Bu ölkə Azərbaycanla Ermənistan arasında vasitəçi olacaq? – Bakı üçün yeni “fürsət pəncərəsi”

Bu ölkə Azərbaycanla Ermənistan arasında vasitəçi olacaq? – Bakı üçün yeni “fürsət pəncərəsi”<span class="qirmizi"></span>

Yanvarın 27-28-də Misir prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycanda səfərdə olacaq. Bu barədə Misirin Bakıdakı səfirliyindən bildiriblər ( Turan). Səfər proqramı hələlik açıqlanmasa da, Misir mediası Hindistana səfərlə başlamış turne zamanı Sisinin Azərbaycanı, ardınca da Ermənistanı ziyarət edəcəyini xəbər verir.

Səfərin məqsədləri haqda müəyyən ehtimallar da dərc olunur. Əl-Dustur (dostor.org) Azərbaycan və Ermənistan arasında vasitəçiliyin müzakirə oluna biləcəyinə diqqət çəkir. Qahirə Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Tariq Fəhminin fikrincə, Misir iki ölkə arasında vasitəçi rolunu oynaya bilər: “Sisinin bu regiona səfəri Mərkəzi Asiya respublikalarında birbaşa iştirakdan xəbər verir. Ermənistana dəvət Misirin iki ölkə arasındakı böhranla bağlı neytral mövqeyinə hörmətin ifadəsidir”.

Ermənistan Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Agasi Marqaryana istinadən məlumat verilir ki, Sisinin səfəri Mərkəzi Asiyaya turnesi çərçivəsində və İrəvanın dəvəti üzrə baş tutur. Səfər zamanı Sisi erməni həmkarı Vaaqn Xaçaturyanla görüşəcək. “Al-ayyam-əl-masriyyə” (alayaameg) isə xəbər verir ki, Xaçaturyanın 2022-ci ildə Misirə səfərindən sonra səfir Hraçya Poladyan cavab ziyarəti üçün hazırlıqla məşğul olurmuş. Bildirilir ki, Ermənistan və Azərbaycan arasında münaqişənin başlanğıcından Misir hər iki ölkə ilə möhkəm münasibətləri nəzərə alaraq, neytral mövqe tutub. 2020-ci ilin sentyabrında isə Ermənistanın o zamankı prezidenti Armen Sarkisyan misirli həmkarını “qan tökülməsini tez bir zamanda dayandırmaq üçün” öz əlaqələrindən və nüfuzundan istifadə etməyə çağırmışdı.

Anons edilən səfər səhnəyə yeni vasitəçi çıxmasına səbəb ola bilərmi? Bu təşəbbüs bizə nə verərdi?

Misir- Azərbaycan münasibətləri, ümumən pozitivdir. Tərəflər daim xoş diplomatik jestlər edir, ikitərəfli münasibətlərdə gərginlik yarada biləcək məqamlar ya olmayıb, ya da aşıla bilən mövzular olub.

Amma 2013-cü ildən sonra strateji müttəfiqimiz Türkiyə ilə Misir arasında münasibətlər arzulounmaz məcraya daxil olub. “Ərəb baharı” dalğasında hakimiyyətə gəlmiş Məhəmməd Mursi hökumətinin devrilməsindən sonra yeni iqtidarın Türkiyə tərəfindən hərbi xunta kimi qəbul edilməsi, Liviyadakı vətəndaş müharibəsi iştirakçılarına fərqli münasibət, Aralıq dənizinin qaz ehtiyatları uğrunda mübarizədə fərqli maraqlar ikitərəfli əlaqələrin xarakterinə təsir edir. Təəssüf ki, Qahirə-Ankara münasibətlərindəki gərginliklər Qahirə- Bakı münasibətlərinə də təsirsiz ötüşmür. 2020-c il Tovuz hadisələrindən sonra, eləcə də II Qarabağ savaşı gedişində bəzən Misir mediası da dezinformasiyaların tirajlanmasında rol alırdı. Hərçənd ümumi neytrallığı gözləmək meyilləri daha güclü idi.

