Qarabağda Azərbaycanın istədiyi proseslərə start verildi...

Qarabağda Azərbaycanın istədiyi proseslərə start verildi...<span class="qirmizi"></span>

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrupun Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlərinin aparılması üzrə danışıqların ikinci mərhələsini aparmasından sonra həm Ermənistanda, həm də Qarabağda qalan ermənilər arasında ciddi narahatlıq müşahidə edilməkdədir.

Qeyd edək ki, müzakirələr Rusiya sülhməramlı kontingentinin yerləşdiyi, Xankəndidən təxminən 7 kilometr aralıda olan Xocalı qəsəbəsində komandanlıq heyəti ilə Azərbaycan nümayəndələri arasında baş tutub. Bu qəbildən olan müzakirələrin davam etdirilməsi və ardınca praktiki addımların atılması nəzərdə tutulur. Elə bu da ermənilərin təşvişini artırır.

Hesab edilir ki, baş verənlər əslində Qarabağın tam şəkildə Azərbaycanın nəzarətinə qaytarılmasına xidmət edir. Ermənistanın “Qraparak” nəşri yazır ki, Azərbaycan tərəfinin nümayəndələri təbii sərvətlərin qanunsuz istismarı, onun ekoloji nəticələri ilə bağlı vəziyyəti araşdırmaq və monitorinq aparmaq üçün göndərilən mütəxəssislərdir: “Azərbaycan dekabrın 3-də Laçın dəhlizini bağlamaqla da bu məsələni gündəmə gətirib. Azərbaycanın hədəfi “Vallex” şirkətlər qrupuna daxil olan Kaşen mədən və emal zavodudur. Hələ 2021-ci ildə İlham Əliyev bildirmişdi ki, Azərbaycan Qarabağ ərazisində mədənləri işlədən şirkətlərdən təzminat tələb edəcək və məhkəməyə müraciət edəcək. İndi Bakı konkret əməliyyatlara keçib və bu həm iqtisadi, həm də siyasi çağırışdır. Çəkilmiş fotolardan görünür ki, görüşdə “Qarabağ təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan iştirak edib. Lakin indiyə qədər “Qarabağ təhlükəsizlik şurası” bu görüşlə bağlı heç bir açıqlama verməyib. Vitali Balasanyan və “komandası” artıq Rusiya sülhməramlılarının rəhbərinin təkidi ilə ictimaiyyətin başının altına “yumşaq yastıq” qoymağa çalışır. Guya Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırılmayacaq və cihazların quraşdırılması məsələsi hələlik yalnız müzakirə mövzusudur. Lakin Qarabağdakı mənbələrimiz deyir ki, onlar artıq cihazların quraşdırılması ilə bağlı razılığa gəliblər və belə qurğular yaxın vaxtlarda sülhməramlıların keçid məntəqəsində quraşdırılacaq. Azərbaycanlılar Qarabağa daxil olan avtomobillərin sərnişinlərini və baqajlarının içindəkiləri onlayn müşahidə edə biləcəklər, yəni dəhlizə nəzarət ruslarla birgə həyata keçiriləcək. Məlumatlar var ki, Rusiya sülhməramlılarının rəhbəri Volkovun Balasanyanla uzun-uzadı söhbəti olub və anti-Rusiya səs-küyü yaratmamaq üçün hələlik bu razılaşmalar faktını gizlətməyə qərar veriblər”. O da qeyd edilir ki, Azərbaycan 2025-ci ildən əvvəl Qarabağla bağlı məsələni birdəfəlik həll etməyə hazırlaşır. Bunun təsdiqi kimi erməni siyasi analitik Samvel Ohanesyan bildirir ki, yaxın günlərdə Qarabağda ciddi proseslər baş verəcək: “Kremldən gələn tapşırığa əsasən bütün silahlı ermənilər – polis, hərbçi, mühafizəçi, fərq etməz, əlində silah olan hər kəs Qarabağın rus sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərindən tam olaraq çıxarılmalıdır. Bizim əlimizdə bununla bağlı sübutlarımız var. İrəvan hakimiyyətinə yaxın mənbələrdən aldığımız məlumatlara əsasən, bir neçə gün öncə Kremldən zəng gəlib və vaxt verilib ki, bütün silahlı ermənilər Qarabağdan çıxarılmalı və yaxud tərk-silah olunmalıdır. Bu o deməkdir ki, Rusiya tam olaraq Bakının bütün istəklərini yerinə yetirir. Bizim bugünə qədər istismar etdiyimiz faydalı qazıntılar ilə də sağollaşmaq lazım olacaq. Sülhməramlıların komandanı Volkovun dedikləri kimi mini-gömrüyün yaradılacağı da buna əyani sübutdur”.

Baş verənlər artıq Qarabağda separatçı rejim daxilində ciddi çaxnaşmalara yol açıb. Məlumata görə, Azərbaycanın rus sülhməramlarının müvəqqəti nəzarətində olan ərazisində məskunlaşmış separatçı-terrorçu rejimin “təhlükəsizlik şurası”nın keçmiş “katib”i Samvel Babayan terrorçuların rəhbəri Araik Arutyunyana qarşı savaş başladıb. Belə ki, o, Qarabağda təcili “seçki” keçirilməsini tələb edib. Babayan, həmçinin, Xankəndidə insanlara yalan məlumat verildiyini, əslində, bütün bölgənin Bakının nəzarətinə keçməyə hazırlandığını bildirib. Diqqət çəkən məsələ isə Babayanın belə açıqlama ilə Araik Arutyunyan və Ruben Vardanyanın Qarabağda olmaması fonunda çıxış etməsi olub. Qeyd edək ki, Babayan, xüsusilə Paşinyana yaxınlığı ilə seçilir.

Baş verənlərlə bağlı erməni politoloq Edvard Antinyan isə bildirir ki, Qarabağ sakinləri səssiz razılıqla Azərbaycana təhvil verilir, amma burada Ermənistan günahkar deyil: “Qarabağ məsələsi indi kənarda qalmalı, öz məsələmizi həll etməliyik, sonra Qarabağa keçməliyik. Ruben Vardanyan Qarabağın Jirinovskisidir. O, Ermənistanı Qarabağdan ayırmaq üçün hər şeyi edir”. Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri, erməni politoloq Stepan Qriqoryanın sözlərinə görə, Azərbaycan Rusiya ilə ortaq məxrəcə gəlir: “Mən Rusiyanın indi klassik vasitəçi olduğunu düşünmürəm. Rusiyanın maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşür və onlar bütün addımları əlaqələndirirlər. Son zamanlar Azərbaycanın atdığı bütün addımlar, o cümlədən Laçın dəhlizinin bağlanması cəhdləri, ekoloji tələblər Rusiya ilə razılaşdırılıb. Əgər bunlar razılaşdırılmasaydı, Rusiya sülhməramlıları müvafiq bəyanatlar verərdilər”.
O bildirib ki, Rusiyanın bu gün mövqeyi vasitəçilik mövqeyi deyil: “Vəziyyət elədir ki, bir tərəfdə Ermənistan, digər tərəfdə Azərbaycan və Rusiyadır”.

Nahid SALAYEV

Mənbə: www.baki-xeber.com