RUSİYANIN STRATEJİ AVİASİYASINA SİRLİ HÜCUMLAR – Ölkənin dərinliklərindəki obyektlər necə vurulur?

RUSİYANIN STRATEJİ AVİASİYASINA SİRLİ HÜCUMLAR – Ölkənin dərinliklərindəki obyektlər necə vurulur?<span class="qirmizi"></span>

Tanınmış ukraynalı hərbi bloger, “Senzor.net” portalının rəhbəri Yuriy Butusov Rusiyanın “Engels-1” və “Diaqilev” aviabazalarına edirilən dron zərbələrinin nəticələrindən və strateji əhəmiyyətdən yazıb.

“AzPolitika.info” onun məqaləsini ixtisarla oxuculara təqdim edir:

“Bu, tarixi uğurdur, ona görə ki, Ukraynanı Rusiyanın strateji raket daşıyıcıları hesab olunan üç təyyarənin raket zərbəsindən xilas etdi. Sosial şəbəkələrdə və KİV-də yayılan məlumatlardan görünür ki, dron hücumu Ukrayna Silahlı Qüvvələrinin yüksək dəqiqliklə hazırladığı və əla nəticə əldə etdiyi hücumdur.

Bu uğurun əhəmiyyətini belə sıralamaq olar:

1. Əhəmiyyətlilik: Müharibədə ilk dəfə olaraq Rusiya Silahlı Qüvvələrinin strateji əməliyyatı bir pilotsuz təyyarənin hücumu ilə pozuldu. Tarixdə ilk dəfə olaraq nüvə dövlətinin strateji aviasiyası birbaşa öz bazasında vuruldu. İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq döyüş təyyarələri Rusiyanın mərkəzinə daxil oldu və rus ordusuna dəqiq hücum etdi.

2. Nəticələr: ““Diaqilev”dəki Tu-22M3 raketdaşıyıcısının yayılmış fotosuna əsasən demək olar ki, Ukraynaya növbəti hücumu məhz bu təyyarə həyata keçirməli idi. Çünki fotoşəkildə təyyarədən asılmış “Kh-22” qanadlı raketi aydın görünür. Aydındır ki, bu təyyarədən bir neçə raket zərbəsi endirilməli idi, lakin Ukrayna Silahlı Qüvvələri qabaqlayıcı zərbə endirdi.

Rusiya Müdafiə Nazirliyi “Engels-1” aviabazasında Tu-95MS tipli daha iki raketdaşıyıcının zədələndiyini təsdiqləyib. Zərər və itkilər barədə məlumat yoxdur, lakin bu təyyarələr Ukraynaya qarşı növbəti raket hücumunda iştirak edə bilmədi. Beləliklə, kritik anda rusların növbəti əməliyyatında ən azı 6-12 qanadlı raket sayı azaldı. Uçuş tapşırığının proqramlaşdırılması səbəbindən raketləri bir təyyarədən digərinə sürətlə ötürmək mümkün deyil. Yəni pilotsuz təyyarənin zərbəsi uğurlu alındı. Atılan raketlərin sayının az olması hava hücumundan müdafiəmizin effektivliyini xeyli artırdı.

Bu zərbənin davamı olaraq dekabrın 6-da səhər saatlarında naməlum pilotsuz təyyarə Kursk aviabazasındakı yanacaq anbarına zərbə endirib. Burada Rusiyanın hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb. Yanğını isə uzun müddət söndürmək mümkün olmayıb.

3. Rusiya Silahlı Qüvvələrinin itkiləri: Tu-22M3 ciddi zədələnib, uçuşlar üçün yararsız hala düşüb və əsaslı təmirə və quyruq hissəsinin dəyişdirilməsinə ehtiyac var. Rusiya Müdafiə Nazirliyi “Diaqilev”ə hücum nəticəsində zədələnən raket daşıyıcısı və aviasiya heyətindən itkilərini etiraf etməyə məcbur oldu - ən azı 3 ölü və 4 yaralının olduğu açıqlandı.

