Sülh sazişi mətninə İrəvandan daha bir pozucu münasibət...

Sülh sazişi mətninə İrəvandan daha bir pozucu münasibət...<span class="qirmizi"></span>

Əli Mustafayev: “Prosesi nə qədər uzatsalar da, zaman Ermənistanın zərərinə olacaq”

Ermənistandan sülh sazişi prosesini uzatmağa yönəlik növbəti demarş. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri, hakim partiyanın təmsilçisi Eduard Ağacanyan bəyan edib ki, sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfinin təkliflərinin Ermənistan üçün məqbul olub-olmadığını söyləmək üçün hələ tezdir:

“Əvvəlcə biz Azərbaycan tərəfdən təkliflər aldıq, bundan sonra öz iradlarımızı bildirdik və üçüncü dəfə cavab aldıq. Yəni söhbət vahid əsaslı mətnin üzərində işdən gedir. Mətn işlənmə mərhələsində olduğundan, hazırda təkliflərin məqbul olub-olmadığını söyləmək tezdir”.

Daha sonra Ağacanyan bunları əlavə edib: “Azərbaycanda da erməni tərəfinin təkliflərinin Bakı üçün məqbul olmadığını deməyiblər”.

Məlumat üçün qeyd edək ki, bu ilin martında Azərbaycan münaqişənin nizamlanması üzrə beş prinsip irəli sürüb:

- bir-birinin suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərin toxunulmazlığının və siyasi müstəqilliyinin qarşılıqlı tanınması;

- dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının və gələcəkdə belə iddiaların irəli sürülməməsi üçün hüquqi öhdəliyin qarşılıqlı təsdiqi;

- dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı təhdid və güc tətbiq etməkdən, habelə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsədlərilə bir araya sığmayan digər hallardan çəkinmək;

-dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- nəqliyyat və kommunikasiyaların açılması, digər müvafiq kommunikasiyaların yaradılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq.

Rəsmi İrəvan cavab verib ki, Qarabağın statusunun müəyyən edilməsi məsələsini əlavə etmək şərtilə onları qəbul edir. Bakı bunu rədd edərək bildirib ki, statusu müzakirə etməyəcək, ancaq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə zəmanət verir. Bu günlərdə Moskvada mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov Bakının Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinə zəmanət verdiyini bəyan etməklə, faktiki olaraq, Bakının bu mövqeyini dəstəkləyib. Ancaq bütün bunlara baxmayaraq, Ermənistan rəsmiləri prosesi uzatmaq üçün hər dəfə bir bəhanə uydururlar.

“Növbəti dönəmdə sülh müqaviləsini onlar daha ağır şərtlərlə imzalamaq zorunda qalacaqlar”

Məsələyə münasibət bildirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayevin fikrincə, birinci dəfə deyil Ermənistan rəsmiləri belə ziddiyətli açıqlamalarla çıxış edirlər: “Bəhanələr müxtəlif ola bilər, arqumentlər fərqli ola bilər. Ancaq istənilən halda mahiyyət birdir. Ermənistan dövləti bütün vasitələrdən istifadə edərək sülh müqaviləsinin imzalanmasını yubatmağa çalışır. Onlar sanki Cənubi Qafqazda vəziyyətin ermənilərin xeyrinə dəyişəcəyinə ümidlidilər kimi davranırlar. Çünki indiki status-kvo onların ziyanınadır. Ona görə ki, Ermənistan müharibədə məğlub olub. Belə olan haılda Ermənistan Azərbaycanın diqtə etdiyi məsələlərə boyun əyməlidir. Bu olmasın deyə onlar müxtəlif bəhanələrlə sülh müqaviləsini uzadırlar. Ancaq hesab edirəm ki, bütün bunlar onların ziyanına olacaq. Çünki yaranan yeni reallığı dəyişmək mümkün deyil. Otuz il ərzində onlar Azərbaycan ərazilərini işğal altında saxlayıblar, sərvətlərini çapıb-talayıblar. Bütün cinayətləri törədiblər. Artıq onların bundan sonra edə biləcəkləri bir şey qalmayıb. Ona görə də prosesi nə qədər uzatsalar da, zaman Ermənistanın zərərinə olacaq. Növbəti dönəmdə sülh müqaviləsini onlar daha ağır şərtlərlə imzalamaq zorunda qalacaqlar. Biz hələ Qərbi Azərbaycan məsələsini, oradan qovulmuş milyonlarla soydaşımızın məsələsini qaldırmırıq. Əgər Qarabağda 30 minlik erməni üçün status, təhlükəsizlik və digər məsələlər tələb olunursa, o zaman biz də sözügedən məsələləri tələb etməliyik”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com