Qarabağdan daşınan təbii sərvətlər necə qiymətlidirsə, Avropanın alman deputatı onu Azərbaycan qazından üstün tutdu...

Qarabağdan daşınan təbii sərvətlər necə qiymətlidirsə, Avropanın alman deputatı onu Azərbaycan qazından üstün tutdu...<span class="qirmizi"></span>

Elşad Həsənov: “Belə şəxslər erməni lobbisinin ianələrinin girovuna çevrilib”

Qarabağın ermənilər məskunlaşan ərazisində separatçılar Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin faydalı qazıntıların qeyri-qanuni hasilatı və Ermənistana ixracını dayandırmaq üzrə qanuni hərəkətlərinə qarşı çıxıblar.

“Aydındır ki, Azərbaycan Ermənistanla Qarabağ arasında quru əlaqəsini kəsmək üçün bu addımdan təxribat kimi istifadə edir”, - deyə Qarabağın ermənilərin məskunlaşdığı ərazinin qondarma “təbiəti mühafizə komitəsi”nin bəyanatında deyilir.

Separatçı rejimin qondarma “xarici işlər nazirliyi” kömək üçün xarici müttəfiqlərə müraciət edib. Bəyanatda “ermənisizləşdirmə”, “soyqırım” və “etnik təmizləmə”dən bəhs edilir. Burada məsələnin təəccüblü tərəfi odur ki, Almaniya deputatları erməni separatçılarına qahmar çıxıblar. Almaniya deputatlarının adından Avropa Parlamentinin deputatı Lars Patrik Berq bildirib ki, Avropa Parlamenti Azərbaycan hakimiyyətini “beynəlxalq normaları qəbul etməyə” məcbur etməlidir, bunun üçün Aİ Azərbaycanla qaz müqaviləsindən imtina etməlidir. Ancaq Berq Azərbaycandan təbii sərvətlərin qanunsuz çıxarılması və ixracının beynəlxalq normalara nə dərəcədə uyğun olduğunu açıqlamayıb. Çünki bunu əsaslandırmaq üçün hüquqi arqumenti yoxdur. Bütün hallarda Azərbaycanın ərazi bütövlüyünə aid olan məsələnin Almaniyaya nə dəxli?

“Almaniyadan olan deputat Lars Patrik Berqin arqumentləri tamamilə əsasızdır və böhtan xarakterlidir”

Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tam qanuni olaraq məlum addımları atıblar: “Azərbaycanın öz ərazisində yoxlama aparılması ilə bağlı haqlı tələblərinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 14-cü maddəsinə əsasən, təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur və dövlətin sanksiyası olmadan onların istifadəsi cinayətdir. O üzdən, Azərbaycanın müvafiq qurumları bunun qarşısını almaq üçün işə qarışdılar. Sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovla görüşdülər. Hamıya məlumdur ki, rus sülhməramlıları Azərbaycanla Ermənistan arasında konfliktin bitməsini istəmirlər. Çünki konflikt olmasa, o zaman Rusiya qoşunlarına ehtiyac olmaz. Avropanın bəzi ölkələrində müəyyən siyasi qüvvələr erməni maraqlarının keşikçisi rolunda çıxış edirlər. Bu baxımdan Almaniyadan olan deputat Lars Patrik Berqin arqumentləri tamamilə əsasızdır və böhtan xarakterlidir. Belə şəxslər erməni lobbisinin ianələrinin girovuna çevrilib. Tutaq ki, hansısa Avropa dövləəti rəsmi Berlindən xəbərsiz Bavariya əyalətində faydalı qazıntıları çıxarır. O zaman Almaniya buna necə reaksiya verər? Təbii ki, bunun qanunsuz olduğunu deyəcək. Belə olan halda deputat Berq hansı əsasla öz dövlətinə rəva görmədiyini Azərbaycana görür? Bu, beynəlxalq hüququn pozulması anlamına gəlir. Azərbaycanın məhsulu, xalqımıza, dövlətimizə məxsusdur. Ona görə də Almaniyadan olan deputatların iddiaları cəfəngiyatdır”.

Siyasi ekspert onu da əlavə etdi ki, heç bir xarici qüvvə bu məsələdə bizə mane ola bilməz.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com