Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılır

Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılır<span class="qirmizi"></span>

Ermənistan hökuməti cümə axşamı keçirilən iclasda “Xarici kəşfiyyatın fəaliyyəti və xidməti haqqında” qanuna dəyişiklik layihəsini qəbul edib. Layihə Xarici Kəşfiyyat Xidmətinin yaradılmasını nəzərdə tutur. Qanun layihəsini təqdim edən ədliyyə nazirinin müavini Qriqor Minasyan bildirib ki, xidmət Ermənistanın baş naziri yanında xüsusi orqan kimi fəaliyyət göstərəcək. Yeni bölmə hərbi hissə sayılmayacaq, bu da onu müxtəlif sahələrdən olan mülki mütəxəssislərlə təmin etməyə imkan verəcək.

Eyni zamanda üç illik keçid dövrü müəyyən ediləcək ki, bu müddət ərzində Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti və xarici kəşfiyyat vəzifələrini yerinə yetirən digər idarələr bu funksiyaları mərhələli şəkildə yeni xidmətə keçirəcəklər.

“Bunun üçün biz əmin olmalıyıq ki, yeni qurum kifayət qədər səmərəli işləyir”, - Baş nazir Nikol Paşinyan bildirib.

Qanun layihəsi ən qısa zamanda parlamentə təqdim olunacaq.

Şahanə Rəhimli
 

Mənbə: azvision.az