Tehranın azərbaycanlılara qarşı ənənəvi repressiya siyasəti

Sentyabrın ortalarından başlayaraq İranda səngiməyən kütləvi etiraz aksiyaları artıq teokratik rejimi geri addımlar atmağa məcbur edir. İranın prezidenti İbrahim Rəsisi 1979-cu ildə qəbul olunmuş Konstitusiyanın bəzi maddələrinə dəyişikliklərin edilməsinin mümkünlüyünü vurğulayıb. Baş prokuror M.C.Möntəziri isə yaxın vaxtlarda parlamentin və məhkəmə sisteminin qadınların məcburən hicab geyinməsi qaydalarına yenidən baxacağını bildirib. Baş prokurorluq habelə ictimai yerlərdə şəriət qaydalarına nəzarəti həyata keçərən “əxlaq polisi”nin ləğv olunduğu barədə açıqlama verib. Amma repressiyalar hələ də davam edir

Kütləvi etirazlar fonunda manevrlər etməyə çalışan İran hakimiyyətinin belə gedişləri əslində ölkə cəmiyyətinin və beynəlxalq aləmi çaşdırmğa yönəlib. Uzun illərdən bəri yürütdüyü yalnız “qamçı” siyasətini indi müəyyən mənada “qamçı və kökə” siyasətinə dəyişməklə İrandakı teokratik rejim, sadəcə, vaxt udmağa çalışır. Bunu dünən İranda İsrailin Xarici Kəşfiyyat idarəsi (MOSSAD) ilə əməkdaşlıqda ittiham olunan 4 nəfərin edam edilməsi də təsdiqləyir. Bu ittihamla daha 3 adam isə 5 ildən 10 ilədək həbs cəzasına məhkum olunub.
Hazırda öz aqoniyasını uzatmağa çalışan İran hakimiyyəti bu və ya digər uydurma ittihamlarla istibdad rejiminin əleyhinə çıxan insanları siyasi baxışlarına görə qətlə yetirir və ya həbsxanalara atır. İranın Milli Təhlükəsizlik şurasına istiunad edən yerli “Mizan” agentliyi sentyabr ayından inidiyədək etiraz aksiyalarında 200-dən çox adamın öldüyünü bildirib. Halbuki, “Iran Human Rights” hüquq müdafisəi təşkilatı noyabr noyabr ayının sonlarında 28 qadın və 60 uşaq da daxil olmaqla ən azı 448 insanın qətlə yetirildiyi barədə məlumat açıqlamışdı.

Azərbaycanlılara qarşı repressiyalar ənənəsi

Son hadisələr fonunda İranın dövlət kimi formalaşmasında ən böyük çəkiyə malik olan azərbaycanlıların hüquqlarının tapdanması və onlara qarşı repressiyaların ənənəvi qaydada davam etməsi xüsusi narazılıq doğurur. Bu müstəvidə cənublu soydaşlarımızın üzləşdiyi ciddi problemlərin dünya ictimaiyyətinə çatdırılması üçün İrandan olan, hazırda ABŞ və Kanadada akademik təhsil alan azərbaycanlılar xüsusi təşəbbüs qrupu yaradıb. 16 hüquq müdafiəçisinin iştirakı ilə bu qrup İranın Azərbaycan bölgəsində İran hökuməti tərəfindən insan haqları pozuntularını özündə əks etdirən xüsusi hesabat hazırlayıb.

Hesabatda qeyd olunan tarixi faktlar və işıqlandırılan müasir reallıqlar təxminən bir əsrdir ki, İranda azərbaycanlılara qarşı açıq-aşkar diskriminasiya siyasətinin aparıldığını sübuta yetirir.

Rəsmi Tehran heç vaxt ölkənin etnik və dil qrupları üzrə rəsmi demoqrafik statistika açıqlamasa da, 2011-ci ilin yanvarında Türkiyəyə rəsmi səfəri zamanı İranın keçmiş xarici işlər naziri Əli Əkbər Salehi iranlıların 40%-nin türkcə danışdığını bildirmişdi. Bu etirafın özü ilk növbədə məhz azərbaycanlıların və türkdilli etnosların İran dövlətçiliyini formalaşdırdığını rəsmi Tehranın çox yaxşı dərk etdiyindən xəbər verir. Təxminən 1000-1925-ci illəri əhatə edən böyük bir dövrdə İrandakı hakimiyyət sülalərinin məhz türk kökənli olduğu da bunun əyani sübutudur.

