Lavrovun etirazına baxmayaraq, Paşinyan Ermənistana daha bir beynəlxalq missiyanı gətirir…

Lavrovun etirazına baxmayaraq, Paşinyan Ermənistana daha bir beynəlxalq missiyanı gətirir…<span class="qirmizi"></span>

Elşad Həsənov: “...Hətta Fransa silahlı qüvvələrinin gəlib sərhəddə durmalarına cam atırlar”

Ermənistanın Azərbaycanla sərhədə “mülki müşahidə missiyası” adı ilə avropalı zabitləri gətirməsinə Rusiyanın sərt reaksiyasına baxmayaraq, İrəvan daha bir oyuna başlayıb.

Amerika Erməniləri Assableyası ABŞ Prezidenti Co Baydenə çağırış edərək, regiona “amerikalı müşahidəçilərin göndərməsini” xahiş edib.

Amerika Erməniləri Assambleyası bunu “Azərbaycan və Türkiyənin aqressiyası və növbəti erməni genosidinin qarşısının alınması üçün” etdiklərini bildiriblər.

Ermənistanın bu planı növbəti anti-Rusiya gedişi sayıla bilərmi?

Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan həmişə özünün məkrli oyunları ilə seçilib: “Artıq Rusiyanın Ukrayna müharibəsində zəiflədiyini, onun beynəlxalq nüfuzunun itirildiyini görüb, özünə yeni güclü tərəfdaşlar axtarır ki, onlara arxalana bilsin. Artıq özlərinə Fransanın timsalında bir “bacı” da tapıblar. Dekabrın 7-də nəzərdə tutulan görüşə “bacısı” ilə birgə iştirakı tələb kimi irəli sürdü və buna görə də görüşü boykot etdi. Həm ölkədəki, həm də xaricdəki ermənilər hücuma keçərək, Rusiyanın vasitəçilik və digər rolunu azaltmaq istəyirlər. Hazırda Ermənistanda sərhəddə monitorinq etmək adı ilə fəaliyyət göstərən missiyanın sayını artırmağa çalışırlar. Hətta Fransa silahlı qüvvələrinin gəlib sərhəddə durmalarına can atırlar. ABŞ -dakı ermənilər isə Baydenə müraciət edərək, onları “qorumaq” üçün bölgəyə amerikalı müşahidəçilərin göndərməsini xahiş edirlər.

ABŞ ermənilərin əsl niyyətini bilir. Təəssüf ki, onlara dəstək verən də az deyil. Başa düşürlər ki, Ermənistan Rusiyadan tezliklə və asanlıqla ayrıla bilməz. Çünki Ermənistan iqtisadiyyatının 75 faizi Rusiyanın əlindədir. Sərhədlərini ruslar qoruyur. Ermənistanda Rusiyanın 102-ci hərbi bazası var. Bütün bunlar Ermənistanın Rusiyadan nə qədər asılı olduğunu göstərir. KTMT-nin İrəvanda keçirilən son tədbirində Paşinyan yekun sənədə imza atmadı. Bununla da KTMT-dən çıxmaq niyyətinin olduğunu bildirmiş oldu. Avropa İttifaqının xüsusi nümayəndəsi Ermənistan rəsmiləri ilə görüşüb, sülh müqaviləsinin bsğlanmasını, kommunikasiyaların açılmasının zəruriliyini vurğulayıb. Moskvada isə üçtərəfli görüş keçirildi və yeni dəmiryol xətlərinin çəkilməsi müzakirə edilib. Yəni Ermənistan nə qədər yayınmağa çalışsa da, 10 noyabr Bəyanatındakı şərtlərə əməl etməyə dəvət olunur. Ermənilərin Rusiyaya qarşı aktiv etirazına baxmayaraq, ondan asılılığı uzun müddət davam edəcək”.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşdə demişdi ki, KTMT öz müşahidəçilərini Ermənistana yollamağa hazırdır.

Rusiya XİN Avropa İttifaqını mülki missiyaya görə ittiham edib və Aİ-nin mülki missiya göndərməsini prosesə müdaxilə kimi dəyərləndirib: “Bu, Moskvanın vasitəçilik səylərinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilir. Qərb Qarabağda Rusiyaya təzyiq etmək istəyir. Biz ondan çıxış edirik ki, İrəvanla Bakının barışmasının, regionda davamlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir”.

Bu biri tərəfdən də Lavrov Aİ-yə alternativ olaraq KTMT-nin özünün də müşahidə missiyasının göndərməsi ideyasını ortaya gətirib. Bu, bir növ, Avropa İttifaqının monitorinq missiyası ilə bağlı atdığı addımın alternativ cavabıdı.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com