ISW: “Putin Rusiyanı uzunmüddətli imperialist müharibəyə hazırlayır”

“Rusiya Prezident Vladimir Putin ölkəsini uzunmüddətli imperialist müharibəyə hazırlayır”.

Bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) Kreml rəhbərinin çərşənbə günü İnsan Hüquqları Şurasının iclasındakı son çıxışını təhlil edəndən sonra proqnoz verib.

Tədbirdə Putin bildirib ki, “xüsusi hərbi əməliyyat” (Kreml Ukraynaya qarşı müharibəni belə adlandırır) “uzun proses”dir və yeni ərazilərin alınması ilə nəticələnməlidir.

“Putin özü ilə çar I Pyotr arasında əlverişli paralellər apararaq qeyd etdi ki, Rusiya hazırda Böyük Pyotrun da uğrunda mübarizə apardığı Azov dənizinə nəzarət edir”, - deyə amerikalı ekspertlər bildiriblər.

“Rusiyanın imperiya tarixinin xatırladılması Putinin Ukraynadakı hazırkı məqsədlərini açıq şəkildə imperialist və hələ də maksimalist kimi göstərir. Putin daxili rus auditoriyasını yeni Ukrayna ərazilərini ələ keçirmək üçün lazım olan uzun, yorucu müharibəyə hazırlayır”, - xülasədə deyilir.

Bundan əlavə, amerikalı ekspertlər İran istehsalı olan “Shahed” pilotsuz təyyarələrinin son üç həftə ərzində Ukraynada ilk dəfə istifadəsinə diqqət çəkirlər. Ukrayna hərbçiləri bildiriblər ki, Rusiya ordusu çərşənbə gecəsi onlardan yenidən bir neçə şəhərə, o cümlədən Dnepr, Kiyev, Poltava, Jitomir və Zaporojye vilayətlərinə hücumlarda istifadə edib.

“Rusiya qüvvələri pilotsuz təyyarələri soyuq hava şəraitində istifadə üçün modifikasiya edib və çox güman ki, yaxın həftələrdə onlardan Ukraynanın kritik infrastrukturuna zərbələr endirmək üçün daha çox istifadə edəcəklər”, - deyə ISW ekspertləri yazırlar.

Bundan əvvəl Ukrayna hərbçiləri İran istehsalı pilotsuz təyyarələrin soyuq havada istifadə üçün əlverişli olmadığından Rusiyanın onlardan istifadəni dayandırmalı olduğunu demişdilər.

“ISW əvvəllər bildirmişdi ki, Rusiyanın dəqiq silahlarının arsenalının tükənməsi səbəbindən rusiyalı hərbçilər getdikcə daha çox İran istehsalı sistemlərə etibar etməli olurlar”, - deyə amerikalı ekspertlər bildiriblər.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Molla rejimi edamlara başladı

SONRAKI XƏBƏR

Rusiyada donuz qripi ilə bağlı vəziyyət gərginləşib