Razi Nurullayev: “Mən xaricə gedəndə qohumlar bir zənbil dərman xahiş edir”

Razi Nurullayev: “Mən xaricə gedəndə qohumlar bir zənbil dərman xahiş edir”<span class="qirmizi"></span>

Deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında bildirib ki, bu gün ölkədə bütün sahələrdə bahaçılıq davam edir.

Onun sözlərinə görə, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən addımlar atılır, parlament tərəfindən qanunlar qəbul edilir. Amma, yenə də bahalaşma fonunda atılan addımlar geridə qalır: “Elə məhsullar var ki, onlar vətəndaşlar üçün zəruridir və gərək o məhsulların vətəndaşlar tərəfindən şəxsi istifadəsi üçün gətirilməsinə problemlər yaradılmasın. Ölkədən xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatları alıb gətirir. Quru sərhədləri bağlıdır, yalnız hava yolu ilə mümkündür. Niyə bir vətəndaş bir qutudan artıq dərman gətirə bilməz? Vətəndaşın ömürlük, yaxud 3 aylıq, bir illik atacağı dərmanlar var. O vətəndaş digər ölkələrdən gələndə bir neçə aylıq dərmanını alır və zənnimcə düz edir. Nəinki, düz edir, vacib olanı edir. Bunu mən də etmək istəyirəm. Çünki, vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizim apteklərdə bəzən 5-7 dəfə baha olur. Şəxsən, mən xarici ölkəyə gedəndə elə qohum-əqrabamın məndən xahiş etdiyi dərman bir zənbil olur. O insanları tanıyıram ki, xəstədir, o dərmanlara ehtiyacı var, baha olduğuna görə çatdırıb ala bilmir. Heç zaman bir qutudan artıq dərman almamışam, çünki, narahat olmuşam ki, hava limanında üzümə söz gələr. Amma bu, o deməkdir ki, o insan bahaçılığa görə həmin dərmanları ala bilmir, bir neçə il ömrü qısalır. Bu ürəkağrıdıcı mənzərədir”.

 

R.Nurullayev deyib ki, iki yol var: “Ya biz dərmanların qiymətini elə tənizmləməliyik ki, fərq bir dəfə olsun, ya da insanların şəxsi istifadəsi üçün gətirdiyi dərmanların sərhədlərdə yoxlamaya məruz qalaraq müsadirə edilməsinin qarşısını alaq. İnsan xəstə olduğunu və o dərmanlara ehtiyacı olduğunu belə göstərən zaman güzəşt edilmir. Mən aidiyyatı qurumun əməkdaşlarını qınamıram. Onlar vəzifə borclarını yerinə yetirir. Bu məsələ hökumətlə ciddi müzakirə edilməli və həll yolu qısa zamanda tapılmalıdır. İnsanlara yazıqdır”.

Mənbə: minval.info