Nazirin bu əmri yeni gündəm yaratdı: Müharibə olacaq?

Nazirin bu əmri yeni gündəm yaratdı: Müharibə olacaq?

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, "N" saylı hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən növbəti təlim toplanışı başlayıb. Müdafiə Nazirliyindən verilən xəbərə görə, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının daha da artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək. Toplanışda əsas məqsəd onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.

Bu xəbər sosial şəbəkə iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər bunun Ermənistanla gözlənilən hansısa hərbi əməliyyatla bağlı həyata keçirildiyini iddia ediblər. Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, bu cür tədbirlər müntəzəm olaraq keçirilir və narahatlığa heç bir əsas yoxdur:

“Müdafiə Nazirliyinin keçirdiyi bu qəbildən olan tədbirlər, səfərbərlik ehtiyatlarının təlimlərə cəlb edilməsi proqramı əsasında baş verir. Mütəmadi olaraq ehtiyatda olan zabit kateqoriyasına aid olan hərbi qulluqçular, hərbi vəzifəlilər və gizirlər hərbi ixtisaslarına görə 1 həftəlik hərbi toplanışdan keçir. Hərbi ixtisaslarına uyğun təlimlər alaraq daha sonra öz mülki fəaliyyətlərinə davam edirlər. Sosial şəbəkələrdə bu cür müzakirələrin yayılma səbəbi onunla bağlıdır ki, 44 günlük müharibə öncəsi buna bənzər səfərbərlik həyata keçirilmişdi. Bu cür təlim-toplanışlar əslində mütəmadi olaraq həyata keçirilirdi, lakin əvvəllər insanların diqqətini cəlb etmirdi”.

Ekspert bundan sonra da bu cür təlim-toplanışların davam edəcəyini qeyd edib.

“Planlı fəaliyyət elədir ki, Müdafiə Nazirliyi bunu keçirməyə bilməz. Bundan sonra müharibə olsa da, olmasa da bu təlimlər planlı şəkildə keçirilməyə davam edəcək. Gələcəkdə ehtiyatda olan hərbi vəzifəlilərdən yararlanmaq üçün bu cür təlim-toplanışların keçirilməsi vacibdir. Bu bir rutindi və Müdafiə Nazirliyi də onu həyata keçirir. Biz bu cür təlim-toplanışların mütəmadi olacağını bilməliyik”.

Mənbə: yenisabah.az