Rusiyadan müharibə dövründə qaçanlar, ən çox Qazaxıstana üz tutublar. Rəqəmlər belə deməyə əsas verir. Rusiyanın 1,3 milyondan çox vətəndaşı məhz Orta Asiyadan olan qonşu ilə sərhədi keçib. Düzdür, hamı burada yubanmayıb. Amma təxminən 406 min rusiyalı məhz Qazaxıstana sığınıb.
Bizimyol.info xəbər verir ki, Qazaxıstanda Rusiyadan gələnlər üçün yeni problem fikirləşiblər. Qaydalar rusiyalılara bu ölkə ərazisində 90 gün qalmaq imkanı verir. Sonra bir günlük qonşu ölkələrdən birinə keçib, geri qayıtmaq mümkün idi. Buna Qazaxıstanda “vizaran” deyilir. Amma ötən ilin son günündən vəziyyət köklü şəkildə dəyişib. Rusiyalılara ciddi problem yaranıb. Bəlkə də, Qazaxıstan hökuməti bilərəkdən belə addım atıb.
Dekarbrın 31-də vizasız əcnəbilər üçün qaydaları sərtləşdirən qərar qəbul edilib. Yanvarın 27-dən onlar sadəcə xaricə getməklə ölkədə qalma müddətini bərpa edə bilməzlər. Yəni yeni 90 günlük müddət dövrəyə girməyəcək. Dəyişiklik səfərbərlikdən qaçan bir çox rusiyalıya təsir edir. Onlardan bəzisi indi son “vizaran”ı həyata keçirməyə çalışır. Yanvarın 27-dən sonra bir daha belə şans yaranmayacaq. Amma bu da onlara yalnız növbəti 90 gün ərzində Qazaxıstanda qalmağa imkan verəcək.
Orta Asiya ölkəsində ikinci əl mağazası işlədən Saşa Kamennoostrovski üçün 90 gün fevralın sonunda bitməliydi. Amma rusiyalı dəyişiklikdən sonra tələsməli olub. O, yanvarın 19-da Qırğızıstana keçib: “Bişkekə getdim və Almatıya qayıtdım. Sərhəddə vaxt itirmədim, lazımsız suallar verilmirdi. Pasportuma yeni möhür vurdular”.
Rusiyalılar “vizaran” üçün daha çox Qırğızıstan və Özbəkistanı seçirdi. Əlbəttə, Türkmənistan və Çin variantları da var. Amma bu ölkələrə viza almaq lazımdır. Rusiyaya qayıtmaq isə indi böyük riskdir.
Sərhədi aşmaq üçün ən ucuz yol avtobusla getməkdir. Almatıdan Bişkekə yollanmağın 2500 təngə (9 manat) xərci var. Daşkəndə səfər isə bundan dörd dəfə baha başa gəlir.
Rusiyalılara sərhəddən keçməkdə kömək etmək indi Qazaxıstanda məşhur yarımştat işə çevrilib. Moskvalı Vladislav ötən il sentyabrın sonunda Rusiyadan Qazaxıstana gəlib və dekabrda “vizaran” həyata keçirib. Bundan sonra o, avtomobilində sürücü kimi əlavə pul qazanmağa başlayıb: rusiyalıların Qırğızıstanla sərhədə çatmasına köməklik edib. Vladislav Almatı şəhərində yaşayır və oradan Qırğızıstanla ən yaxın sərhəd məntəqəsi olan Korday-Ak-Jola çatmaq üçün 200 kilometr qət etmək lazım gəlir. Əcnəbilər üçün qalma qaydaları sərtləşdiriləndən sonra Vladislavın xidmətlərinə tələbat kəskin şəkildə artıb.
Vladislav sərnişinləri Qırğızıstanla sərhədə gətirir, avtomobili gömrük məntəqəsinə yaxın saxlayır. Onlar sərhədi piyada keçirlər. Əlbəttə, ortada böyük risk var. Sərhədçilər gedənlərin niyə belə tez qayıtdığını soruşa bilərlər.
“Vizaran”ın ləğvindən sonra xüsusilə rusiyalılar çox əziyyət çəkəcək. İndi yaşayış hüququ əldə etmək üçün mübarizə aparmaq lazımdır. Sanki Qazaxıstanda onların gəlməsinə görə şad deyillər. Zamanla hər şey çətinləşir.