Almatı sənədinə uyğun sülh sazişi: Çərçivə müqaviləsi isə ... - Sabiq diplomat detalları açıqladı

Almatı sənədinə uyğun sülh sazişi: Çərçivə müqaviləsi isə ... - Sabiq diplomat detalları açıqladı<span class="qirmizi"></span>

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, son zamanlar Azərbaycan-Ermənistan arasındakı mümkün sülh müstəvisində daha çox Rusiya fəal görünməyə çalışır. Qərbin passivliyini Fransanın davranışları ilə əlaqələndirmək nə dərəcədə məntiqlidir?

- Elə dövrlər olur ki, prosesdə kimsə daha aktiv görünür. Sadəcə olaraq Qərbin siyasi təqvimində bayramlar gəlir. Ona görə də, onlardan bir az aktivlik gözləmək olmaz. Hazırda Qərb siyasətçiləri bir qədər daxili məsələlərə daha çox zaman ayırırlar. Rusiyanın isə indiki şəraitdə fəallığı başa düşüləndir. Onlar üçün Cənub istiqaməti Qərblə münasibətlərin böhran olduğu bir şəraitində siyasi-iqtisadi baxımdan strateji əhəmiyyət kəsb edir. Burada dəmir yolu bağlantısının olması da daha qabarıq görünür. Çünki indi Rusiyanın əsas iqtisadi partnyorları Cənubdadır.

- Sizcə, Zəngəzur dəhlizi ilə bağlı məsələlərdəki aktivlik bununla bağlıdır?

- Sözsüz ki, Zəngəzur dəhlizinin də indiki şəraitdə gündəmdə saxlanılması bu məqsəddən qaynaqlanır. Bu baxımdan da Moskvada baş nazirlərin müavinləri səviyyəsində (Azərbaycan-Rusiya-Ermənistan) üçtərəfli görüşün keçirilməsi və istisna edilmir ki, burada hansısa qərarların qəbuluna da şərait yarada bilər. Çünki Zəngəzur dəhlizi ilə bağlı iki paralel həll olunmalı məsələ var. Bu ilk növbədə texniki məsələdir. Çünki burada böyük bərpa-quruculuq işlərinin icrası vacibdir. Bununla iki tərəf məşğul olacaq. Bunu Azərbaycanla Ermənistan həyata keçirəcək. Rusiya burada maliyyə məsələləri istiqamətində Ermənitana yardım edəcək.

- Dəhlizin açılması fonunda onun hansı mexanizmlər və şərtlər daxilində işləməsi mümkün olacaq?

- Bu mövzu hələ də açıq qalır. İlk növbədə yol işlək hala gəlməlidir. Daha sonra onun işləməsi ilə bağlı qaydalara baxmaq olar. Burada da fikirlər, mövqelər fərqlidir. Azərbaycanın mövqeyi dəhlizlə bağlıdır. Çünki biz məhz bu prinsip əsasında keçidin açılmasında maraqlıyıq. Ermənistan isə burada yol xətti prinsipi ilə bunun işləməsinə çalışır. Burada həmçinin Ermənistanın bu dəhliz mövzusunda ərazi bütövlüyü ilə bağlı da fikirləri var. Ona gör də, hazırda bu məsələlər üzərində ciddi danışıqlar, müzakirələr aparılır.

- Ötən həftəsonu Azərbaycan Qarabağdakı qondarma rejimin qalıqlarına açıq mesaj verdi. Sizcə, Xankəndinə göndərilən ekoloq-mütəxəssislərin ərazinin əsl sahibinin kim olduğunu hələ də dərk etmək istəməyənlər üçün növbəti bir xatırlatmaya ehtiyac qalacaqmı?

