Ermənilər yeni xofda - indiki Azərbaycan-Türkiyə təlimi 2020-ci ilin sentyabr təliminə bənzədildi...

Ermənilər yeni xofda - indiki Azərbaycan-Türkiyə təlimi 2020-ci ilin sentyabr təliminə bənzədildi...<span class="qirmizi"></span>

Ramil Məmmədli: “Ölkəmiz müharibədə qalib tərəf olsa da arxayın olmadı”

Türkiyə və Azərbaycan hərbçilərinin birgə “Qardaş yumruğu” təlimi Ermənistanda təşvişə səbəb olub. Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi, hazırda hərbi ekspert qismində çıxış edən və 2020-ci il müharibəsi zamanından Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan Arsrun Ovannisyan “Haykakan Jamanak” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycan-Türkiyə birgə təlimləri öz təhlükəsini dəfələrlə göstərib.

Ovannisyan bunu belə əsaslandırıb: “Bunun praktikada, xüsusən də 2020-ci ilin payızında şahidi olduq. Hazırda hər bir belə əməliyyat nəzərə alınmalı və ciddi diqqət yetirilməlidir, çünki ilk dəfə deyil ki, düşmən tərəfin hərbi təlimləri Ermənistan üçün pis nəticələnir və böyük təhlükə yaradır. Həmçinin nəzərə alsaq ki, İran ətrafında cərəyan edən hadisələr kifayət qədər gərgindir, qəfil, gözlənilməz və hər cür hərəkətlərin inkişafını gözləmək olar. Çünki 2020-ci il bizə aydın şəkildə göstərdi və sübut etdi ki, Azərbaycan bir neçə saat ərzində hücum nümayiş etdirə bilər. Ermənistan hökumətinin bu halda hansı səylər göstərməli olduğunu və necə davranacağını dəqiq söyləmək çətindir”.

A.Ovannisyan deyib ki, hərbçi kimi, münasibətlərin tənzimlənməsi üçün danışıqlar formatının tərəfdarıdır və buna meyllidir: “Atışmaqdansa, danışıqlar aparmaq daha yaxşıdır, lakin biz silahı həmişə hazır saxlamaqdan əl çəkməməliyik”.

Görünən odur ki, Ermənistan Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən bərk narahatdır.

“Ermənistan narahatdır ki, döyüş təcrübəsinə malik olan Azərbaycan Ordusu təlimlərdən sonra hücuma keçəcək”

Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Ermənistanın təlimlərdən bu dərəcədə narahat olacağı gözlənilən idi: “Azərbaycan Ordusunun hərbi təlimləri ildən-ilə öz forma və xüsusiyyətinə görə əvvəlkilərdən fərqlənir. Son 3 gün ərzində keçirilən “Qardaş yumruğu” adlanan Azərbaycan-Türkiyə birgə hərbi təlimini də bu kontekstdə təhlil edə bilərik. Təlimlər ənənəvi olaraq məlum poliqonlarda deyil, konkret istiqamətlərdə, yəni Bakı, Astara, İmişli və Cəbrayıl bölgələrində keçirilir. Məsələyə hərbi-siyasi mövzuda yanaşsaq, bu təlimləri İran və Ermənistana, o cümlədən bölgədə anti-Azərbaycan mövqeyindən çıxış edən maraqlı dövlətlərə yönələn ismarış kimi təqdim etmək olar. Bunu təlimlərin keçirildiyi coğrafiya ilə əlaqələndirmək olar. İlk növbədə onu qeyd etmək lazımdır ki, birgə təlimlərdə əsasən bütün qoşun növləri və peşəkar şəxsi heyət iştirak edir. Yəni piyada qoşun növü olaraq hərbi təlimlərin yerüstü əməliyyatları xüsusi təyinatlı qüvvələr tərəfindən icra olunur. Bundan başqa, Azərbaycan Ordusunun Quru Qoşunlarının tabeliyində olan və yeni yaradılan “Komando” hərbi birləşməsi də təlimlərə cəlb olunub. A.Ovannisyan hərbci olaraq bütün bunların fərqində olduğu üçün prosesi narahatlıqla izləyir. Çünki Azərbaycan müharibədə qalib tərəf olsa da arxayın olmadı. Ordu quruculuğu, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Vətən müharibəsi ciddi şəkildə təhlil olunub. Vətən müharibəsi başlamazdan əvvəl təkcə 1 il ərzində Türkiyə ilə birlikdə 10 genişmiqyaslı hərbi təlim keçirildi. Ermənistan narahatdır ki, döyüş təcrübəsinə malik olan Azərbaycan Ordusu təlimlərdən sonra hücuma keçəcək. O üzdən, təşviş içindədirlər”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com