Lakin 1925-ci ildə İranda hakimiyyətə gələn Pəhləvilər sülaləsinin məcburi assimilyasiya siyasəti həyata keçirməsi azərbaycanlıların ölkə hakimiyyətində nüfuzunu xeyli azaltdı. Maraqlıdır ki, azərbaycanlılara qarşı Pəhləvilər sülaləsinin apardığı sərt repressiyalar siyasətini şahı hakimiyyətdən devirən teokratik rejim də davam etdirdi. Halbuki, İslam kimi humanist dəyərlər dinini özünün rəsmi şüarı etmiş İran hökumətinin azərbaycanlıların və ümumiyyətlə türkdilli etnosların hüquqlarının qorunması yönündə ciddi addımlar atacağına böyük ümidlər bəslənirdi.

Öz hüquqlarının tapdanmasına qarşı 1981-ci ildə Təbrizdə yaşanan etiraz aksiyalarını yatırmaq üçün ən ağır silahlardan istifadə etmiş molla rejimi yüzlərlə azərbaycanlını qətlə yetirməklə onlara qarşı məhz Pəhləvilər sülaləsinin siyasətini davam etdirmək niyyətində olduğunu sərgilədi. 2006-cı ildən bu günə qədər Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın öz hüquqlarının müdafiəsi yönündə keçirdikləri etiraz aksiyalarına İrandakı teokratik rejimin divan tutulması nəticəsində yüzlərlə insanın qətlə yetirilməsi və həbsxanalara salınması da məhz bu siyasətin tərkib hissəsidir.

İranda insan haqlarının tapdanmasına və söz azadlığının məhdudlaşdırılmasına qarşı mübarizənin daim ön sıralarında gedən azərbaycanlılar indiki kütləvi etiraz dalğalarının da hərəkətverici qüvvəsinə çevrildilər. Təbriz başda olmaqla Cənubi Azərbaycanın bütün əyalətlrində İranın teokratik rejiminə qarşı “Azadlıq, Ədalət, Milli Hökümət” kimi siyasi şüarlar səsləndirilir. Bu, Urmiya, Ərdəbil, Zəncan və digər şəhərlərdə də azərbaycanlı nümayişçilər arasında ən məşhur şüardır. Etirazlar başladıqdan sonra İran hakimiyyəti Azərbaycanda nümayişləri boğmaq üçün çevik polisi, İnqilab Keşikçilərini, Bəsic hərbiləşdirilmiş qüvvələrini, Hüquq-Mühafizə Komandanlığını və mülki geyimli təhlükəsizlik agentlərini səfərbər edib. İranın ali hərbi orqanı bütün vilayətlərdəki silahlı qüvvələrin komandirlərinə nümayişçilərlə “ciddi qarşıdurma” aparmağı tapşırıb. Sərəncamdan sonra yaralananların, həbs olunanların və ölənlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Azərbaycan Hüquqşünaslar Assosiasiyasının İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifinin görə, etirazların elə ilk iki həftəsində Təbrizdə polis və SEPAH qüvvələri 1700-dən çox etirazçını həbs edib. Bütün Azərbaycan bölgəsi üçün həbslərin miqyasını hesabalmaq çətin olsa da, həbs edilənlərdən 121 nəfərin və güllələnərək öldürülən 13 etirazçının kimliyi artıq müəyyənləşdirilib.




Zərərçəkmiş və öldürülmüş şəxslərin ailələrinin, hadisələrin şahidlərinin, habelə İran daxilindəki azərbaycanlı insan haqları müdafiəçiləri və beynəlxalq insan haqları təşkilatlarının verdiyi məlumatlar İran polisi və kəşfiyyatçılarının, SEPAH və Bəsic qüvvələri ilə birlikdə etirazçıları və çoxlu sayda insanı birbaşa atəşə tutduqlarını təsdiqləyir. Molla rejimi hətta vəkillərin həbsindən də çəkinmir. Məsələn, Şərqi Azərbaycan Hüquqşünaslar Dərnəyinin üzvü vəkil Negin Kiyani məhbusları müdafiəsinə razılaşdığı üçün həbs edilərək Təbriz Mərkəzi Həbsxanasına köçürülüb. Onaq arşı irəli sürülən ittiham, istintaq, işin gedişi ilə bağlı heç bir məlumat yoxdur.

