etdiyinin şahidi olmadıq. İki ay öncəki təlimin isə keçənilki təlimlərdən bir əsas fərqli cəhəti diqqətdən yayınmadı. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hər iki təlimi Azərbaycana güc nümayişi, Bakıya təhdid niyyəti ilə həyata keçirilsə də, sonuncu Araz vadisi boyunca 3 gün davam edən təlimlərdə üzən körpü (ponton körpü) quraşdırması, şəxsi heyətin və hərbi avadanlıqların ponton körpülər vasitəsilə Arazın su hövzəsindən Azərbaycan istiqamətində keçirilməsi məşq edildi ki, molla rejimi bununla Azərbaycanı ərazilərini işğal etməklə təhdidə başladığını açıq nümayiş etdirdi.

Buna cavab olaraq ötən ay Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təliminin başlaması Bakının İrana ilk cavabı idi. Amma bu, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimin molla rejiminə edəcəyi sonuncu xəbərdarlıq deyilmiş.

Bu barədə dövlət başçısı İlham Əliyev də ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bu məsələyə xüsusilə toxundu:

"İndi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik.

Biz də onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İran sərhədində hərbi təlimlər təşkil etməli olduq. Biz onlara deyirik ki, onlardan qorxmuruq. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır".

Bəli, dövlət başçısı Ermənistanı hər cür vasitə ilə istər Vətən müharibəsi zamanı, istərsə də ondan sonrakı postkonflik dövründə silahlandıran, ermənilərə qucaq açan, Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanatlar səsləndirən, ərazi bütövlüyünü təhdid etməkdən belə çəkinməyən molla-fars rejiminə iki dövlət arasında bütün bu xoşagəlməz prosesləri başlatdığına görə məsuliyyət daşıdığını bildirdi.

Amma Bakı çox gözəl anlayır ki, rəsmi Tehranın Azərbaycana, azərbaycanlılara nifrəti bununla yekunlaşan, bitən kimi görünmür. Belə ki, İran rəsmiləri Bakının canına qorxu salmaq üçün İran-İraq müharibəsi zamanı ideoloji zəmində "Qüdsə gedən yol Kərbaladan keçir" kimi fikirlərindən necəki istifadə etmişdilər, bu dəfə İran təbliğat maşını eyni tezisi daha da genişləndirərək, "Qüdsə gedən yol Bakıdan keçir" şüarını əllərində bayraq etməyə başladılar.

Artıq bu təhdidlərin həddi aşdığının fərqində olan Bakı və Ankara keçən ilin iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə sadiq qalaraq sənədin iki ölkə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən bu gündən Azərbaycan-Türkiyə birgə təliminə start verdi.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Təlimin keçirildiyi bu ərazinin xüsusilə İranla sərhəddi əhatə etdiyini nəzərə alsaq mesaj kimə və hansı məqsəd daşıdığı tam aydındır.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə ponton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir. Xüsusilə çaylar üzərindən keçid açmaq məqsədilə ponton körpülərin salınması məsələsi diqqətdən kənar qala bilməz. Bu addım bizə iki ay əvvəl İranın Araz vadisi boyunca keçirdiyi təlimlər zamanı eyni təlimi icra etməsinə çox tutarlı cavabdır.

Rəsmi Bakı bununla İrana növbəti dəfə "bizi Arazın bu tayına keçməklə, ərazilərimizə qarşı işğalçılıq niyyəti, planı qurmaq ağlınızdan keçəcəyi təqdirdə biz də edəcəyimizi bilirik. Gələcəyiniz varsa, görəcəyiniz də var. Ərazi bütövlüyümüzə qarşı hər hansı bir cüzi təhdid yaradarsınızsa, Türk Ordusunu Arazın o tayında görə bilərsiniz" mesajı verdi.

Bu, Azərbaycanın Gəncə, Bakı, Naxçıvan kimi tarixi şəhərləriniİran şəhəri adlandıraraq rəsmi Bakıya qarşı ərazi iddiası ilə çıxış etməyə başlayan, son günlər dilindən Bakı Buxtasının vurulması məsələsi düşməyən molla-rejiminə Azərbaycan və Türkiyənin birgə xəbərdarlığıdır. Başı özünə qarışan iran məkirli planlar qurmağa davam edəcəyi təqdirdə, bu niyyəti onun üçün heç də xoş gələcək vəd edə bilməz. Azərbaycana, azərbaycanlılara qarşı daxilində bir soyqrım, təcrid siyasəti həyata keçirən molla-fars rejimi bu cür təxribatyönlü addımlardan, bəyanatlardan çəkinməyəcəyi təqdirdə, Türkiyə və Azərbaycanın nəticəyə hesablanmış birgə praktiki addımlarını sadəcə müşahidə etməli olacaq.

Mənbə: news.milli.az