Son zamanlar Misir və Türkiyə arasında münasibətlərin qaydaya düşməsi üçün müəyyən canlanma var. Hər iki ölkənin XİN rəsmiləri 2021-ci il mayında Qahirədə, sentyabr ayındasa Ankarada kəşfiyyat xarakterli görüşlər keçirib. 2022-ci ilin iyun ayında Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nebati İslam İnkişaf Bankının illik iclasında iştirak etmək üçün Qahirəyə getməsi son 9 ildə Türkiyədən Misirə nazir səviyyəsində ilk səfəri idi. Ötən ilin son aylarında isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin paytaxtı Dohada keçirilən Dünya Çempionatının açılışında Sisiylə salamlaşaraq onun əlini sıxması iki ölkə arasındakı münasibətlərin yaxşılaşması üçün ciddi mesaj kimi qiymətləndirilmişdi. Ərdoğan demişdi ki, türk və Misir xalqlarının keçmişdəki birliyi çox mühümdür, bu birlik yenidən başlamalıdır (BBC).

Misirdə Azərbaycan (Şimali Azərbaycan) diasporu azsaylı olsa da, fəaldır. Hərçənd, məsələn, bir Nellinin (80-90-cı illərdə tanınmış erməni əsilli misirli rəqqasə) ictimai rəyə edə biləcəyi təsir gücünə belə malik deyil. Misirdə erməni diasporu ölkənin ilk baş naziri, erməni əsilli siyasətçi Nubar Paşanın zamanından fəaldır.

Bu ölkədə səfir kimi çalışan azərbaycanlı diplomatlar da peşakarlılqları ilə fərqləniblər. Amma Misirin xarici siyasət idarəsində ölkə əhalisinin 10 faizindən çoxunu təşkil edən qibti (kopt) icmasının müəyyən ağırlığı var. Ənənəvi Şərq xristianlığına mənsub digər icmalar kimi qibtilər də qriqorian ermənilərə isti münasibət bəsləyirlər. Bu, Qarabağ münaqişəsinin ilk illərində Misirin xarici işlər naziri, sonra BMT baş katibi olmuş Butros Qalinin zamanında da beləydi, bu gün də. II Qarabağ savaşı günlərində və sonra qibtilərin “Maat” fondu ardıcıl olaraq anti-Azərbaycan bəyanatlarla çıxış edirdi. Fondun rəhbəri Ayman Aqil bəyanatında iddia etmişdi ki, “Azərbaycan Dağlıq Qarabağ müharibəsi bitdikdən sonra Türkiyənin dəstəyi ilə erməni əsirlərini hələ də həbsdə saxlayaraq insan haqlarını və öhdəliklərini pozur”.

Münasibətlərə, vasitəçilik təşəbbüsünə təsir edəcək daha bir amil. Sisinin turnesinin Hindistandan başlaması həm də o deməkdir ki, yalnız iki ölkə arasındakı məsələlərlə bağlı deyil, bölgəyə münasibətdə uzlaşma nöqtələri axtarılmasına, ümumi yanaşmalar müəyyən edilməsinə çalışılacaq. Misir mediası Dehli ziyarətini “Şərqə qayıdış” kimi təqdim edir. Hindistan müstəqillik əldə etdiyi ilk dövrlərdə ölkələrarası münasibətlərin yüksələn xətlə inkişaf etdiyi, Camal Əbdül Nasir (Misirin ilk prezidenti) və Cəvahirləl Nehru (Hindistanın ilk baş naziri) arasında şəxsi rəğbətin bu münasibətlərə müsbət dinamika verdiyi qeyd olunur. Sonradan 1970-cı illərdə Ənvər Sadatın “dünya siyasətinin 99 faizi ABŞ-ın əlindədir, ona görə də Vaşinqtonla əlaqələr mühümdür” düşüncəsi ilə birmənalı qərbçi-amerikançı siyasət yürüdərək Şərqdən imtina etməsi yada salınır. 2014-cü ildən isə Sisi hökuməti dünya gücləri arasında balans siyasəti yürütməyə çalışır. Misirli analitiklər hazırkı dünya böhranını yaxın gələcəkdə geosiyasi balansın dəyişməsinin ilkin əlamətləri hesab edirlər. Qeyd olunur ki, Hindistan hazırda dünyanın 5-ci böyük iqtisadiyyatıdır və yeni dünya nizamında xüsusi rola malik ola bilər. Səfər zamanı Hindistanı Süveyş kanalından daha çox istifadəyə təşviq etmək, həm də Hindistanın iqtisadi sıçrayışına səbəb olan texniki nailiyyətlərindən və təhsilindən istifadə imkanlarının araşdırılması nəzərdə tutulurdu.

