Qarabağdakı “sülhməramlı” rus general Volkov iki gün öncə dediklərini niyə dandı?..

Qarabağdakı “sülhməramlı” rus general Volkov iki gün öncə dediklərini niyə dandı?..<span class="qirmizi"></span>

Arzuxan Əlizadə: “Sülhməramlılar öz missiyasını doğru-düzgün yerinə yetirsəydi, Qarabağa silah daşınmasına...”

Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin komandanı, general-mayor Andrey Volkov Xankəndidəki separatçı-terrorçu rejimin qanunsuz “qanunverici orqanı”nın 5 fraksiyasının rəhbərlərini qəbul edib.

Görüş zamanı həm Azərbaycanın “təxribatları”, həm də Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurulacağı barədə bəyanat müzakirə olunub. Volkov görüşdə Laçın yolunda azərbaycanlılarla birgə heç bir keçid məntəqəsinin olmayacağını bildirib. Ən təəccüblüsü odur ki, Volkova onun çıxışları barədə Azərbaycan telekanallarında yayılan videolarla bağlı sual verildikdə Rusiya "sülhməramlı" qüvvələrinin komandiri, guya onun çıxışının redaktə olunduğunu və kontekstdən çıxarıldığını deyib. Halbuki, Volkovun dedikləri ilə bağlı səsli videoyazılar var.

Volkovun dediklərini tez bir zamanda danması təsadüfi deyil. Məsələ ondadır ki, erməni millətçiləri Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri general Volkovu öldürməklə hədələyiblər. Belə ki, radikal erməni millətçiləri Volkovun sülhməramlıların Azərbaycan yer adlarından istifadə etdiyini bildirdiyi müsahibəsindən narazılıqlarını bildiriblər. Onlar generala eyham vurublar ki, 1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsində çalışan Viktor Polyaniçko 1 avqust 1993-cü ildə Şimali Osetiyada bir qrup erməni yaraqlısının hücumu nəticəsində həlak olub. Bununla Volkova eyham vurublar ki, onun da sonu Polyaniçkonun aqibəti kimi olar. Görünən odur ki, Volkov qorxduğu üçün geri addım atdı və dediklərini dandı.

“Bütün bunlar həm də Volkovun nə qədər qorxaq general olduğu reallığını ortaya qoydu”

Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, məlum açıqlama Volkovun qorxaq və həm də riyakar olmasından irəli gəlir: “Əvvəla, Rusiya ordusunun Qarabağda məlum fəaliyyəti sülhə xidmət etmir. 10 noyabr 2020-ci ildən sonra Qarabağa yerləşən Rusiya sülhməramlılarının üzərinə düşən öhdəlikləri yerinə yetirməyəcəyi bəlli idi. Ən azından, 366-cı motoatıcı alayın timsalında biz bunu 30 il əvvəl yaxşı bilirik. O alay ki, Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak edib. Sadəcə, 10 noyabrda mövcud şərtlər belə addımı atmaq zərurətini ortaya qoydu. Sülhməramlılar öz missiyasını doğru-düzgün yerinə yetirsəydilər Qarabağa silah daşınmasına, oradakı sərvətlərin talan edilməsinə göz yummazdılar. Nəticədə Azərbaycanın o şəkildə prosesə müdaxilə etməsinə ehtiyac qalmazdı. Bunun özü onların əsl niyyətini ortaya qoyur. Volkov birgə keçid məntəqəsinin qurulacağını desə də, sonra erməni hədələrindən çəkindiyi üçün bunu dandı. Daha dəqiq desək, V.Polyaniçkonun aqibəti ilə üzləşə biləcəyindən ehtiyat etdi. Bütün bunlar həm də Volkovun nə qədər qorxaq general olduğu reallığını ortaya qoydu”.

Partiya sədri onu da əlavə etdi ki, sülhməramlılara heç vaxt etibar etmək olmaz.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com