Ərdoğan Türkiyənin kadr siyasətinin prioritetlərindən DANIŞDI

Türkiyə imkan bərabərliyi, şəffaflıq, hesabatlılıq, innovasiya və ləyaqət kimi dəyərlərə əsaslanan insan resursları mədəniyyəti qurur. Həm dövlət, həm də özəl sektor bu prioritetləri hədəfləyir.
Avropa.info xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 5-də Ankarada açılmış “Yeni əsrin istedad ocağı” mövzusunda iki günlük forumun iştirakçılarına müraciətində deyilir.
Dövlət başçısı qeyd edib ki, son 20 ildə demokratiya, fundamental insan hüquq və azadlıqları, infrastruktura sərmayə qoyuluşu və rəqəmsallaşma sahəsində atılan addımlar sayəsində Türkiyə bu istiqamətdə böyük yol keçib.
“Biz ölkədə elə bir ab-hava yaratmışıq ki, inancından, baxışından və mənşəyindən asılı olmayaraq heç bir vətəndaş təcrid olunmasın, ayrı-seçkiliyə məruz qalmasın, öz arzusuna gedən yolda süni maneələrlə üzləşməsin”, - Türkiyə lideri vurğulayıb.
Ərdoğan diqqəti prezident idarəetmə formasının Türkiyənin potensialının gücləndirilməsinə, o cümlədən kadr hazırlığı məsələsinə verdiyi töhfəyə yönəldib:
“Türkiyə 100 illiyi” konsepsiyası çərçivəsində Türkiyə kadr modelinin səmərəliliyini artırmağa və çatışmazlıqları aradan qaldıraraq, onu bütün aspektlərdə mükəmməlləşdirməyə çalışırıq. İnanıram ki, dünyanın müxtəlif ölkələrindən 3000-dən çox iştirakçını birləşdirən platforma beynəlxalq səviyyədə təcrübə və bilik mübadiləsinə imkan yaradaraq səylərimizə öz töhfəsini verəcək”.

Avropa.info

ƏVVƏLKİ XƏBƏR

Türkiyə qırıcıları Azərbaycana doğru istiqamətləndi - VİDEO

SONRAKI XƏBƏR

Tatlısesin doğulduğu mağara muzeyə çevrildi