4. Texnoloji uğur: “Diaqilev” bazası Ukraynadan 500 km, “Engels-1” bazası isə təxminən 700 km məsafədə yerləşir. Bu, ilk dron hücumu deyil: oktyabrın 7-də naməlum pilotsuz təyyarə Ukrayna ilə sərhəddən 200 km aralıda yerləşən Şaykovka aviabazasında Tu-22M3 strateji raketdaşıyıcılarına hücum edib. İki Tu-22M3-ə dəyən ziyan haqqında məlumat var idi, lakin kosmosdan çəkilən şəkillər bunu təsdiqləməyib. Bununla belə, ruslar Tu-22M3-ü Ukrayna ilə sərhədlərdən daha uzağa - "Diaqilevo"ya köçürdülər.

Rusların fikrincə, hücumda SSRİ-də 70-ci illərdə hazırlanmış və 1989-cu ilə qədər istehsal edilmiş, sonradan konvertasiya edilmiş Tu-141 və ya Tu-143 pilotsuz reaktiv kəşfiyyat dronlarından istifadə edilib. Ruslar hələ ki, bununla bağlı heç bir dəlil açıqlamayıblar. Aydındır ki, naməlum pilotsuz təyyarələr Ukraynada istehsal olunub və bu, böyük texnoloji sıçrayışdır.

5. Rusiya HHM sistemlərinin effektsizliyi.

Naməlum pilotsuz təyyarələr Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən aşkarlanmadı və vurulmadı. Dronlar haqqında aviasiya heyətinə heç bir xəbərdarlıq edilməyib və hərbçilər qaça bilməyiblər. Bu onu deməyə əsas verir ki, Rusiya zenit-raket komplekslərinin və hava hücumundan müdafiə radarlarının əksəriyyəti cəbhədə cəmləşib. Orada onların bir çoxu məhv edildiyinə görə, Rusiya havadan müdafiə sahəsində kifayət qədər gücə malik deyil. Hətta strateji obyektlərinin belə ciddi müdafiəsini qura bilmirlər. Xüsusilə heyranedici faktdır ki, Rusiyanın strateji aviasiyasının bazasında hasar belə tikilməyib, raket daşıyıcısını qoruyacaq heç bir anqar və ya kapon yoxdur, təyyarələr isə Maydandakı kimi təkər barrikadası ilə qorunur.

Kəşfiyyat necə işləyib?

Aydındır ki, Ukrayna və NATO kəşfiyyatı raketdaşıyıcıların hücumuna hazırlıq, buraxılış vaxtı və yeri, təyyarələrin yerləşdiyi yerin dəqiq koordinatları barədə əvvəlcədən məlumat alıb. Silahlı Qüvvələr səhər saatlarında axşama planlaşdırılan kütləvi raket hücumundan əvvəl zərbə endirib. Əməliyyat vaxtının seçilməsi tamamilə düzgün oldu və sürpriz nəticə əldə olundu. Planlaşdırıcıların bu müsbət təcrübəsini qeyd etmək lazımdır.

7. Rusiya Federasiyasında kimsə təqsirli bilinəcəkmi? Aydındır ki, yox. 18 yaşlı pilot Matias Rust 1987-ci ildə SSRİ-nin bütün hava hücumundan müdafiə sisteminin gözü qarşısında Qırmızı Meydanda yerə endikdən sonra SSRİ Silahlı Qüvvələrinin 200-ə yaxın general və zabiti xidmətdən azad edilərək mühakimə olundu. Müdafiə naziri Sokolov, hava hücumundan müdafiə qüvvələrinin komandanı, ordu, korpus, diviziya və hava hücumundan müdafiə briqadasının komandirləri istefaya göndərildi. Ancaq Rusiya SSRİ deyil. Burada klan-mafiya əlaqələri daha dərindir, müdafiə naziri Şoyqu Rusiya diktatoru Putinin şəxsi dostudur. Hava hücumundan müdafiə qüvvələrinin də daxil olduğu Hava-Kosmik Qüvvələrinin komandanı, general Surovikin ona qarşı “müharibə” aparır. O, mafiya liderləri Kadırov və Priqojin tərəfindən dəstəklənir. Buna görə də cəza olmayacaq…”

Rasim Əliyev

“AzPolitika.info”

Mənbə: azpolitika.info