“Hər hansı bir əlamətdar gün, bayram gələndə mütləq bahalaşma başlayır” – Deputat

“Hər hansı bir əlamətdar gün, bayram gələndə mütləq bahalaşma başlayır” – Deputat<span class="qirmizi"></span>

“Qiymət artımları, bahalaşmalar cəmiyyətin hər bir üzvünü narahat edən və xoşagəlməz məsələlərdir. Düzdür, dünyada baş verən proseslər elə cərəyan edir ki, bəzi qiymət artımlarını biz artıq idarə etməkdə çətinlik çəkirik. Ancaq hesab edirəm ki, bizim özümüzün istehsal etdiyimiz məhsulların qiymətinin sabit saxlanılması üçün ciddi tədbirlər görməliyik”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O, qeyd edib ki, yerli istehsalın artırılmasına diqqət yetirməliyik:

“Bunun üçün yerli istehsalın daha da artmasına diqqət yetirməliyik. Xammal alınması və s. bunlar baha başa gələn məsələlərdir. Əsas diqqətimizi yerli istehsala yönəltməliyik. Əsasən də, ərzaq məhsullarının istehsalında gücümüzü daha da artırmalıyıq. Torpaqdan, sudan səmərəli istifadə etməyi bacarmalıyıq. Qiymət artımı məsələsində möhtəkirliyin, monopoliyanın qarşısının alınması üçün mübarizə aparmalıyıq, ciddi tədbirlər görməliyik. Bəzən çox acınacaqlı vəziyyət yaranır, yəni bu, reallıqdır. Məhsulu istehsal edən kəndli, fermer heç ondan gəlir götürə bilmir, ancaq möhtəkirlər, monopoliyaçılar gəlir götürür. Bu, dözülməz bir hala çevrilib. Kəndli məhsulunu istehsal edir, məhsul qalıb çürüyür, sata bilmir. Xaricdən monopoliyaçıların gətirdiyi məhsullar bunların alınmasının qarşısını alır. Bunlar hamısı bahalaşmaya gətirib çıxaran səbəblərdir”.

Deputat qeyd edib ki, Azərbaycanda əlamətdar gün, bayram gələn kimi qiymətlərdə bahalaşma olur:

“Bir məsələ var ki, Azərbaycanda bir bəlaya çevrilib. Xarakterindən asılı olmayaraq, hər hansı bir əlamətdar gün, bayram gələndə mütləq bahalaşma başlayır. Sanki bu, bir aksiyomadır. Bunun qarşısını almaq üçün dövlətin bu sahəyə nəzarət edən rəsmi qurumları var. Bu qurumlar ciddi fəaliyyətə keçməlidir. Bu qurumlar alverçilərin, möhtəkirçilərin, monopoliyaçıların əlində alətə çevrilməməlidir, özlərinin xırda, şəxsi maraqlarına görə. Əhalinin mənafeyini qorumaq lazımdır. Əhalinin aldığı təqaüd, maaş, müavinət bugünkü bazar üçün heç nədir. Çox ağır bir vəziyyət yaranıb. Əhali kommunal xidmətlər ödəyir, səhiyyə xidmətinə pullar ödəyir. Ona görə də, bazarı, ərzaq qiymətlərini tənzimləmək üçün dövlət nəzarəti çox ciddi olmalıdır”.

Mənbə: minval.info