Saakaşvilinin vəkillərinin davranışı məntiqsizdir - Ədliyyə naziri

Saakaşvilinin vəkillərinin davranışı məntiqsizdir - <span class="qirmizi">Ədliyyə naziri</span>

"Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili və vəkillərinin onun ağır metallarla zəhərlənmə işinin istintaqında davranışları məntiqsizdir".

Bizimyol.info xəbər verir ki, bu barədə ədliyyə naziri Rati Breqadze bildirib.

"Bundan əvvəl "Empati Mərkəzi"nin direktoru Mariam Cişkariani bildirib ki, "Vivamedi" klinikası Almaniyada toksikoloji tədqiqat aparıb və nəticədə Saakaşvilinin qanında az miqdarda dörd metalın - civə, arsen, tallium və qurğuşun olduğunu göstərib. Cişkarianinin fikrincə, orqanizmdə müxtəlif metalların olması müəyyən pozuntudan xəbər verə bilər.

Şəxsən mən toksikoloji ekspertizanın keçirilməsini təklif etdim, onlar bundan imtina etdilər. Bildiyiniz kimi, Xüsusi İstintaq Xidməti araşdırma aparır, Saakaşvilinin toksikoloji ekspertizadan keçməsi nəzərdə tutulurdu, baxmayaraq ki, o, özü imtina edib. Əgər insan zəhərlənibsə və onun müdafiəsi bunu iddia edirsə, bu halda, xəstənin bədənindən nümunə götürməkdən imtina etmək, tamamilə anlaşılmazdır və açığı, biz imtina cavabı alacağımızı gözləmirdik, çünki bu məntiqsizdir”,- Breqadze bildirib.

Eyni zamanda, İstintaq Xidmətinin rəhbəri Koka Katsitadze qeyd edib ki, İstintaq Xidməti eks-prezidentin mümkün zəhərlənməsi ilə bağlı işi araşdırsa da, onun nə nümunə götürmək, nə də Saakaşvilidən vəziyyət barədə məlumat almaq imkanı yoxdur.

“Biz onlara nümunə götürməyi təklif etdik, lakin razı olmadılar.Əvvəlcə onların mövqeyi belə idi ki, bu müayinə dırnaq və saç nümunəsi əsasında aparılsa, razılaşacaqlar. Biz "Samxarauli" Ekspertiza Bürosu ilə müvafiq məsləhətləşmələr keçirdik, belə bir müayinənin dırnaq və saç üzərində aparılmasının mümkün olmasına əmin olduq. Biz nümunə götürməyi təklif etdik, lakin yenə də rədd edildi”, - Katsitadze bildirib.

Eyni zamanda o, Saakaşvili və vəkillərinin istintaqla əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirib. “Biz cənab Saakaşvilinin özünü sorğuda iştirak etməyə dəvət etdik, amma vəkilindən cavab aldıq ki, onlar ilk növbədə psixiatr və psixoloqlarla məsləhətləşmək istəyirlər”, - deyə Katsitadze bildirib.

Bundan əvvəl Xüsusi Penitensiar Xidmətin tibb şöbəsinin rəhbəri Malxaz Urtmelidze bildirib ki, Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin zəhərlənməsi ilə bağlı söhbətlər absurddur.

Bir aydan çoxdur ki, Tbilisi şəhər məhkəməsi səhhətinə görə Saakaşvilinin cəzasının azad edilməsi və ya təxirə salınması məsələsinə baxır. Eks-prezident görüşdə yalnız bir dəfə, sonra isə videobağlantı vasitəsilə iştirak edib, çünki həkimlər onun məhkəməyə aparılmasını tövsiyə etmir. Mayın 12-dən o, "Vivamedi" mülki klinikasındadır.

Saakaşvilinin vəkilləri məhkəmədə sübut etməyə çalışırlar ki, Saakaşvili ağır xəstədir və indiki vəziyyətdə müalicəsi nəticə vermir. Ona görə də Saakaşviliyə xaricə, belə xəstələrin müalicəsi ilə məşğul olan klinikalardan birinə getməyə imkan yaratmaq lazımdır.

Mənbə: www.bizimyol.info