Rusiya-Ukrayna müharibəsində U dönüşü: savaş rusların ərazisinə keçir, Moskva vurula bilər...

Rusiya-Ukrayna müharibəsində U dönüşü: savaş rusların ərazisinə keçir, Moskva vurula bilər...<span class="qirmizi"></span>

Bu gün dünya miqyasında xüsusi müzakirə predmetinə çevrilən məsələlərdən biri də Ukraynanın iki reaktiv mühərrikli dronunun Rusiyanın Saratov və Ryazan vilayətlərindəki strateji aviasiya aerodromlarına zərbələr endirməsidir. Ekspertlərin byük əksəriyyəti artıq baş verənlərin müharibədə ciddi dönüş nöqtəsi olması qənaətindədir. Hesab edilir ki, Rusiyanın dərinliklərinə zərbə endirməklə Ukrayna savaşı artıq tədricən rusların ərazisinə keçirir.

Qeyd edək ki, hücum barədə əvvəlcə media və sosial şəbəkələrdə xəbərlər yayılsa da, Moskva zərbələri rəsmən təsdiqləməmişdi. Lakin sonradan Rusiyanın Müdafiə Nazirliyi faktı təsdiq edib. Nazirlik bildirib ki, dron zərbələri nəticəsində iki Tu-95 strateji bombardmançı təyyarəsi zədələnib. Bundan əvvəl Rusiyanın Engels şəhərindəki starteji aerodromda və Ryazan yaxınlığındakı “Dyagilev” aviabazasında partlayışların baş verdiyinə dair xəbərlər yayılmışdı. Ukraynadakı cəbhə xəttindən 500 kilometr aralıda yerləşən “Dyagilev”də İl-76 yanacaqdolduran təyyarələri, Tu-22MC bombardmançıları və pilotların uçuş və döyüş təlim mərkəzi yerləşir. Bazanın yaxınlığındakı təmir zavodunda strateji aviasiya təyyarələrinə - Tu-22M bomnbardmançılarına, raketdaşıyan Tu-95 təyyarələrinə və İl-76 hərbi-nəqliyyat təyyarələrinə texniki xidmət göstərilir. Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ryazandakı bazaya endirilmiş zərbə nəticəsində 3 hərbi qulluqçu həlak olub. Engelsdəki hərbi hava bazası Ukrayna sərhədindən 700 kilometr uzaqlıqda yerləşir. Tu-95MC və Tu-160 təyyarələri Ukraynaya bu bazadan hücumlar edir. Bu təyyarələr nüvə silahı daşıya bilir. Son məlumatlara görə, Rusiyanın Kursk şəhərindəki aerodroma da zərbə endilirlb. “Komsomolskaya pravda” qəzeti yazır ki, zərbələr sovet istehsalı olan Tu-141 “Strij” kəşfiyyat dronları ilə endirilib. Bu PUA-lar aşağı yüksəklikdə, amma səs sürətinə yaxın sürətlə 1000 kilometr məsafəyə uça bilir. Bundan əvvəl Rusiya mənbələri Ukraynanın bu dronları zərbə endirmək üçün modifikasiya etdiyini yazırdı. Ukrayna prezidentinin müşaviri Mixail Podolyak isə baş verənlərlə bağlı bildirir: “Yer dəyirmidir. Bunu hələ Qaliley kəşf edib. Təəssüf ki, Kremldə astronomiyanı öyrənməyiblər. Onlar saray münəccimlərinə üstünlük verirlər. Əgər astronomiyanı oxusaydılar, bunu bilərdilər: Əgər çox uzun müddətdə başqa ölkələrin hava məkanına nəsə buraxsan, gec ya tez uçuşların başlandığı yerə də naməlum uçan obyektlər qayıdacaq”. Bununla belə, Ukrayna Rusiyanın ərazisində baş verən hücumlara görə məsuliyyəti bir qayda olaraq üzərinə götürmür. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bu zərbələr barədə suala ənənəvi zarafatla cavab verib. O deyib ki, insidentlər baş vermiş Rusiya bazalarında, ehtimal ki, kimlərsə qadağan olunmuş sahədə siqaret çəkib. Ukrayna prezidentinin müşavirlərindən Oleksiy Arestoviç isə deyib ki, Engels aerodromu Rusiyanın nəhəng bombardmançı təyyarələri üçün düzəldilmiş yeganə bazadır: “İndi onlar təyyarələri müxtəlif aerodromlara dağıtmağa çalışacaqlar, amma bütün bunlar onların Ukraynaya hücum qabiliyyətini xeyli mürəkkəbləşdirəcək. Biz uğursuz siqaret çəkənlərin sayəsində çox böyük uğur əldə etmişik”.

Rusiyalı şərhçilər sosial media şəbəkələrində yazırlar ki, Ukrayna Rusiya ərazisinin belə məsafədə dərinliyini vura bilirsə, Moskvaya da zərbə endirilməsi mümkündür. Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, Rusiya bu zərbələri məqsədli şəkildə edilmiş hücum hesab edirsə, deməli özünün Ukrayna müharibəsi başlanandan bəri ən böyük strateji uğursuzluğunu etiraf edir. Nazirlik ehtimal etdiyini bildirib ki, bu insidentlərə görə Rusiyanın yüksək vəzifəli komandanlarının cəzalandırılması mümkündür. “The New York Times” qəzeti yazır ki, son olaylardan sonra, nüvə silahından istifadə ehtimalı istisna olmaqla, Qərb Rusiyanın mümkün eskalasiyasından getdikcə daha az qorxur: “Ukrayna Rusiyanın strateji bombardmançılarının Engels və Ryazandakı bazalarına endirilən zərbələrin arxasında nəyin dayandığını rəsmən bildirməyib. İstər məmurlar, istərsə də vətəndaşlar getdikcə daha çox əmin olurlar ki, nüvə eskalasiyası istisna olmaqla, Rusiyanın arsenalında əl atmadığı variantlar qalmayıb. London Kral Beynəlxalq Münasibətlər İnstitutunun keçmiş rəhbəri Robin Niblett bildirib ki, Rusiya onsuz da eskalasiyaya gedib: “Moskva müharibənin strateji kontekstini dəyişdirmək, yəni Ukraynanı danışıqlar masası arxasına oturmağa məcbur etmək və avropalıları ölkəni bərpa etməyin hər gün daha da bahalaşması ilə bağlı xəbərdar etmək üçün Ukrayna infrastrukturunu məhv edir”. Eyni zamanda, Almaniyadan olan beynəlxalq siyasət üzrə mütəxəssis Ulrix Şpek qeyd edib ki, Rusiyanın, xüsusilə nüvə silahlarının köməyi ilə qarşıdurma dərəcəsini kəskin şəkildə artırmaq hədələri getdikcə boş təhdidlərə bənzəyir”. Qəzet xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinə dünya səhnəsindəki dostları, o cümlədən Çin sədri Si Tsinpin və Hindistanın baş naziri Narendra Modi bunu etməməyi tövsiyə edib, ABŞ isə belə hərəkətlərin fəlakətli fəsadları barədə xəbərdarlıq edib. Ulrix Şpek qəzetə açıqlamasında vurğulayıb ki, NATO və Vaşinqton razılığa gəliblər ki, ukraynalılar prosesi irəli aparır və zaman keçdikcə Rusiyanın eskalasiyası qorxusu azalıb.

Nahid SALAYEV

Mənbə: www.baki-xeber.com