Paşinyan İlham Əliyevlə harada görüşmək istəyir? – Politoloqdan AÇIQLAMA

 

Ermənistan parlamentinin rəhbəri Alen Simonyan deyib ki, Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş yerini təkcə Brüssellə məhdudlaşdırmaq olmaz. Ardınca o, əlavə edib ki, növbəti görüşün harda olacağı barədə hər hansı bir məlumat yoxdur. Bununla belə, İrəvan tək Brüssel görüş variantı ilə kifayətlənmir.

Qeyd edək ki, tərəflər arasında bu günə qədər bir çox məkanlarda görüşlər keçirilib. Bu günə qədər görüşlər Brüsseldə, Moskvada, Vaşinqtonda, hətta Tiflis də belə baş tutub.

Bu fonda növbəti görüş yeri hara ola bilər?


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dünən belə bir fikir səsləndirib ki, Moskva Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşə ev sahibliyi etmək üçün bütün lazımi yardımı göstərəcək.

Onun sözlərinə görə, görüş Yeni ildən əvvəl baş tuta bilər. Amma Moskva görüşü dəqiq deyil, Hələlik bu barədə razılıq yoxdur. Belə baxanda, Moskva da Paris kimi tərəf saxlayır. Brüssel variantı isə bildiyimiz kimi Paşinyanın Fransa prezidenti Makronun da orada iştirakını istəməsi fonunda baş tutmayıb.

Vaşinqtona gəldikdə, onun son zamanlar fəaliyyəti belə düşünməyə əsas verir ki, onların da cari ilin sonuna qədər tərəfləri görüşdürmək istiqamətində hər hansı bir real addım atmaq niyyətləri yoxdur. Digər tərəfdən, adətən ABŞ-ın başı dekabr ayında Milad Bayramına qarışır.

Belədə ola bilsin ki, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü üçün bu dəfə daha neytral məkan axtarılır. Bu mənada tərəflər arasında yeni görüşün Tiflisdə və yaxud hansısa bir beynəlxalq tədbirdə olması ehtimalı daha böyükdür. Həmin variant daha inandırıcı və mümkündür. Hətta daha əvvəl Tiflisdə Xarici İşlər nazirləri səviyyəsində görüşlər olub.

Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə tərəflərin növbəti görüşünün Tiflis şəhərində olması ehtimalının daha böyük olduğunu düşünür:

“Ermənistan parlamentinin rərbərinin sözlərindən belə çıxır ki, Bakı və İrəvan arasında növbəti görüşün Tiflisdə olması ehtimalı daha yaxındır. Bunun üçün şimala və yaxud okeanın o tayına uçmaq, qitənin o biri ucuna getmək lazım deyil. İndiki məqamda Tiflis görüşü ən münasibdir. Amma burada əsas olan kimin resepti üzrə, hansı tərəfin tövsiyyəsini nəzərə almaqla görüşmələridir.
Fikrimcə, burada ABŞ-ın tövsiyyəsi daha uyğundur. İlin sonuna qədər başqa hər hansısa bir beynəlxalq tədbirdə tərəflərin üz-üzə gələrək görüşmələri isə mümkün görünmür. Tədbir o qədər də vacib deyil. Əsas odur ki, tərəflər, ekspertlər hansısa bir nəticəyə gəlsin. Bu baş verərsə, hər iki ölkənin liderləri görüşüb hər hansı bir sənəd imzalaya bilərlər”.

Rüfət Sultan, Bizim.Media

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Avropada ilk süni ürək əməliyyatı edən türk: Adı 100 nüfuzlu qadının siyahısındadır

SONRAKI XƏBƏR

Qəbələdə dəhşətli cinayət: "Bacını fermaya gətir, yoxsa..." – Şok təfərrüat