İslam Əməkdaşlıq Gənclər Forumu Azərbaycan xalqına başsağlığı verib, terror aktını pisləyib

İslam Əməkdaşlıq Gənclər Forumu Azərbaycan xalqına başsağlığı verib, terror aktını pisləyib<span class="qirmizi"></span>

 

Bu gün İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) İdarə Heyətinin (İH) iclasına qatılan İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF ARM-nin) icraçı direktoru Vüsal Qurbanov İdarə Heyəti üzvlərinə Azərbaycanın İranda yerləşən səfirliyində baş vermiş terror hadisəsi haqqında məlumat verib.

AZƏRTAC xəbər verir ki, V.Qurbanov çıxışında təmsil etdiyi Mərkəz adından İƏT ailəsinin fəal üzvü olan Azərbaycan xalqına və terror zamanı şəhid olan səfirlik əməkdaşının yaxınlarına başsağlığı verib, eyni zamanda, İƏT üzv-ölkələrində ölüm faciələri ilə nəticələnən bu tipli hadisələrin baş verməsindən ciddi narahatlığını və diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini bildirib.

İƏT məkanında əsas məqsədin müsəlman ölkələri arasında etimad, dostluq və həmrəylik şəraiti yaratmağın, eləcə də gərginliyin aradan qaldırılması olduğunu qeyd edən V.Qurbanov qısa zamanda İran hökumət qurumları tərəfindən bu terror aktının təşkilatçı və sifarişçilərinin tapılmasına və məsuliyyətə cəlb olunacağına ümid etdiyini bildirib.

İƏGF İdarə Heyətinin üzvləri Azərbaycan hökumətinə və xalqına başsağlığı verərək, yaralıların tezliklə sağalması üçün dualar edib, o cümlədən səfirliyə qarşı hücumu pisləyiblər.

Mənbə: azertag.az