Ərəb ölkələri Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını pisləyən bəyanatlar yayıblar

Ərəb ölkələri Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını pisləyən bəyanatlar yayıblar<span class="qirmizi"></span>

 

Ərəb ölkələri Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını pisləyən bəyanatlar yayıblar.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin bəyanatında ölümlə nəticələnən terror aktı qətiyyətlə pislənilib. “Biz, eyni zamanda, diplomatik missiyanın təhlükəsizliyinin qorunmasına dair beynəlxalq normalarla müəyyən edilmiş öhdəliyin yerinə yetirilməsinin zəruriliyini qeyd edirik. BƏƏ, həmçinin kriminal aktın bütün təzahürlərini, mənəvi, humanist dəyərlərə zidd olaraq təhlükəsizlik və sabitliyə xələl gətirmək məqsədi daşıyan terror və zorakılığı qətiyyətlə pisləyir. Nazirlik Azərbaycan Respublikası hökumətinə və xalqına, bu ağır cinayətin qurbanının ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayır”, - deyə bəyanatda vurğulanıb.

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin terror aktı ilə bağlı yaydığı bəyanatda isə qeyd olunub: “Xarici İşlər Nazirliyi İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə qarşı törədilmiş və təhlükəsizlik xidmətinin əməkdaşlarından birinin ölümü və digərlərinin yaralanması ilə nəticələnən silahlı hücumu kəskin şəkildə pisləyir.

Krallıq Azərbaycan və onun dost xalqı ilə həmrəy olduğunu vurğulayır, diplomatik nümayəndəliklərə hörmətlə yanaşmağa və günahkarların cəzalandırılmasına çağırır”.

Misirin Xarici İşlər Nazirliyi də Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktını pisləyib. Nazirliyin sözçüsü Əhməd Əbu Zeyd rəsmi Qahirənin ölkəmizlə tam həmrəyliyini ifadə edib. XİN rəsmisi tvitter hesabında yazıb: “Misir Azərbaycan hökumətinə, xalqına bu faciəli hadisə ilə bağlı dərin hüznlə başsağlığı verir”.

Ərəb Elektron Media və Davamlı İnkişaf Birliyinin sədri Feysəl Xəlifə Əl-Səvvağ da Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını pisləyən bəyanat yayıb, diplomatik missiyanın təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini xatırladıb. O, həlak olan azərbaycanlının ailəsinə dərin hüznlə başsağlığı verib.

Mənbə: azertag.az