Türkiyənin Batman vilayəti ilə Azərbaycan rayonları arasında əməkdaşlıq müzakirə olunub

Türkiyənin Batman vilayəti ilə Azərbaycan rayonları arasında əməkdaşlıq müzakirə olunub<span class="qirmizi"></span>

Türkiyənin Batman vilayəti ilə Azərbaycan rayonları arasında əməkdaşlıq müzakirə olunub.

"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla Batman valisinin müavini İbrahim Günəşlə keçirilmiş görüşdə əməkdaşlığın inkişaf etdirilməsi və potensial imkanlar barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Türk Hərbi Hava Qüvvələrinin ilk və tək pilotsuz təyyarə hava bazası olan 14-cü Pilotsuz Təyyarə Sistemləri Baza Komandanlığında briqada generalı İhsan Kaplanla baş tutan görüşdə iki ölkə arasında əlaqələrdə hərbi sahənin xüsusi yeri olduğu vurğulanıb.

Rəşad Məmmədovla Batman Universitetinin rektoru İdris Dəmir arasında keçirilən görüşündə isə universitetlərarası əlaqələrin perspektivləri müzakirə mövzusu olub. İkitərəfli görüş zamanı rektor enerji sahəsində ixtisaslaşmağa doğru gedən Batman universitetinin bu sahədə zəngin təcrübəsi olan Azərbaycan universitetləri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Səfir universitetdə təşkil olunan "Azərbaycan-Türkiyə münasibətləri və Heydər Əliyevin rolu" adlı konfransda da iştirak edib. Konfransda çıxış edən Azərbaycan səfiri tələbələrə ikitərəfli münasibətlərin inkişaf dövrləri, Azərbaycanın müstəqilliyini yenidən qazanmasından sonrakı dövrdə mürəkkəb zaman dilimində hakimiyyətə gələn Heydər Əliyevin bu münasibətlərin hərtərəfli inkişafına zəngin töhfəsi barədə məlumat verib, həmçinin hazırkı dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin hər iki ölkənin dövlət başçılarının birgə səyləri ilə tarixinin ən yüksək inkişaf səviyyəsində olduğunu qeyd edib.

Universitet tələbələrinin mövzu ilə bağlı ilə suallarını cavablandıran səfir daha sonra universitetdə ölkəmizi tərənnüm edən kitabların, lövhələrin və suvenirlərin yer aldığı Azərbaycan otağının açılışında iştirak edib.

Batman vilayətinə səfərin gedişində səfir Rəşad Məmmədov bu ilin iyun ayında açılışı baş tutmuş Qarabağ parkını da ziyarət edib.

Səfir parkdakı pavilyonlar və Qarabağdan olan tarixi şəxsiyyətlər haqqında məlumatları əks etdirən xatirə lövhələri ilə tanış olub. Qeyd edilib ki, təbiəti, qardaşlığı və sənəti bir araya gətirən bu park Azərbaycan-Türkiyə qardaşlığının simvollarından biridir.

Mənbə: report.az