Ərdoğanın bu həmləsi planı poza bilər - AKP-də kritik müzakirə

 

Ərəb mediası 2023-cü ildə Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı diqqətçəkən iddia ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, İngiltərədə fəaliyyət göstərən “Əl-Qüds əl-Ərəbi” nəşri rəsmi mənbələrə istinadən hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müttəfiqi Millətçi Hərəkat Partiyasının (MHP) seçki tarixini irəli çəkməyə hazırlaşdığını yazıb.

AKP-yə yaxın olduğunu bildirən mənbə qəzetə bütün hazırlıqların görüldüyünü və növbədənkənar seçki ehtimalının masada olduğunu deyib. Mənbə AKP və MHP-nin koordinasiyalı şəkildə əlaqə saxladığına diqqət çəkərkən, dəqiq bir tarixin olmadığını da bildirib.

“AKP daxilində seçkinin gələn ilin aprelində keçiriləcəyi ilə bağlı danışıqlar gedir. Seçkinin Ramazandan öncə - martın əvvəlində keçirilməsi ilə bağlı müzakirə gedir, amma Prezident Ərdoğanın partiyası bu varianta isti baxmır”, - məlumatda qeyd edilib.

MHP-nin, yoxsa AKP-nin növbədənkənar seçki üçün ilk addımı atacağının hələ bilinmədiyi də diqqətə çatdırılıb. Hakim partiyanın gündəmində aprel ayının önə çıxdığı bildirilərkən, variantlar arasında mayın əvvəlinin də olduğu iddia edilib.

Nəşrin iddiasına görə, erkən seçki qərarı müxalifət blokunun planlarını və hesablamalarını poza bilər. Hələlik seçkilərlə bağlı dəqiq strategiya və ya namizədini açıqlamayan müxalifətin erkən seçki tarixi ilə bağlı çətinlik çəkə biləcəyi vurğulanıb.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Paris meri də “xor”a qoşuldu – Azərbaycana qarşı təxribat

SONRAKI XƏBƏR

Qazaxıstan tankerlərin Türkiyə boğazlarında qalması səbəbindən itki vermədiyini bildirir