Hindistanın bölgəyə münasibəti necədir?

Hindistan Cənubi Qafqazda Türkiyənin mövqeyinin güclənməsindən narahatdır. Çünki Ankaranın birmənalı olaraq Pakistanı dəstəkləməsi, sonuncunun isə Cənub–Şimal yükdaşımalarında iştirakı Hindistanın marağında deyil. Hərçənd yükdaşımalar mübarizəsində Hindistanın Çabahar (İran) seçimini sonda Qvadara (Pakistan) dəyişməsi haqda da məlumatlar gəlməkdədir.

Hindistan Azərbaycanın Pakistanla hərbi təlimlərinə cavab olaraq Ermənistanla təlim keçirmək istəyir. İranlı ekspertlərə görə, İrəvanla hərbi, diplomatik əməkdaşlığı gücləndirən Dehli Rusiyanın yaratdığı boşluğu doldurmağa çalışır (tahlilbazaar). Ermənistanın Hindistandan silah almağa başlaması da bəllidir. Lakin hind hərbi ekspertlərinin fikrincə, Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək üçün təkcə bu silahlar kifayət deyil: nə “Pinaka”, nə də tank əleyhinə sistemlər Bakının arsenalında olan Türkiyə və ya İsrail pilotsuz təyyarələri ilə döyüşmək iqtidarında deyil, çünki Ermənistanda lazımi hava hücumundan müdafiə mexanizmləri də yoxdur. Ermənistanın “Brahmos” və “Akaş” raketlərinə də ehtiyacı var. Bir sözlə, Ermənistanı silahlandırmaq Hindistanın silah satışı bazarında özünü Türkiyə və İsrailə rəqib kimi təqdim etmək istəyilə bağlıdır.

Beləliklə, Sisinin gəlişi bir dost ölkənin prezidentinin səfəri olsa da, ümumi mənzərəni nəzərə almaq lazımdır. Bu səfərə məhz Ermənistan tərəfinin bir ildən çox hazırlaşması diqqətdən qaça bilməz. Təşəbbüs Ermənistandan, həm də indi daha çox Qərbin, Avropanın vasitəçilyinə üstünlük verən baş nazirdən deyil, prezidentdən gəlir. Həm də Qarabağ vasitəçiliyi haqda müzakirələr, Şərqə qayıdış pafosu müəyyən qədər Misirin daxili auditoriyasına yönəlikdir, Sisi hökumətinin effektiv xarici siyasətini təbliğ məqsədi daşıyır. Hər halda Aralıq dənizi yataqları uğurunda mübarizədə Fransa, Liviyada Rusiya ilə əməkdaşlıq edən, Cənubi Qafqaz turnesini Hindistanla uzlaşdırılmış kimi təqdim edən tərəfin yeni vasitəçi rolda obyektivliyi mübahisəli olardı.

Bununla yanaşı, Misirin İbrahim sövfələşmələrindən əvvəl də İsraillə yaxın əlaqələri, Aralıq dənizi qaz ehtiyatları ilə bağlı Türkiyə ilə mövqelərinin uzlaşdırlması təşəbbüsləri nəzərə alınsa, Sisinin Bakıya səfəri Azərbaycan üçün yeni fürsət pəncərəsi də ola bilər. Sirr deyil ki, istər Rusiya və Türkiyə, istər İsrail və Türkiyə arasında münasibətlər gərginləşəndə Azərbaycan belə bir rol oynayıb. Nəhayət, Hindistan yüklərinin daha çox Süveyşə cəlb olunması da bu gün üçün Azərbaycanın marağındadır. Çünki Tehran Şimal-Cənub yükdaşımalarının Ermənistandan keçən bir marşrut seçməsi üçün Hindistanı davamlı şəklidə təşviq etməyə çalışır, Süveyş kanalına marağın artması isə Hindistanı bu təşviqlərdən yayındırardı. Hərçənd gələcəkdə Misirdən və Azərbaycandan keçən və keçəcək yükdaşıma marşrutlarının müəyyən qədər rəqabətdə olacağının ilkin proqnozları da indidən verilir. Zəngəzur dəhlizi ilə bağlı müzakirələr belə dünya mediasına Süveyş kanalından istifadənin müvəqqəti dayandırılması haqda xəbərlərlə eyni vaxta təsadüf etmişdi.

Cəmaləddin Quliyev

 

Mənbə: publika.az