- Burada Azərbaycanın özünəməxsus toponimlərlə bağlı qaldırdığı və digər mövzuların gündəmə gəlməsi əslində bu məsələlər ətrafında gərginliyin olmasına işarədir. Azərbaycanın indi tələbi odur ki, sülhməramlıların vəzifəsi və iş üslübü dəyişsin. Burada təhlükəsizliklə bağlı məsələ tam aydındır. Amma dövlət qurumlarının funksiyasını rus sülhməramlılarının aparmaq ixtiyarı yoxdur. Sərhəd, gömrük, bank sistemi işıq, qaz, su və digər kommunal məsələləri rus sülhməramlıları həll edə bilməz. Ümumiyyətlə beynəlxalq təcrübədə bu məsələ mövcud deyil. Ona görə də, ərazidə Azərbaycanın tələbi ilə özünün dövlət strukturları yerləşmələri və onlar öz işlərini icra etməlidir. Orada misal olaraq Azərsuyun işçisi hansısa işləri görməli və onu Azərbaycanın su şəbəkəsi ilə birləşdirməlidir. Azərbaycan da tələb edir ki, sülhməramlıları bu işlərin icrası zamanı təhlükəsizliyi təmin etməlidir. Ermənilər bu gün Qarabağda hansısa əkin-biçin işlərini görən zaman rus sülhməramlıları gedib onların yanında post qururdu. Azərbaycan da eyni analogiyanı tələb edir. Rus sülhməramlıları burada çox qalmaq istəyirsə, orada Azərbaycanın da məqsədlərinə xidmət edən işlər görməlidir.

- Azərbaycan və Rusiya xarici işlər nazirlərinin bir neçə gün öncəki görüşündə sülhlə bağlı mühüm aspektlər önə çəkildi. Azərbaycanla Ermənistan arasında 1991-ci il Almatı Bəyannaməsi əsasında sülhün imzalanmasının mümkünlüyü vurğulandı. Burada hansı prinsiplərdən bəhs edilir?

- 1991-ci ildə imzalanmış Almatı razılaşması və BMT Nizamnaməsinə istindalar müvəqqəti xarakter daşıyır. Azərbaycan tərəfi isə buna bir dövr üçün getməli olur. Çünki erməni ictimaiyyəti bu mövzuya öyrəşməlidir. Burada əslində bir-birinin qarşısında götürülən öhdəliklər öz əksini tapmalıdır. Bu beynəlxalq praktikada mövcuddur. Ermənistanın burada götürdüyü öhdəliklər daha çox önəmlidir. Eyni zamanda bu Nikol Paşinyan üçün də bir çıxış yoludur. Çünki o deyə bilər ki, təzə bir sənədə imza atmayıb və 1991-ciu ildə o vaxtkı Ermənistan rəhbərliyinin imzasını yeniləyib. Ona görə də, bu müvəqqəti xarakterə malik hallardır. Ümumilikdə isə sülh sazişi əslində mürəkkəb bir sənəddir. Onu tərkib hissəsində bir çox məsələlər ola bilər.

- Çərçivə sülh sazişi ilə bağlı məsələlər gündəmə gətirilir. Bir müddət öncə N.Paşinyan da buna istinad etmişdi. Bu sənədi fundamental sülh sazişindən fərqləndirən nədir?

- Burada mövzullar çoxdur. Məqsəd onları bir-birindən ayırmaqdır. Məhz çərçivə sazişində bu məsələlər öz əksini tapa bilər. Amma delimitasiya və demarkasiya məsələləri uzun illər davam edə bilər. Eyni zamanda kommunikasiyalarla bağlı məsələlər də asan həll edilən deyil. Burada dəymiş ziyanla bağlı açıq qalan məsələlər var. Çünki Azərbaycan mütləq ki, bu məsələni qaldıracaq. Ona görə də, bir sənədlə qısa müddətdə bütün bunların həlli mümkün deyil. Amma prinsiplərin sadalanması Azərbaycanın təklif etdiyi 5 bəndlik sülh paketi ilə burada yaranan məsələlərin qarşılıqlı olaraq tanınmasına qısa bir sənədlə nail olmaq mümkündür. Çərçivə sazişi məhz bu formada tərtib edilə bilər. Bu sadə beynəlxalq təcrübəyə uyğun bir sənəd qəbuludur. Əslində bu hüquqi bir baza yaradacaq ki, digər mövzular gələcəkdə bunun ətrafında öz həllini tapsın.

Mənbə: teleqraf.com