Beynəlxalq təşkilatların müəmmalı sükutu

Zərərçəkmiş və öldürülmüş şəxslərinin ailələrinin, hadisə şahidlərinin, İran daxilində insan haqları müdafiəçiləri və Beynəlxalq insan haqları təşkilatlarının nümayişçilərin və digər insanların öldürülməsi ilə bağlı verdikləri çoxsaylı məlumatlara baxmayaraq, İran ölüm faktlarını inkar edir və bu faktlarla bağlı öz üzərinə heç bir məsuliyyət götürmür. Ölkənin ali lider Xamenei isə etirazçıları “iğtişaşçılar” və “xalq düşmənləri” kimi qələmə verir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsində deyilir: “Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır”. Bu bəyannaməni imzalayan İranın cinayətkar repressiya maşını Qərbi Azərbaycan, Şərqi Azərbaycanda, Ərdəbildə, Zəncanda, Ərakda, Qəzvində və Tehranda etiraz aksiyalarına çıxan azərbaycanlılara açıq-aşkar divan tutur. Beynəlxalq “Amnesty International” təşşkilatı isə hakimiyyətin etirazları hər vəchlə sistematik şəkildə yatırmaq planının olduğu barədə rəsmi sənədləri ortaya çıxarıb.

Maraqlıdır ki, İran konstitusiyasında qadınlara və etnik azlıqlara münasibətdə ehtiva olunan diskriminasiya Əhvaz ərəblərinə, Azərbaycan türklərinə, bəluclara, kürdlərə və türkmənlərə qarşı ayrı-seçkilikdə xüsusilə qabardılır. Qadınlar və azlıq qrupları fundamental insan haqlarından məhrum edilir. Qeyri-farsların öz ana dilində təhsil almasına icazə verilmir. Məsələn, qeyri-fars etnik qruplara qarşı ayrı-seçkiliyi əks etdirən iqtisadi siyasət etnik azlıqlara mənsub qadınlar üçün təhsil, iqtisadi resurslara çıxış məhrumiyyətlərinə və digər sosial məhrumiyyətlərə səbəb olur.
Belə ayrı-seçkilik hətta kütləvi etirazlara divan tutulması məsələsində də özünü biruzə verir. Belə ki, azərbaycanlıların və türk kökənli etnik qrupların yaşadıqları vilayətlərdə cəza tədbirləri daha amansız şəkildə həyata keçirilir.



BMT Baş katibinin və BMT Baş Assambleyasının davam edən qətl və həbsləri araşdırmaq çağırışlarına İran hökumətinin laqeydliyi isə azərbaycanlılara qarşı repressiyaların daha da güclənməsi riskini yaradır.

Bu baxımdan, beynəlxalq insan haqları məruzəçilərinin İranın məhz azərbaycalıların yaşadıqları regionlarla bağlı həyəcanlı məlumatlara adekvat reaksiya verməmələri ən azı təəccüb doğurur. Halbuki son xəbərlərin təhlili İran hökumətinin ucqar bölgələrdə farslara nisbətdə qeyri-farslara daha sərt şəkildə basqı göstərdiyini sübuta yetirir. Zərərçəkmiş və öldürülmüş şəxslər haqqında məlumatı şahidlər, qurbanların yaxınları, videolar, yerli xəbər resursları və jurnalistlər vasitəsilə toplayan İranda və İrandan kənarda yaşayan azərbaycanlı hüquq müdafiəçiləri beynəlxalq qurumları və beynəlxalq insan haqları təşkilatlarını onları prinsipial mövqe tutmağa çağırırlar.

Həmin təşkilatlardan isə müəmmalı sükut yox, adi siyasi iradə tələb olunur.

Sahil İsgəndərov, politoloq

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı futbolçunun İrandakı restoranı və mağazası BAĞLANDI

SONRAKI XƏBƏR

Dünya çempionatından maraqlı FOTOLAR