İranın Ermənistana 600 raket hədiyyə etməsinin MƏQSƏDİ - ŞƏRH

İranın Ermənistana 600 raket hədiyyə etməsinin MƏQSƏDİ - ŞƏRH<span class="qirmizi"></span>

İranın oktyabrın sonunda Ermənistana yerli istehsal olan 600 raketin hədiyyə etməsi barədə məlumat yayılıb.

Calibre.az-ın məlumatına görə, hədiyyə edilən silahlar əsasən raketlər və müxtəlif sistemlərdən ibarət olan silah qurğularıdır.

Üzdə Azərbaycana qardaş və dost deyən, müsəlman qardaşlığından dəm vuran molla rejiminin müsəlman xalqının qanına əlini bulaşdıran ölkəyə silah ötürməsi heç vaxt birmənalı və sakit qarşılana bilməz.

Maraqlıdır, İran İslam Respublikası Ermənistanı bu qədər özünə hansı səbəblə can qardaş hesab edir?

Ednews-un sualına cavablandıran Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu qeyd edib ki, Ermənistan İranın regional siyasətində hər zaman önəmli faktor hesab edilib.

“İlk növbədə vurğulamaq istəyirəm ki, ümumiyyətlə, Sovet imperiyasının dağılmasından və post-sovet məkanında ölkələrin müstəqilliyinə qovuşmasından bəri Ermənistan İranın Cənubi Qafqaz siyasətində əhəmiyyətli faktor roluna malik olub. Biz buna Birinci Qarabağ müharibəsində, 30 il işğal müddəti ərzində, o cümlədən 44 günlük Vətən müharibəsində və bundan sonrakı dövrlərdə də şahidi olmuşuq. Tehran daima Ermənistan vasitəsi ilə regionda öz geosiyasi mövqeyini möhkəmləndirməyə çalışıb. İran, hətta Ermənistana hərbi və strateji dəstək də görsədib. Bu yaxınlarda İranın on dörd, daha sonra on üç vətəndaşının rus sülhməramlılarının nəzarəti altında olan ərazilərimizə müəmmalı səfərləri və oralarda hansı fəaliyyətlə məşğul olmaları ictimaiyyətimizdə çox ciddi suallar və narahatlıqlar doğurub. Heç bir halda özünü İslam Cümhuriyyəti hesab edən ölkənin müsəlman qonşusu ilə münasibətlərdə bu addımları advekat hesab oluna bilməz”.

Ekspert, həmçinin İran-Ermənistan münasibətlərində türk faktorunun da təsirli rol oynadığını bildirib.

“Nəzərə almaq lazımdır ki, Ermənistan məhz Azərbaycan və Türkiyə arasında yaradılmış süni dövlətdir. İran bu və ya digər formada bu faktordan öz geosiyasi məqsədləri və hədəfləri üçün siyasi alət kimi istifadə edir. Bundan başqa, İranın erməni lobbisi ilə sıx təmasları var və bu lobbidən zaman-zaman Qərbdə yahudi lobbisinə qarşı mübarizədə istifadə etməyə çalışıb”.

Sonda Zəngəzur dəhlizinə münasibət bildirən Vüqar Zifəroğlu qeyd edib ki, İran hər vasitə ilə Ermənistanı dəstəkləməklə bu layihənin həyata keçirilməsinin qarşısının alınmasına çalışacaq.

Mənbə: ednews.net